Məhkəmə qərarları › İş №8(103)-134/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-134/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-134/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclular Borclu,X1 və X3 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1957-ci il təvəllüdlü, Sisian rayonu, Qızıl-Şəfəq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(007)-337/2022 saylı qərardadı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməmişdir.

3. Tələbkar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)- 337/2022 saylı qərardadından şikayət və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş və buraxılmış müddətin bərpa edilməsini və qərardaddan verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(007)- 337/2022 saylı qərardadı ilə 8(007)-337/2022 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət Tələbkar münasibətdə bərpa edilmiş və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-10/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək icraat təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)- 4647/2018 saylı icra sənədi icra olunanadək, xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızıl-Şəfəq kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (Layca) oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

7. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra işi üzrə digər borclu X6 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılmış, həmçinin məhkəmə qərardadı ilə X6 və X4 polis orqanı vasitəsi ilə icra şöbəsinə məcburi gətirilmələri qərara alınmışdır. İş materiallarında olan 23-cü polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X7 vəfat etmiş, digər borclu X6 isə məcburi gətirilməsi təmin olunmuşdur. Hazırda isə icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə X5, X2 və Borclu (Layca) oğlundan müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmalı olduğundan və icra sənədi üzrə hər bir borclunun öhdəliyi ayrı-ayrılıqda göstərilmədiyindən Borclu (Layca) oğlunun icra sənədi üzrə tutulmalı olan borcun ona aid hissəsini ödəməsi və tələbkara heç bir borcunun olmaması ilə bağlı göstərdyi dəlillər əsassızdır. Belə ki, hazırda Borclu (Layca) oğlu icra sənədi üzrə tutulmalı olan borcunu ödəməkdən yayınır. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırda borclunun daha əvvəl ölkə sərhədlərini tərk etməməsi və ya ümumivətəndaş paspotunun olmaması təqdimatın təmin edilməməsi üçün əsas deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrə ödənişlər edilsə də, hazırda borclu icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, təqdimat təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, Nizami Rayon Məhkəməsinin 8(007)-40/2023 saylı, xx.xx.2023 tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı borclunun verdiyi etiraz məhkəmə tərəfindən müzakirə olunmadan, icra məmurunun vəzifə səlahiyyətlərindən borclunun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş və qorunan hüquqlarının pozulmasına yönəlmiş böhtanlardan ibarət təqdimatına hüquqi qiymət verilmədiyi üçün, prosessual qanunvericiliyin tələbləri pozulduğu və Nizami rayon məhkəməsinin 2(007)-4647/2018 saylı qətnaməsinin qərar hissəsi prosessual qanunvericiliyin tələblərinə zidd olaraq şərh edildiyi üçün məhkəməyə MPM-nin 267.1-ci maddəsinə əsasən həmin qərardaddan borclu şikayət verir. Nizami rayon məhkəməsinin 2(007)-4647/2018 saylı qətnaməsinə əsasən X2,X5 və Borclu müştərək qaydada 11000 ABŞ dolları və 5030 manat vəsait tutulub Tələbkar ödənməlidir. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilərsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Qanunvericilikdən də görünür ki, Nizami rayon məhkəməsi bu üç şəxsin birgə borclu olduqlarını müəyyən etmişdir. Məhkəməyə məlumdur ki, borclu ümumi borc məbləğinin 1/3 hissəsini, yəni 7910 manat pul vəsaitini Tələbkar ödəmişdir. Digər birgə borclulardan biri vəfat edənədək pensiya alırdı, digəri isə nəqliyyat şirkətində sürücü işləyir.Lakin icra məmuru onların pensiya və əmək haqqından borc məbləğinin tutulması üçün heç bir tədbir görməmişdir. Mülki Məcəllənin 506.2-ci maddəsinə əsasən birgə borclulardan birinin icra müddətinə əməl etməməsinin nəticələrindən qalan birgə borclular barəsində istifadə oluna bilməz. Həmin Məcəllənin 504-cü maddəsinə əsasən əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə oluna bilər. Qanunvericiliyin qeyd edilən maddələrində də müəyyən edilmişdir ki, digər borcluların icra müddətlərinə əməl etməməsindən, borcu ödəməmələrindən borcluya qarşı istifadə olunması qanunsuzdur. İcra məmurunun borclunun barəsində təqdimat verməsi və Nizami rayon məhkəməsinin bu təqdimatı təmin etməsi bu səbəbdən qanunsuzdur, maddi hüquq pozuntusudur, Mülki Məcəllənin 500.1 , 504 və 506.2-ci maddələrinin tələblərinin pozulmasıdır. Həmçinin Mülki Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər, öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Yenə həmin Məcəllənin 505-ci maddəsinə əsasən birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Göründüyü kimi qanunvericilik müəyyən etmişdir ki, kreditorun birgə borclulardan birindən icranı tələb etməsi üçün kreditor tərəfindən iddia verilməlidir, və bu iddianın təmin edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. İndiki halda isə məhkəmənin qanuni qüvvəyə minmiş belə bir qətnaməsi yoxdur. Bütün borc məbləğinin Borclu tutulması barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı halda, icra məmurunun Borclu tələb etməsi və Nizami rayon məhkəməsinin də qalan borc məbləğinin Borclu tutulmasını qeyd edərək, təqdimatı təmin etməsi kobud qanun pozuntusudur, Mülki Məcəllənin 501 və 505-ci maddələrinin tələblərinin pozulmasıdır. Hesab edilir ki, yuxarıda göstərilən qanunsuzluqlarla çıxarılmış qərardad ləğv edilməlidir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-40/2023 saylı qərardadı ilə 8(007)-40/2023 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500.1-ci maddəsində qeyd edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. (Maddə 500.2)

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 501-ci maddəsində qeyd edilir ki, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 503-cü maddəsində qeyd edilir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X8, X7 və Borclu müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.

20. Hazırda Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu hazırkı vaxtadək hər hansı ödəniş etmədiyinə, müxtəlif vaxtlarda respublika sərhədini tərk etdiyinə istinad edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.

21. Baxılan işin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin göstərişinə əsasən birinci instansiya məhkəməsi tərəfindən icra sənədi üzrə 96863/2021- 7-29-003 nömrəli icra işinin materialları təqdim edilmişdir.

22. İcra işinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)- 4647/2018 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir.

23. Hərrac Mərkəzi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Borclu məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsi qiyməti 1000 manat olmaqla qalib alıcı Tələbkar satılmışdır.

24. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-314/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4647/2018 saylı icra sənədi üzrə borclu X6 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılmışdır.

25. Borclu tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, öz payına düşən borc məbləğinin 7910 manatını Tələbkar ödəmişdir. 5910 manat poçt vasitəsi ilə, 1000 manat hərrac vasitəsi ilə, 1000 manat isə Tələbkarnın Səbail rayon icra şöbəsində ona borclu olduğu icra işi üzrə əvəzləşdirmə yolu ilə ödəmişdir.

26. Borclunun şikayətinin dəlili olaraq qeyd edir ki, borcun onun üzərinə düşən 1/3 hissəsi onun tərəfindən ödənildiyindən tələbkara borcu yoxdur, bu səbəbdən icra məmurunun təqdimatı təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sözügedən icra sənədində borcun cavabdehlərdən müştərək qaydada tutulması nəzərdə tutulmuş, hər bir borcludan ayrı-ayrılıqda nə qədər pulun tutulması qeyd edilmədiyi üçün Borclu tərəfindən borcun 1/3 hissəsinin ödənilməsi onun tərəfindən icra sənədi üzrə öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, digər borclu X6 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılmış, həmçinin məhkəmə qərardadı ilə X6 və X4 polis orqanı vasitəsi ilə icra şöbəsinə məcburi gətirilmələri qərara alınmışdır. X7 vəfat etmiş, digər borclu X6 isə məcburi gətirilməsi təmin olunmuşdur. Hazırda isə icra sənədi üzrə icra tədbirləri davam etdirilir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclunun daha əvvəl ölkə sərhədlərini tərk etməməsi və ya ümumivətəndaş pasportunun olmaması təqdimatın təmin edilməməsi üçün əsas deyil.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

30. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 231, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar