Məhkəmə qərarları › İş №8(103)-142/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-142/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-142/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin edilsin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1907/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus, Kürdəmir rayonu Qaqacılı kəndində yerləşən 1,0894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin, torpaq sahəsinin 0,0894 ha hissəsinə həbs qoyulsun. Şikayət onunla əsaslandırılıb ki, Nazirlər Kabinetinin xx.xx.2002ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na görə, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilməsinə yol verilmir. Şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Belə ki, Tələbkar xeyrinə Borclu 121.000 ABŞ dolları pul tutulması barədə icra sənədi icra məmuruna təqdim olunub. İcra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edib və qərarın surətini borcluya göndərməklə icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 günlük müddət təyin edib. Lakin borclu icra sənədində göstərilən tələbi könüllü icra etməyib, könüllü icra üçün müəyyən olunmuş müddət isə keçib. Bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsaslar yaranıb. Həmin torpaq sahəsi borclunun mülkiyyətindədır, kateqoriyasına görə kənd təsərrüfat təyinatlı torpaqdır. Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na görə, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilməsinə yol verilmir. Göründüyü kimi, “əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu” ifadəsindən istifadə olunub, yəni torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması öz-özlüyündə ona tələb yönəldilməsinə mane olmur. Borclu əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məcburi icra tədbiri kimi həmin torpaq sahəsinin üzərinə bütünlüklə həbs qoyulması və torpaq sahəsini satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi yolveriləndir. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar