Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-133/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair Tələbkar tərəfindən verilmiş ərizə üzrə (Açar sözlər: icraatın dayandırılmasının zəruriliyi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 8(006)-25/2024 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Borclundən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclundən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
2. İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək 42,9 kv.m təmirli mənzilin dəyərini təşkil edən 137280 (bir yüz otuz yeddi min iki yüz səksən) manat məbləğində pulun Borclundən alınaraq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-25/2024 saylı, 01 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi, ekspertiza keçirilməsi üçün 8(006)-25/2024 nömrəli mülki işin ekspertlərin sərəncamına verilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
4. Borclu MMC həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qətnamənin icra üsulunu dəyişdirməklə məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmənin icra üsulunun dəyişdirilməsi adı altında qərarın mahiyyətini qismən də olsa dəyişdirmək hüququ yoxdur. Hazırki halda isə hakim iddia tələbindən kənara çıxaraq iddiaçının iddia tələbi ilə tələb etmədiyini (pul tutulması), yəni 42.9 kv.m real bazar qiymətini müəyyən edilməsi üçün qərardad çıxarmaqla məhkəmə baxışının predmeti olmayan məsələnin həll edilməsinə çalışır. Bundan başqa, hakim məhkəmə baxışının predmeti olmayan məsələni həll etmək və əlavə sübut yığmaq üçün məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edir. Halbuki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43, 44-cü maddələri və 5-ci fəsli borclu tərəfindən könüllü icra edilməyən məhkəmə qətnaməsinin digər icra üsullarını müəyyən etmişdir. Qeyd edilən normalarda sadalanan üsullarla qanuni qüvvəyə minmiş bütün məhkəmə qərarlarının icrası təmin edilməli, bununla tale yüklü bir məhkəmə aktının çəkisi, hüquqi gücü və dəyəri qоrunmаlıdır. Göründüyü kimi, icra üsulunun dəyişdirilməsi dedikdə, qanunvericilik ”İcra haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulun üsullardan birinin digər daha səmərəli üsulla əvəz edilməsini nəzərdə tutur. Halbuki, indiki halda hakim əlavə pul tutulması tələbi üzrə iddia tələbini qərardadla təmin etməyə çalışır. İş üzrə ekspertiza təyin edilməsi zamanı icraatın dayandırılması məhkəmənin vəzifəsi yox, hüququdur. Hazırki halda isə məhkəmə icraatı dayandırmağı özünə vəzifə kimi qəbul etmişdir. Bu əsassızdır, icraatın dayandırılmasına zərurət yoxdur. Qanuni qüvvəsi almış məhkəmə qətnaməsi icra üsulunun dəyişdirilməsi barədə ərizə hakim tərəfindən düzgün qiymətləndirilməmiş, yeni sübut yığmaqda özünü haqlı hesab edən hakim 42.9 kv.m real bazar qiymətinin müəyyən edilməsi barədə qanunsuz qərardad qəbul etmişdir. Belə ki, qətnamənin icra üsuluun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının hüquqularını və mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi nəzərdə tutulsa da, bu, borclunun hüquqlarının pozulması və məhkəmə predmeti olmayan məsələnin həlli ilə nəticələnməməlidir. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 8(006)-25/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 8(006)-25/2024 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 97- 98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir; belə ki, ekspertizanın təyin olunması barədə qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli deyildir. Buna görə də məhkəmə borclunun ekspertiza təyin edilməsini mübahisələndirməsi ilə əlaqədar gətirdiyi dəlillərə qiymət verməməyi məqsədəmüvafiq hesab etmişdir.
8. Lakin bununla yanaşı, ekspertiza təyini zamanı icraat dayandırılmışdırsa, məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; bu zaman ekspertizanın təyin olunması səbəbinə görə məhkəmənin icraatı dayandırmaqda haqlı olub-olmadığı araşdırılır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Məhkəmə, təyin edilmiş ekspertizanın növləri baxımından tədqiqatın uzunmüddətli olacağı ehtimalı ilə yanaşı, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq hesab etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə prosessual müddətlərə qənaət etmək məqsədilə iş üzrə icraatın dayandırılmalı olduğu nəticəsinə gəlməklə, MPM-nin 255.0.5-ci maddəsinin dispozitiv imkanını qiymətləndirmiş və mülki iş üzrə icraatı dayandırmaq hüququndan istifadə etmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
11. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
12. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
13. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər.
14. 263.2-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.
15. 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir.
16. 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır.
17. 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.
18. 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
19. 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-25/2024 saylı, 01 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsindən, həmçinin ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılmasından narazı olduğunu bildirir.
21. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda məhkəmə tərəfindən qəbul edilmiş qərardadlardan şikayət verilə bilər.
22. İş üzrə ekspertiza təyin edilməsi barədə qərardadlar da şikayət verilməsinin mümkünlüyü mülki prosessual qanunvericilikdə nəzərdə tutulmayan və işin sonrakı hərəkətinə mane olmayan qərardadlara aid edilmişdir. Belə ki, Məcəllədə ekspertizanın təyin edilməsi və ya bu barədə vəsatətin rədd edilməsi qərardadlardan şikayət verilməsi hüququ işdə iştirak edən şəxslərə verilməmişdir. Bu cür qərardadlarla razı olmayanlar isə ona qarşı etirazlarını yekun məhkəmə aktından verdikləri apelyasiya şikayətinə daxil edə bilərlər.
23. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının zəruri olmasını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasını mümkün edən əsasların siyahısı Mülki-Prosessual Məcəllənin 255-ci maddəsində verilmişdir. Həmin maddəyə görə ekspertiza təyin edilməsi məhkəmənin iş üzrə icraatı dayandırmaq vəzifəsini deyil, hüququnu ehtiva edir. Bu halda iş üzrə icraatın dayandırılmasının zəruriliyi haqqında məsələ icraatın dayandırılması üçün əsas olan halın işə mahiyyəti üzrə baxılmasına mane olub-olmaması nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir.
24. Göründüyü kimi də birinci instansiya məhkəməsi xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsini labüd hesab etmiş, ekspert tədqiqatının uzunmüddətli olacağını, habelə bu məsələnin nizamlanasınadək həmin işə baxılmasının mümkün olmamasını nəzərə alaraq iş üzrə icraatın dayndırılmasını zəruri hesab etmişdir.
25. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 8(006)-25/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova