Məhkəmə qərarları › İş №8(103)-141/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-141/2021

30.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-141/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(001)-293/2019 saylı qərardadına əsasən borclu X3 mülkiyyətində olan Toyota Prado minik markalı **-UX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə icra sənədi üzrə tələb həcmində həbs qoyulmuşdur. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(001)-293/2019 saylı qərardadına əsasən Toyota Prado minik markalı **-UX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-1072/2012 saylı icra sənədinə əsasən X2 cəmi 18084,11 manat məbləğində borcun tutularaq Bank Standard KB ASC-yə ödənilməsi qərara alınmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan VAZ-2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Toyota Prado minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 8(001)-293/2019 saylı qərardadına əsasən təqdimat qismən, Toyota Prado markalı avtomobilin üzərinə həbs qoyulması hissəsində təmin edilmişdir. Sözügedən avtomobili o, X2 xx.xx.2009-cu il tarixdə 31 illik mülki etibarnamə əsasında almış, sonradan səhlənkarlığı ucbatından nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməmişdir. Avtomobil artıq uzun müddətdir ki, onun istifadəsində və sahibliyindədir. Yalnız bu yaxınlarda avtomobilin üzərində hər-hansı məhdudiyyətin olub-olmamasını aydınlaşdırarkən ona məlum olmuşdur ki, avtomobilə həbs qoyulub. Halbuki, məhkəmə təqdimata baxarkən icra işini araşdırdıqda avtomobillə bağlı etibarnamənin verilib-verilməməsini müəyyən etməklə onu maraqlarına toxunan şəxs kimi işə cəlb etməli idi. Çünki, onun məlumatı olmadan faktiki sahibliyində olan avtomobilin üzərinə həbs qoyulması əmlaka sahiblik hüquqlarını pozur. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(001)-293/2019 saylı qərardadına əsasən Toyota Prado minik markalı **-UX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(001)- 138/2021 saylı qərardadı ilə, X1nun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(001)-293/2019 saylı qərardadına əsasən Toyota Prado minik markalı **-UX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X1 şikayət verərək, qərardadın ləğv olunmasını, avtomobil üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitələri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya qeyd edir ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri 26-cı dövlət notariat kontoru tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ƏN-İİ № 776042 saylı etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 mülkiyyətində olan Toyota Prado minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2040-cı il tarixədək idarə etməyi X6 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 181.1.-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4.-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Kollegiya qeyd edir ki, Toyota Prado minik markalı **-UX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X4 etibarnaməli idarəçiliyinə verilməsi həmin əmlaka onun mülkiyyət hüquqlarının yaranması üçün əsas olmadığından, icra sənədi üzrə borclu tərəfindən icra sənədinin icrasının təmin edilməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, Ə.M.Həsənovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(001)- 138/2021 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilə bilməz. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar