Məhkəmə qərarları › İş №8(103)-141/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-141/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-141/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)-20/2022 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin 08.01.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar "xxxx" ASC-nin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxına müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2283/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və "xxxx" ASC-nin 08.01.2021 -ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar "xxxx" ASC-nin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxına müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. "xxxx" ASC bildirir ki, Tələbkar 15.05.2017-ci il tarixdən 08.01.2021 -ci il tarixədək Cəmiyyətin “SUMQAYİT” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışmışdır. Tərəflərindən 30.11.2020-ci il tarixli, AS-20/1448 saylı məktubla (yazılı məlumatla) Tələbkar qızına Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi ,arədə xəbərdarlıq edilmişdir. Belə ki, sözügedən filial üzrə 1 yanvar 2020 - 30 noyabr 2020-ci il tarixləri arasında (hər iki tarix daxil olmaqla) 480000 (dörd yüz səksən min) manat məbləğində sığorta haqqı yığılmalı olduğu halda, cəmi 165.766,62 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu isə “Sumqayıt” filialının sığorta haqlarının yığımına münasibətdə öhdəliklərini 35% yerinə yetirməsi deməkdir. Sığorta haqlarının toplanması baxımından öhdəliyini tam icra edəcəyi nəzərə alınmaqla filialın fəaliyyəti davam etdirməsi qərara alınmış və filial üzrə əmək haqları da daxil olmaqla bütün xərclərin həcmi müəyyən edilmişdir. Qeyd olunan 30.11.2020-ci tarixli, AS-20/1448 saylı məktubla “Sumqayıt” filialının 30 noyabr 2020-ci il tarixinə sığorta haqlarının yığımı üzrə öhdəliklərini 65% az olmaqla 35% yerinə yetirdiyi nəzərə alınaraq, 2020-ci ilin dekabr ayının sonuna filialın illik sığorta haqqı yığımı üzrə öhdəliklərinin ən azı 60%, yəni 312 000 manat həcmində icra etməyəcəyi təqdirdə 01.01.2021-ci il tarixdən Tələbkar Nürəddin qızının əmək haqqı filialın sığorta haqlarının yığımı üzrə öhdəliklərinin icrasına mütənasib olaraq 65% azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 250 manat məbləğində müəyyən ediləcəyi bildirilmişdir. Qeyd olunan xəbərdarlıqla bağlı Tələbkar münasibət bildirməyərək əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı razı olub-olmaması barədə cəmiyyətə rəsmi qaydada etiraz etməmişdir. 06.01.2021 -ci il tarixdə Komissiya üzvləri tərəfindən Cəmiyyətin “Sumqayıt” filialında iş günü olmasına baxmayaraq, filialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədikləri müəyyən edilmişdir. Cəmiyyət ilə Tələbkar arasında bağlanmış 15.05.2017- ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 08.01.2021 -ci il tarixdə xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuşdur və 08.01.2021-ci il tarixli əmrlə xitam verilərkən Tələbkar Nürəddin qızının əmək müqaviləsinin müddətinin bitməsinə 4 ay 17 gün qalmışdır. 30.11.2020-ci il tarixli, AS-20/1450 saylı məktubla (xəbərdarlıqla) Tələbkar Nürəddin qızı tərəflərindən Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq, sonuncu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı cəmiyyətə hər hansı yazılı etiraz bildirməmişdir. Qeyd olunanlardan da göründüyü kimi “AtaSığorta" ASC-nin 08.01.2021-ci il tarixli əmri ilə Tələbkar Nürəddin qızının əmək müqaviləsinə xitam verilmədiyi təqdirdə Əmək Məcəlləsinin 56-cı maddəsinə uyğun olaraq sonuncunun əmək müqaviləsinə dəyişiklik olunaraq əmək haqqı 250 manat olacaq və ya həmin Məcəllənin 77.7-ci maddəsinə əsasən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilərək əmək müqaviləsinə xitam veriləcəkdir. Tələbkar faktiki vurulan zərər 4 ay 17 gün üçün aylıq 250 manat ödənilməmiş əmək haqqı məbləğindən (4 ay 17 gün x 250) ibarətdir. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2283/2021 saylı, 09.03.2021 -ci il tarixli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)-20/2022 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə iddiaçı Tələbkar işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Tələbkar ödənilməli olduğu kimi izah verilməsi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)- 20/2022 qərardadından verdiyi şikayət həmin məhkəmənin 06 aprel 2022-ci il tarixli,8(006)- 20/2022 saylı qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçı işdən çıxarıldığı zaman iddiaçının müqavilə üzrə əmək haqqı 600 manat olduğu halda, ona əmək qanunvericiliyin tələbləri pozularaq qanunsuz olaraq, onun razılığı alınmadan 320 manat əmək haqqı hesablanırdı. İddiaçı, cavabdehin bu qanunsuz hərəkətindən X1 3 dekabr 2020-ci il tarixində şikayət verib. Bundan 1 ay sonra isə onu işdən çıxardıblar. Hal-hazırda cavabdeh bu qanunsuz əməllərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 8(006)-20/2022 saylı iş üzrə qəbul etdiyi qərardadına istinad edərək davam etmək istəyir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, sikayət əsaslı olduğu üçün təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, kollegiya qeyd edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsi kifayət qədər aydın yazılmış və qətnamənin nəticə hissəsində heç bir anlaşılmazlıq yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün hüquqi şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 230.1-ci və 230.3-cü maddələrində göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əssasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnaməyə izah verilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olaraq qətnaməyə izah verilməsi elə bir prosesual fəaliyyəti nəzərdə tutur ki, bu zaman qətnamə onun məzmunun, yəni yalnız qətnamədə olan sözlərin və ifadələrin şərh edilməsi yolu ilə izah olunur. Ona görə də qanunvericilikdə qətnamənin onun məzmunu dəyişdirilmədən izah olunmasının mümkünlüyünü nəzərdə tutulur. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Sözügedən qətnamə kifayət qədər aydın yazılmış və qətnamənin nəticə hissəsində heç bir anlaşılmazlıq yoxdur. Ona görə də, kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)-20/2022 saylı qərardadı ilə mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmadığından ləğv edilməli, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)- 20/2022 qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsinə izah verilməsi barədə borclu "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar