Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-134/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 8(010)-115/2022 saylı qərardadından cavabdeh Borclu2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 nömrəli qətnaməsinin nəticə hissəsində “Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Borclu1, Borclu2 və X5 çıxarılsınlar” ifadəsinin izah edilərək mənzilin cavabdehlər çıxarıldıqdan sonra ona təhvil verilməsi barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi bu günə qədər icra olunmadığından və cavabdehlər mənzildən çıxarılmadığından o, istifadə hüququnun tanındığı mənzildən öz mülahizəsinə uyğun istifadə edə bilmir. İcra məmuru qətnamənin icrasının təmin edilməməsini onunla izah edir ki, mənzilin kimə təhvil verilməli olması qətnamədə göstərilmədiyindən bununla bağlı izah verilməlidir. Onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə qanuni istifadə hüququnun olması Orconikidze (hazırkı Suraxanı) rayonu Xalq Məhkəməsinin 2-79/1988 nömrəli, 19.12.1988-ci il tarixli qətnaməsi ilə tanınmış, habelə digər məhkəmə qərarları ilə müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.11.2017-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə köçürülməsi də qət edilmişdir. Bu, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-436/2021 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 8(010)-115/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinə izah verilməsi, qətnamənin “iddiaçı X1 iddiası əsasında cavabdehlər Borclu1, Borclu2 və X3 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasının qət edilməsinin mənzilin cavabdehlər çıxarıldıqdan sonra iddiaçıya təhvil verilməsi” kimi başa düşülməli olduğunun izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Borclu2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən göndərilən bildiriş vaxtında ona bildirilmədiyi üçün məhkəmənin iclasında iştirak hüququ yaradılmamış, prosessual və maddi hüquqularının müdafiəsi təmin edilməmişdir. Çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmamışdır. Hüquqi və faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49, ev 10-da yerləşən mənzil Suraxanı rayon İcra Hakimiyyətinin balansındadır və onun mülkiyyətindədir. İşə hərtərəfli, tam və obyektiv baxılmamış və mübahisəli mənzilin əsl mülkiyyətçisi olan Suraxanı rayon İcra Hakimiyyəti məhkəməyə cəlb edilməmişdir. Digər tərəfdən, iddiaçı X2 Bakı İnzibati Məhkəməsinə onların qeydiyyatdan çıxarması tələbi ilə müraciət etmiş, 2-1(112)-52/2022 saylı iş həmin məhkəmənin icraatındadır və proses davam edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 8(010)-115/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinin izah edilməsinə dair iddiaçı X1 ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. İş materiallarından da göründüyü kimi iddiaçı X2 cavabdehlər Borclu1, Borclu2 və X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Borclu1, Borclu2 və X3 çıxarılması qət edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri əsasında işə müvafiq instansiya məhkəmələrində baxılmış və yekunda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmişdir. Göründüyü kimi iddiaçının izah verilməsini xahiş etdiyi qətnamədə iddia tələbi mənzildən çıxarılmadan ibarət olmuş və mübahisəli mənzilin cavabdehlər çıxarıldıqdan sonra iddiaçıya təhvil verilməsi barədə tələbi olmamışdır. Yuxarıda istinad edilən prosessual hüquq normalarının mənasından isə göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İzah qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Həmçinin, qanunvericilik məhkəməyə öz aktının məzmununun dəyişdirilməsini və ya məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda izah edilməsi tələb edilən qətnamə aydın və anlaşılandır. Hazırkı ərizə ilə izah verilməsi xahiş edilən hallar isə qətnamənin müzakirə predmetindən kənar olmaqla yanaşı mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi barədə iddiaçının tələbi olmamışdır. Halbuki prosessual qanunvericiliyin mənasına görə məhkəmə aktına (icra sənədinə) məhkəmə baxışının predmeti hədlərində izah verilə bilər. Hazırda isə qətnamənin izah edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən istinad edilən prosessual normaların tələbləri baxımından işin fatiki hallarına düzgün qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməklə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinin izah edilməsinə dair iddiaçı X1 ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Borclu2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 8(010)-115/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsinin izah edilməsinə dair iddiaçı X2 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-134/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-134/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver