Məhkəmə qərarları › İş №8(103)-142/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-142/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-142/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsinin “icra sənədinə izah verilməsi”nə dair ərizəsi üzrə (Açar sözlər: icra sənədinə izah verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-81/2024 saylı 6 fevral 2024-cü il tarixli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və hərracın nəticələri etibarsız hesab edilməlidir.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, adıçəkilən sənədlər əsasında mübahisə predmeti olan mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ **********98-05302- 093117 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(004)- 4128/2022 saylı icra vərəqəsində sözügedən çıxarışa münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(004)-4128/2022 saylı icra vərəqəsinin icrasına maneələr yarandığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutaraq, daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" ASC-nin adına verilmiş **********98-05302- 093117 reyestr nömrəli çıxarışın ləğvinə münasibət bildirilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4128/2022 saylı icra vərəqəsinin izah edilməsi xahiş edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-81/2024 saylı 06 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, qətnaməyə əsasən mübahisələndirilən müqavilə və hərracın nəticələri etibarsız hesab edilmişdir. Dolayısı ilə qanunvericiliyin tələbinə əsasən müqavilə etibarsız hesab edildikdə onun hüquqi nəticələri də etibarsız hesab edilir. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC mülkiyyətinə keçməsinə əsas olmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə etibarsız hesab edildiyindən, onun hüquqi nəticəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə **********98-05302-093117 reyestr nömrəli çıxarış özü-özlüyündə etibarsızdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 4 saylı Abşeron Ərazi İdarəsi həmin qərardaddan şikayət verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-81/2024 saylı qərardadının ləğv edilməsi və icra sənədinə izah verilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4128/2022 saylı icra vərəqəsi ilə həmin çıxarışa münasibət bildirilməməsi adı çəkilən icra vərəqəsinin icrasına maneə törətdiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq izahın verilməməsinə dair xx.xx.2024-cü il tarixli, 8(004)-81/2024 saylı qərardadı ləğv edilməlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-81/2024 nömrəli 15 mart 2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 8(004)-81/2024 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

10. 230.1-230.3-cü maddələrinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

11. 397.2-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Yuxarıda sadalanan maddələrin məzmunundan görünür ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnamənin icrasından yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. Qətnaməyə izah verilməsi qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədə sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər.

15. Qətnaməyə yuxarıda göstərilənlərlə əlaqədar olmayan hallarda izahın verilməsi onun məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

16. Məhkəmə kollegiyası hazırki ərizəni nəzərdən keçirərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izahın verilməsinə ehtiyac olmadığı qənaətinə gəlir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsinin izah verilməsini xahiş etdiyi məsələ qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması ilə bağlı olmadığı müəyyən edilmişdir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Bu zaman yaranan mübahisə üzrə maraqlı şəxs inzibati orqanının vəzifəli şəxsinin qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hərracın nəticələri, o cümlədən mübahisələndirilən müqavilə və onun əsasında yaranmış hüquqi nəticələr etibarsız hesab edilmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə müqavilə etibarsız hesab edildikdə onun hüquqi nəticələri də etibarsız hesab edilir. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC mülkiyyətinə keçməsinə əsas olmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə etibarsız hesab edildiyindən, onun hüquqi nəticəsi olan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə **********98-05302-093117 reyestr nömrəli çıxarışın da etibarsız olması qənaəti mülki qanunvericiliyin tələblərinə uyğundur. 19.Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 8(004)-81/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar