Məhkəmə qərarları › İş №8(103)-132/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-132/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-132/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-150/2024 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 2024-cü ilin sentyabr ayının sonunadək möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Tələbkar X4 qarşı "mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin olunması, cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, mənzil 1082 saylı mənzildən çıxarılması qət edilmişdir. Qətnamə yuxarıda instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, həmin qətnamə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə yönəldilmiş, icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bildirir ki, hazırda qış fəslidir, borclunun himayəsində iki uşağı vardır və başqa yaşayış yeri yoxdur. Eyni zamanda, borclu ‘‘Kristal Bakı” ASC ilə ev almaq üçün razılaşmış, razılaşmaya əsasən aralarında xx.xx.2023-cü ildə “mənzil alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ‘’Kristal Bakı” ASC Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 460-da yerləşən yaşayış kompleksində inşa olunan 21-ci bina, 9-cu mərtəbə, 41 (mərtəbə 9, mənzil 5) nömrəli 2 (iki) otaqlı mənzili tikib X1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir, "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2024-cü İl tarixli arayışdan da görünür ki, mənzil 2024-cü ilin avqust-sentyabr aylarında təhvil veriləcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 150/2024 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) ərizə təmin olunmamışdır. Həmin qərardaddan X2 (bundan sonra borclu) tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ərizəyə baxarkən hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, borclunun çıxarılması tələb olunan mənzil faktiki olaraq, onun keçmiş həyat yoldaşı Fərid Feyzullayevə məxsus olmuş, 2012-ci ildə ailə qurub həmin mənzilə köçmüş, onun valideyləri tərəfin 20.000 manat vəsait xərclənərək mənzil təmir olunuş, mebellər alınmış və uzun müddətdir həmin mənzildə yaşayır. Həmin mənzildə birgə təsərrüfat aparmış, iki övladı dünyaya gəlmişdir. 2022-ci ildə əri Fəridlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən nikahları pozulmuşdur. Daha sonra tələbkar onun mənzildən çıxmasını tələb etmiş, tələbkarın iddiası təmin olunmuş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini xahiş etmiş, lakin məhkəmə göstərilən halları nəzərə almadan, ərizənin təmin olunmaması barədə qərar qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 150/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Tələbkar tərəfindən şikayətə qarşı etiraz daxil olmuş, etirazda borclunun yaşamağa yerinin olmaması barədə dəlilinin əsassız olması, onun evin tək övladı olması, valideynlərinin evinin olması, borclunun tez-tez həmin evdə gedib qalması, qətnamənin icrasına möhlət verilməsinə etirazının olması və s. göstərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanuni qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(005)-1040/2023 saylı qətnaməsinə və ona əsasən verilmiş icra sənədinə görə, cavabdeh X5 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, 1082 nömrəli mənzildən çıxarılmalır. Borclu hazırki vəziyyətdə yaşamağa başqa yaşayış yerinin olmamasını, "xxxx" ASC ilə mənzil alqı-satqıısna dair müqavilə bağlamasını, mənzilin avqust-sentyabr aylarında ona təhvil veriləcəyini və s. göstərərək, qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İlkin olaraq qeyd edilməlidir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər ki, borclu da bu istiqamətdə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. Borclunun irəli sürdüyü dəlillər isə ("xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən ona mənzilin 2024-cü ilin avqust-sentyabr aylarında təhvil veriləcəyi və s.) özü özlüyündə qətnamənin icrasına möhlət verilməsi üçün yetərli və qanuni hallar kimi qəbul edilə bilməz. Eyni zamanda, borclu ona yeni mənzil verilənədək müvəqqəti olaraq (kirayə və s. əsaslarla) başqa yaşayış sahəsindən istifadə etmək imkanına malikdir. Bununla yanaşı, ərizəçi ərizəsində qış fəslinin olmasını, uşaqları ilə mənzildən çıxarılmasının onun üçün əlverişsiz vəziyyət yaradacağını qeyd etsə də, bu hal artıq özüözlüyündə aradan qalxmışdır. Belə ki, ərizəyə baxılmasının davam etməsi, borclunun sonradan birinci instansiya məhkəməsinin qərardadını da apellyasiya qaydasında mübahisələndirməsi ilə bağlı keçən müddətdə qətnamə icra olunmamış, dolayısı ilə qış fəsli də bitmişdir. Həmçinin qeyd edilməlidir ki, qətnamənin icrasına möhlət verilməsi zamanı yalnız borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Tələbkar isə ərizəyə etiraz edərək, borclunun mənzildən çıxmamasının onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının uzun zaman ərzində hər hansı qanuni hal mövcud olmadan icra edilməməsi son nəticədə ədalətli məhkəmə araşdırması hüququna da zidd hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Bu səbəbdən də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-150/2024 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 150/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar