Məhkəmə qərarları › İş №8(103)-141/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-141/2024

24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-141/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətlərindən X2 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X2 məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4666/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinin icra olunması ilə bağlı Tələbkar yanlış olaraq Daş Karxanası küçəsi ev 34V ünvanının əvəzinə ev 33 ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi, Tələbkar yanlış köçürüldüyü ev 33 ünvanından çıxarılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra X2 dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə ünvanladıqları ərizə yalnız Daş Karxanası küçəsi ev 34V ünvanının əvəzinə ev 33 ünvanına köçürülməsi qanunsuz hesab edilməsi hissəsində baxılmalıdır. Buna görə də Tələbkar yanlış köçürüldüyü ev 33 ünvanından çıxarılması ilə bağlı deyil, yalnız onun yanlış olaraq Daş Karxanası küçəsi ev 34V ünvanının əvəzinə ev 33 ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4666/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar qeydiyyatda olduğu ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Həmin icra sənədi əsasında Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Tələbkar yanlış olaraq ünvan 3 ünvanına köçürmüşdür. Qeyd edir ki, mübahisəli ev fərdi yaşayış evi olmaqla qanunsuz tikilidir. Uzun illər o evdə yaşamışlar, evin bütün kommunal xərcləri onlara aid olmuş və ərizəçinin ailəsinin adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin Nərimanov Rayonu, Daş Karxanası küçəsi ev 33 olması öz təsdiqini tam tapır. Tələbkar yeni qeydiyyat ünvanının verilməsi 18 MKİS- nin qanunsuz əməlləri nəticəsində olmuşdur. Bununla bağlı Nərimanov Rayon icra Hakimiyyətində araşdırma aparılmış və 18 MKİS-nin rəisi bununla bağlı töhmət almışdır. Həmçinin mübahisəli evin Daş Karxanası küçəsi ev 33 və ya ev 34V olması Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq mütəxəssis rəyi ilə öz təsdiqini tapmalıdır. Belə bir mütəxəssis rəyi yoxdur. Bu hallar mütləq qaydada araşdırılmalı və həmin evin hansı ünvan altında olması, evin kommunal xidmətlərinin hansı ünvana aid olması, ev 34V ünvanın hansı tarixdən mövcud olması və s. kimi hallar öz təsdiqini tapmalıdır. Bu hallar öz təsdiqini tapmadan icra məmuru İ.Cəfərquliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4666/2021 nömrəli 18 avqust 2021-ci il tarixli icra sənədini icra edərkən Tələbkar yanlış olaraq ünvan 3 ünvanına köçürmüşdür. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan ərizəçi X2 şikayət verərək, onun ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmiş, şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən nra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti qanuna müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İşin faktiki hallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Tələbkar Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 34V ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həm tərəflərin izahatlarından, həm də icra işinin materiallarından görünür ki, ünvan müəyyənləşdirilmədiyinə, mütəxəssis iştirak etmədiyinə görə icra prosesi bir neçə dəfə təxirə salınmışdır. Daha sonra ev dövlət qeydiyyatından keçmədiyindən, çıxarışı olmadığına görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisi şifahi rəy verərək, ünvan 5 ünvanının rəsmi olaraq qeydiyyata alınmadığını bildirmişdir. Tələbkar 34 V saylı ünvanın məhz həmin evə məxsus olduğunu təkidlə bildirmiş, borclulardan Ə.Mirzəəli isə qətnamənin icrasına etiraz etmədiyini bildirmişdir. O cümlədən birinci instansiya məhkəməsindəki icraat zamanı həyata keçirilən yerində müayinə zamanı isə Bakı şəhəri ünvan 6 ünvan barədə heç bir məlumatlarının olmadığını bildirmiş və ünvan barədə məlumat verməyə səlahiyyətləri olmadığını bildirmişlər. Bundan başqa iş materiallarından görünənlərə əsasən AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışları ilə müəyyənləşdirilmişdir ki, X9 17 iyun 2019-cu il tarixdən, Tələbkar isə 27 dekabr 2019-cu il tarixdən məhz ünvan 7 ünvanında qeydiyyatdadır. Qeyd edilməlidir ki, göstərilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə ünvan verilmiş, habelə Tələbkar həmin evə pasport qeydiyyatına alınmışdır. Beləliklə, dövlət faktiki olaraq həmin fərdi yaşayış evinin mövcudluğunu tanımışdır. Kollegiya həmçinin qeyd edir ki, mübahisəli mənzilin ünvanının məhz 34V kimi qeyd olunması öz təsdiqini artıq qanuni qüvvəyə minmiş məhkəmə aktında tapmış, həmin məhkəmə prosesinin gedişatından maraqlarına toxuna biləcək bütün şəxslər, o cümlədən hazırki iş üzrə ərizəçi də xəbərdar olmuşlar. Tələbkar 34V ünvanına köçürülməsi ilə bağlı iddiası apellyasiya məhkəməsində təmin edildikdən sonra hazırki iş üzrə ərizəçi X1 da həmin qətnamədən şikayət verərək qeyd edilən məsələni həmin icraatda mübahisələndirmək imkanı olsa da, o bu imkanından istifadə etməmişdir. Buna görə də artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilən halın hazırki iş üzrə yenidən sübut olunmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. O cümlədən ərizəçinin şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi 18 saylı MKİS-in Tələbkar Daş Karxanası küçəsi, 34V ünvanında qeydiyyatda olduğu barədə arayış vermiş Y.İbrahimov AR ƏM-nin 186-cı maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunsa da, həmin arayış ləğv edilməsi ilə bağlı X3 iddiası təmin edilməmiş, icraata xitam verilərək, tərəfə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iş materialları ilə sonuncunun belə bir ərizə ilə inzibati məhkəməyə müraciət etməsi və sözügedən arayışı aidiyyatı olaraq mübahisələndirməsi ilə bağlı hər hansı dəlil iş materiallarında mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, qeydiyyatın aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə və əsaslı hesab olunur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar