Məhkəmə qərarları › İş №8(103)-126/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-126/2022

26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-126/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəmənin 8(011)-133/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərardadından Borclu Bahadır oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov Borclu Bahadır oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 19.10.2020-ci il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-201/2020-032 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Bahadır oğlundan 14.03.2012-ci il təvəllüdlü X2 və 25.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 22.06.2020-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədi üzrə borc 251278,52 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəmənin 8(011)-133/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu Bahadır oğlu şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəmənin 8(011)-133/2022 saylı, 01 aprel 2022-ci il tarixli qərardadı ilə Borclu Bahadır oğlunun şikayəti təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə; Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə hesab etmişdir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, borclunun könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi yolverilməzdir. Çünki, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, icra sənədinin icra etmək vəzifəsini də unutmamalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Borclu Bahadır oğlu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz. Çünki, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Çünki, icra sənədinin tam icra olunması şikayətə əlavə edilmiş həmin sənədlərlə təsdiq olunmur. Lakin icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu Bahadır oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəmənin 8(011)-133/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar