Məhkəmə qərarları › İş №8(103)-128/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-128/2025

08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-128/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-118/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşma çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləğini müvafiq indeksasiyası həyata keçirərək 246 manat sabit pul məbləğinin cavabdeh Borclu tutularaq, X6 ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə 2007-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-435/2017 saylı qətnaməsilə nikahları pozulmuşdur. Həmin vaxtdan başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün X4 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət etmişdir. Hal-hazırda qızı 16 yaşındadır. Məktəblidir. Məktəb geyimləri və dərs ləvazimatlarının alınması çox maddi vəsait sərf olunur. Gününün çox hissəsi işdə keçdiyinə görə uşağın təhsilinə vaxt ayıra bilmir. Bunun üçün repetitor köməyindən istifadə olunur. Qeyd etmək istəyir ki, cavabdeh övladı ilə elə ilk gündən ümumiyyətlə maraqlanmamışdır. Hətta məhkəmə qətnaməsilə qət edilən aliment belə gecikməklərlə ödənilir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə onun (ərizəçinin) üzərinə düşür. Uşağın təlim-tərbiyəsi və sağlamlığı ilə məşgül olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək dövlət idarəsində sıravi əməkdaş kimi tək qadın olaraq ona çox çətindir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-118/2025 nömrəli qərardadı ilə ərizənin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-435/2017 saylı, 26 yanvar 2017- ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X6 ödənilməli olan alimentin məbləğinin 05 fevral 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,29 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qərar qəbul edərkən cavabdehin qazancının minimum əmək haqqı olduğunu və onun nə ilə dolanacağını nəzərə almağı unutmuşdur. Qeyd edir ki, minimum əmək haqqı ilə dolanır, ancaq alimenti 400 x 1.29= 516 manat ödəyirəm. Möhtərəm Prezident cənab İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Göründüyü kimi ödədiyi aliment 516 manat təşkil edir. Aşpaz köməkçisi işləyir və əmək haqqı 425 manat təşkil edir, 60 manat tutulmalar çıxıldıqdan sonra isə 365 manat pul alır. Göründüyü kimi artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,29 misli həddində indeksasiya ilə tələbkara aliment ödənilməsi qeyri-mümkündür. Çünki başqa gəlirləri yoxdur, ancaq əmək haqqı ilə dolanır. Əmək haqqı ilə bağlı məhkəmə hətta elektron məhkəmə sistemi vasitəsilə yoxlayaraq nə qədər əmək haqqı aldığından xəbərdardır. Bildirir ki, aliment ödəməkdən yayınmır, sadəcə maddi imkanı buna heç çür imkan vermir. Tələbkar özü də işləyir və əlavə gəlirləri var. Odur ki, hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən borcluya münasibətdə tətbiq edilən ağırlaşma halı qanunilik baxımından ədalətli deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-118/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya qeyd edir ki, məhkəmə ailə qanunvericiliyinin tələblərini rəhbər tutaraq, müvəqqəti təminat tədbiri məhkəmənin icraatında olan mülki iş üzrə iddia tələbi ilə birbaşa bağlı olduğundan, uşaqların üstün mənafeyini, iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq və yetkinlik yaşına çatmayan uşağın valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanmasını əsas götürərək haqlı olaraq hesab etmişdir ki, , 2017-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 116 manat müəyyən edilmişdir. 150 manat sabit pul məbləğində aliment 2017-ci il üçün minimum əmək haqqının 1,29 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının olmaması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə (hətta heç yerdə işləməsəydi belə) onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Eyni zamanda borcluya izah edilməlidir ki, ərizədə qeyd edilən əsaslarla indeksasiya ilə müəyyən edilmiş alimentin azaldılması ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar