Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-142/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 “aliment borcunun indeksasiyası və dəbbə pulunun ödənilməsi” barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: indeksasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), ibarət tərkibdə, X1 “aliment borcunun indeksasiyası və dəbbə pulunun ödənilməsi” barədə ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-1/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2214/2020 saylı qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
2. Qeyd olunan qətnamə əsasında verilmiş icra sənədi Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi üzrə Borclu aliment borcunun 44.979 manat məbləğində olduğu müəyyən edilmişdir.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-434/2023 nömrəli qərardadı ilə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-150/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2214 nömrəli icra sənədi üzrə Borclu aliment borcunun 30.823,89 manat olduğu müəyyən edilmişdir.
5. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-202/2024 nömrəli qərardadı ilə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir.
6. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214 nömrəli icra sənədi üzrə Borclu aliment borcunun 1.724,53 manat olduğu müəyyən edilmişdir.
7. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tələbkarın nümayəndəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda icra sənədi üzrə Borclu aliment borcunun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə 19.967,08 manat olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. X2 ərizə, daha sonra ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 nömrəli qətnaməsinə əsasən cavabdehin təqsiri üzündən 2023-cü ilin sentyabr ayınadək yaranmış 19.741 manat borcun indeksasiyasının aparılması və 107.193 manat məbləğində hesablanmış dəbbə pulunun birdəfəlik ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 1/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tələbkar borclunun 19.741 manat aliment borcunun olduğunu iddia etsə də, işin materialları ilə bu hal öz əksini tapmır. Belə ki, Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 2 dəfə xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində aliment borcu barədə qərar qəbul edilsə də, borclu tərəfindən verilmiş şikayətlərdən sonra məhkəmə qərarları ilə icra məmurunun qərarları ləğv edilmişdir. İcra məmurunun sonuncu - xx.xx.2024-cü il tarixli qərarına əsasən isə borclunun aliment borcunun 1.724,53 manat məbləğində olduğu müəyyən edilib. Yenə işin materialları ilə müəyyən edilir ki, həmin borc borclunun dekabr ayı üçün əmək haqqından tutulub. İcra məmurunun sözügedən qərarı tələbkar tərəfindən mübahisələndirilməyib. Belə olan təqdirdə, tələbkarın borclunun 19.741 manat məbləğində aliment borcunun olması ilə bağlı dəlili öz təsdiqini tapmamış olur. Tələbkar icra sənədi üzrə aliment borcunun indeksasiya edilməsi və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, işin materialları ilə ərizənin əsaslı olduğu meəyyən edilmir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
11. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qərar qəbul etmişdir. Bundan əlavə, nümayəndəsi xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli 8(005)-1/2025 saylı qərardadın iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, Quba rayon Məhkəməsinin icraatında borc məbləğinin hesablanması ilə bağlı cavabdehin vəkilinin ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixində işi təxirə salmaq barədə qəbul etdiyi qərardad əsassız olmuşdur. Belə ki, 2023-ci ilin yanvar ayından noyabr ayına qədər Quba Rayon Məhkəməsinin icraatında cavabdeh tərəfindən verilən heç bir şikayət ərizəsi olmamışdır. Cavabdeh və vəkili məhkəməyə yalandan məlumat vermiş, hakim isə bu məlumatı yoxlamadan işin baxılmasını təxirə salmaq barədə əsassız qərardad qəbul etmişdir. Nəticədə süründürməçiliyə yol verilmiş, ərizəyə baxılması bir ildən artıq müddətə gecikdirilmişdir. Bunu xx.xx.2025-ci il tarixli qərardaddan görmək olar. Məhkəmə sorğusu vasitəsi ilə cavabdehin iş yerindən 2021-ci ilin iyul ayından 2023-cü ilin sentyabr ayına qədər yığılmış (ödənilməmiş) aliment borcunun məbləği barədə arayış əldə edilməsi və məhkəmə-mühasibat ekspertiziyası təyin edilməsi barədə vəsatət vermiş, lakin vəsatəti təmin olunmamış və bu barədə heç bir qərardad da qəbul olunmamışdır.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Tələbkar məhkəməyə vəsatətlə müraciət edərək, işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Hesab edir ki, şifahi keçirilən iclasda araşdırma aparılması vacibdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.
17. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
21. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Maddə 3. İndeksləşdirmə obyektləri aşağıdakılardır: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); - vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; - Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; - Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; - aliment.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş, tələbkarın ərizəsinə yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
23. İddiaçı ərizələrində bildirir ki, borclunun 2021-2022-ci illər üzrə külli miqdarda aliment borcu yaranmışdır.
24. İşdə olan icra məmurunun “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” qərarlarının ləğv edilməsi barədə məhkəmə qərardadları ilə müəyyən edilir ki, borclu tərəfindən ödənilməli olan aliment xx.xx.2021-ci il tarixdən hesablanmalıdır.
25. İşdə olan və birinci instansiya məhkəməsinin qərardadda istinad etdiyi icra məmurunun “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2024-cü il qərarında göstərilir ki, icra sənədi üzrə borclunun əmək haqqının üçdə bir hissəsi tutulmağa 2022-ci ilin iyun ayından başlanmışdır.
26. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək borclu tərəfindən aliment ödənilməmişdir.
27. Bundan başqa, icra məmurunun həmin qərarda aliment borcunun 1.724,53 manat olduğu göstərilsə də, həmin xx.xx.2024-cü il tarixli qərar qəbul edildiyi tarixdən sonra icra məmuru tərəfindən tələbkarın nümayəndəsinə göndərilən xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, borclunun icra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 19.967,08 manat məbləğində aliment borcu yaranmışdır.
28. Lakin işdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu ziddiyəti araşdırmamış, qərardaddan verilən şikayətə sözügedən məktub əlavə edilməsinə baxmayaraq buna münasibət bildirməmiş, öz qərardadını qüvvədə saxlayaraq şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
29. Halbuki, Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclunun sözügedən dövr üzrə aliment borcunun olduğu müəyyən edildiyi təqdirdə həmin məbləğin indeksasiyası həyata keçirilməlidir.
31. Belə ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflasiyasının artım səviyyəsinə mütanasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası həyata keçirilərkən həmin pul məbləğinin inflasiyanın təsiri nəticəsində qiymətdən düşməsi (alıcılıq qabiliyyətinin azalması) kompensasiya olunur. Bu halda indeksasiya olunan pul məbləği onun qiymətdən düşmə səviyyəsinə (alıcılıq qabiliyyətinin azalma səviyyəsinə) mütanasib surətdə artırılır.
32. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbkarın dəbbə pulunun ödənilməsi barədə tələbinə ümumiyyətlə münasibət bildirilməmişdir. Halbuki, ailə qanunvericiliyinə görə məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
33. Belə olan halda, məhkəmə tərəfindən ilk növbədə aliment borcunun yaranmasında aliment ödəməli olan şəxsin (borclunun) təqsirinin olub-olmaması müəyyən edilməli və ona uyğun olaraq tələbə hüquqi qiymət verilməlidir.
34. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-1/2025 nömrəli qərardadı ləğv edilsin. X1 “aliment borcunun indeksasiyası və dəbbə pulunun ödənilməsi” barədə ərizəsinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Hakimlər: