Məhkəmə qərarları › İş №8(103)-142/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-142/2021

01.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-142/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-33/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 4742/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “VAZ 21214” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 4742/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, Borclu 1525 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar AR Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2015-ci ildə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi iləgöndərilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən, Borclu məxsus “VAZ 21214” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-33/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-4742/2014 nömrəli, xx.xx.2014-cü iltarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “VAZ 21214” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, sahibkar olaraq hesablanmış əmək haqqına uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna vaxtaşırı borclar mövcud olur və bu hesablaşma dövriyyəvi həyata keçirilir. Məhkəmənin adı çəkilən qətnaməsində qeyd olunan dövr üçün müəyyən edilən borc isə çoxdan ödənilmişdir və hazırda borclunun tələbkara heç bir borcu yoxdur. Lakin icra məmuru təqdimat verərkən, borcla bağlı real vəziyyəti yoxlamamışdır. Borclunun da məhkəmədən xəbəri olmadığından, faktla bağlı məlumat verməyi mümkün olmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında tələbkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, borclunun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-33/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə, tələbin borclunun əmlakına yönəldilməsi zamanı əmlak üzərinə həbs qoyulmasını məhkəmənin səlahiyyətinə aid edildiyini və borcun ödənilməsini təmin etmək məqsədilə hesab etmişdir ki, təqdimat təmin edilməli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-4742/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “VAZ 21214” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Kollegiya borclu tərəfindən təqdim olunmuş Vergi üzrə məlumatlara əsasən qeyd edir ki, həmin məlumatlar xx.xx.2021-xx.xx.2021-ci vaxt dövrünü səhatə etməklə, borclu tərəfindən 1525 manat məbləğində pul və 20 manat dövlət rüsumunun tələbkar AR Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə ödənilməsi müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-33/2021saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar