Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-142/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsinə dair həmin məhkəmənin 06 aprel 2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə X1 Tələbkar xeyrinə 20 000 manatın, 10 000 ABŞ dollarının və 15 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. 28 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət edən borclu İslam İsmayılov həmin məbləği birdəfəyə ödəmək imkanının olmamasını bildirmiş, qətnamənin hər ay 1000 manat olmaqla hissə-hissə icrasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin təmin olunmuş, qətnamənin hər ay 2000 manat olmaqla hissə-hissə icrasına icazə verilmişdir. Həmin qərardaddan şikayət verən tələbkar göstərmişdir ki, məhkəmə, qətnamənin qüvvəyə minməsindən sonrakı 3 il ərzində borclunun ödəniş aparmadığını, barəsində inzibati protokol tərtib olunduqdan sonra 5500 manat ödəniş həyata keçirərək belə bir ərizə ilə müraciət etdiyini nəzərə almamış, onun mənafeyinə ziddi olan qərar çıxarmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və qətnamənin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X2 ərizəsi təmin olunmamalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-54/2022 saylı iş üzrə 06 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin və həmin məhkəmənin 21 noyabr 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-142/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-142/2022
11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver