Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-133/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin icra üsulunun, qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(002)-94/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2024 saylı, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 öz övladı - 25 iyun 2021-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək, habelə Yeni il, Novruz bayramlarının ikinci günündə saat 12:00-dan saat 18:00-dək (uşağın üç yaşına çatanadək cavabdeh Rüstəmova (Kərimova) Aytən Əfrail qızının iştirakı ilə, üç yaşından sonra cavabdehin iştirakı olmadan sərbəst olaraq) görüş vaxtının müəyyən edilməsi qət edilmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2024 saylı, 23 fevral 2024-cü il tarixli qətnaməsinin icrası mərhələsində tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək, onun övladı 25 iyun 2021-ci il təvəllüdlü X9 ilə sərbəst şəkildə şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək, Yeni il, Novruz, Ramazan bayramlarında bir gün, uşağın ad günündə və öz ad günündə saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda Borclu ilə aralarında razılaşmışlar. Belə ki, 25 iyun 2021-ci il təvəllüdlü X9 ilə uşağın dörd yaşına qədər hər bazar günü saat 11:00-dan saat 19:00-dək, dörd yaşından sonra hər şənbə saat 12:00-dan bazar günü saat 12:00-dək, Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, uşağın və özünün ad günlərində saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmalarına dair qarşılıqlı razılığa gəlmişlər.
4. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 izahat verərək bildirdi ki, tərəflər arasında qarşılıqlı razılaşma ilə müəyyən edilmiş vaxtlar uşağın mənafeyinə uyğundur. Qeyd olunanlara əsasən, məsələnin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-94/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-294/2024 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilmiş; tələbkar X3 öz övladı - 25 iyun 2021-ci il təvəllüdlü X9 ilə uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 12:00-dan saat 16:00-dək ünsiyyət hüququ və qaydasının müəyyən edilməsi; ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində: uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 11:00-da, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin şənbə günü saat 12:00-da, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 12:00-da Borclu tərəfindən tələbkar X3, habelə uşağın 4 (dörd) yaşınadək hər həftənin bazar günü saat 19:00-da, uşağın 4 (dörd) yaşı tamam olduqdan sonra hər həftənin bazar günü saat 12:00-da, habelə Yeni il, Novruz, Ramazan bayramlarının ikinci günündə, tələbkarın və uşağın ad günlərində saat 16:00-da tələbkar X4 tərəfindən Borclu təhvil verilməsi qərara alınmışdır.
6. Məhkəmə gəldiyi nəticəni “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 1-ci, 2.3-cü, 2.4-cü, 3.1-ci və 12.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-94/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərardadının icrası zamanı bir sıra məqamlar aşkar edilmiş, uşaq atasının yanında olan vaxtlarda, uşağın yuxu rejiminin pozulduğu və qidalanmaya düzgün riayət edilmədiyi, yəni günorta qarğıdalı, konfet, saqqız, peçenye kimi uşaq orqanizmi üçün xeyri olmayan qidaların verildiyi müəyyən olunmuşdur.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-94/2025 saylı 26 fevral 2025-ci il tarixli Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
13. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
14. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
15. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
16. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
17. 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
18. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
19. 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
20. 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır.
21. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
22. 10.2-ci maddəsinə görə borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
23. 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
24. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin.
25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarının 3.2-ci bəndində qeyd edilir ki, bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflərə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət etmək hüququ, məhkəməyə də həmin müraciətlərə hər iki tərəfin diqqətəlayiq hallarını nəzərə almaqla, qətnamənin icrası üsulunu və qaydasını dəyişdirmək səlahiyyəti verilmişdir. Mülki Prosessual Məcəllənin 231-ci maddəsi də eyni məzmunda tərtib edilmişdir.
29. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2024 saylı, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 öz övladı - 25 iyun 2021-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək, habelə Yeni il, Novruz bayramlarının ikinci günündə saat 12:00-dan saat 18:00-dək (uşağın üç yaşına çatanadək cavabdeh Rüstəmova (Kərimova) Aytən Əfrail qızının iştirakı ilə, üç yaşından sonra cavabdehin iştirakı olmadan sərbəst olaraq) görüş vaxtının müəyyən edilməsi qət edilmişdir.
30. Göründüyü kimi məhkəmə yaranmış mübahisəni həll edərkən işin bütün hallarını, o cümlədən uşağın yaşını, səhhətini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, habelə uşaqla birlikdə yaşamayan valideynin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirmədiyini nəzərə almış, iddiaçının qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməsi üçün uşağı ilə ünsiyyətdə olma vaxtını və müddəti müəyyən etmişdir.
31. Daha sonra tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə uşağı ilə ünsiyyətinin daha dolğun təmin edilməsi üçün həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, habelə onun və uşağının doğum günlərində ünsiyyət qaydasının uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına uyğun şəkildə yenidən müəyyən edilməsini xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi işin konkret hallarını, habelə yetkinlik yaşına çatmayan 25 iyun 2021-ci il təvəllüdlü X5 mənafelərini və hər iki valideynin maraqlarını nəzərə almaqla, qərarın icrasını əlverişsiz edən halların mövcud olduğunu müəyyən etmiş, ərizəni tərəflərin razılığa gəldiyi formada təmin etmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq şikayətin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, borclunun istinad etdiyi hallar tələbkarın övladı ilə ünsiyyətinin uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi ilə bağlı deyildir və hazırkı halda tələbkarın uşağı ilə ünsiyyətinin daha dolğun şəkildə təmin edilməsi üçün qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin təmin edilməsini istisna etmir.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-94/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev