Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-144/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, borclu Həsənov Ramin Ələsgər oğlunun nümayəndəsi (atası) Həsənov Ələsgər Abış oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-137\2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadından borclu Həsənov Ramin Ələsgər oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tələbkar Kapital Bank ASC Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2779/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsinə və icra sənədinin icrasının davam etdirilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2779/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Həsənov Ramin Ələsgər oğlundan 20808 ABŞ dolları əsas, 12227,37 ABŞ dolları faiz olmaqla cəmi 33035,37 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun Kapital Bank ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə Rüstəmov Vaqif Məhəmməd oğluna məxsus 37000 ABŞ dolları dəyərində qiymətləndirilmiş, Bakı şəhəri Səbail rayonu Nesterov küçəsi ev 23 7 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən banka olan borcun ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra şöbəsinin sifariş məktubu əsasında Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən borclu V.M.Rüstəmova məxsus daşınmaz əmlak satılması üçün açıq hərraca çıxarılmışdır. Daşınmaz əmlak açıq hərracdan satılmadığı üçün banka təklif edilmişdir. Hərracın yekunları üzrə əmlak alqısatqısı barədə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Səbail rayonu Nesterov küçəsi ev 23, 7 saylı mənzili 18520 manata banka satılmışdır. Daşınmaz əmlak açıq hərracdan satıldığından və qalıq borcun ödənilməsi barədə tələbin borclunun digər əmlakına yönəldilməsi icra sənədində göstərilmədiyindən icra məmuru icra sənədini xx.xx.2016-cı il tarixli qərarla məhkəməyə geri qaytarmışdır. Hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və icra sənədinin icrası davam etdirilməlidir. Belə ki, icra məmuru 2(001)-2779/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən banka olan borcun ödənilməsi hissəsini icra etməklə icra sənədini tam icra etdiyini hesab etmişdir. Halbuki Binəqədi Rayon Məhkəməsinin 2(001)-2779/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi iki hissədən yəni Həsənov Ramin Ələsgər oğlundan ümumilikdə 33035,37 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Kapital Bank ASC-yə verilməsi və tutmanın mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən banka olan borcun ödənilməsi hissələrindən ibarətdir. İcra məmuru isə əmlak açıq hərracdan satıldıqdan sonra qətnamə üzrə yaranmış qalıq borcun ödənilməsi istiqamətində icra tədbiri olaraq müvafiq dövlət orqanlarına sorğular verməli olduğu halda sorğular verməmiş, əsassız və qanunsuz qərar qəbul edərək icra sənədini məhkəməyə geri qaytarmışdır. Bundan başqa İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra məmuru icra sənədini məhkəməyə qaytararkən akt tərtib etməli, həmin hallar qərarda öz əksini tapmalı və bu barədə tələbkara məlumat verməlidir. Lakin qərar qəbul edilərkən qeyd olunan halların heç birinə riayət edilməmişdir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qərardan tələbkar tərəf olaraq bankın bugünədək məlumatı olmamışdır. Geri qaytarılma barədə qərarın Kapital Bank ASC-yə təqdim edilməsi barədə icra şöbəsinə xx.xx.2020-ci il tarixli 135/000/4978 saylı məktub ünvanlansa da, qərar rəsmi olaraq təqdim edilməmişdir. Ona görə də Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2779/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasına dair Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsinə və həmin icra sənədinin icrasının davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(001)-137\2021 saylı qərardadına əsasən Məhkəmənin 2(001)-2779/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı ləğv edilməklə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. Həsənov Ramin Ələsgər oğlunun həmin qərardaddan verdiyi şikayət Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borca əsasən tutma onun əmlakına yönəldilmiş və əmlak açıq hərracdan satılaraq əldə edilən vəsait borcun ödənilməsinə yönəldilmişdir. İcra vərəqəsində qalıq borcun ödənilməsi barədə tələbin borclunun digər əmlakına yönəldilməsi göstərilmədiyindən icra məmuru haqlı olaraq icra vərəqəsini geri qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verməklə qərardadının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iş üzrə tələbkar, habelə Binəqədi Rayon İcra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-2779/2014 saylı xx.xx.2014-cü il qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək, cavabdeh Həsənov Ramin Ələsgər oğlundan 20808 ABŞ dolları əsas, 12227,37 ABŞ dolları faiz borcu olmaqla cəmi 33035,37 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Kapital Bank ASC-yə verilməsi, tutmanın mülkiyyət hüququ ilə Rüstəmov Vaqif Məhəmməd oğluna məxsus 37000 ABŞ dolları dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsində 0,0462 ha torpaq sahəsində yerləşən 23 saylı 1 mərtəbəli binada yerləşən, 1 otaqlı 45 m2 ümumi, 31 m2 yaşayış sahəsindən ibarət 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişin məbləğindən artıq qalan hissəsinin Rüstəmov Vaqif Məhəmməd oğluna qaytarılması, Rüstəmov Vaqif Məhəmməd oğlunun mənzilin açıq hərracda satıldığı tarixdən bir ay müddətində mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu Rüstəmov Vaqif Məhəmməd oğlunun mülkiyyətində olan əmlak açıq hərracda 18520 manata tələbkara satıldığından və qalıq borcun ödənilməsi barədə tələbin borclunun digər əmlakına yönəldilməsi icra sənədində göstərilmədiyindən icra sənədi xx.xx.2016-cı il tarixdə məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, bank Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)- 2779/2014 saylı icra sənədinin geri qaytarılmasından məlumatının olmadığını bildirib icra sənədinin məhkəməyə geri qaytarılması barədə Binəqədi rayon İcra və probasiya şöbəsinin qərarının Kapital Bank ASC-yə təqdim edilməsini Binəqədi rayon İcra və probasiya şöbəsindən xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiə hüququnun ayrılmaz tərkib hissəsidir, məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması isə pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Xüsusilə nəzərə alınmalıdır ki, ipoteka predmetinin satışından əldə olunan vəsaitin icra sənədi üzrə tələbin tam ödənilməsinə yetmədiyi halda tələbin borclunun digər əmlakına yönəltmək səlahiyyəti icra məmurunun vəzifəsidir və bu vəzifənin məhkəmə aktında qeyd olunmasına zərurət yoxdur. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq icra məmurunun qərarını ləğv etmiş, bununla da qüvvədə olan məhkəmə aktının icraediləbilənliyini təmin etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-137/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-144/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-144/2021
31.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver