Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-144/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-169/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev məhkəməyə təqdimatla müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 244/2023-044 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 84000 ABŞ dolları borc və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023- cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanında göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-169/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qərardadda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 44.1, 84.2, 84.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 244/2023 saylı icra vərəqəsindən görünür ki, qətnamə ilə , Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)- 3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutmanın (84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına qalıq borcun ödənilməsi, satışdan artıq qalan məbləğ cavabdehlər X5 və Borclu qaytarılması, mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər X5 və Borclu Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarılması və mənzil boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehlər X5 və Borclu müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir; - Nərimanov Rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 244/2023 saylı icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət ərizəsi ilə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 8(005)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4, 84.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı X1 ona qarşı borcun ipotek evə yönəldilməklə satılması tələbinə dair qətnamənin icrasına gəlincə qeyd edir ki, tərəfindən ipoteka predmetinin ləğv edilməsi barədə mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsindəki 35 saylı evin 46 saylı mənzili üzrə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 2(005)-244/2023-044 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin icrasına gəlincə isə tərəfindən icra şöbəsinə icra tədbirlərinin dayanırılması barədə ərizə göndərmişdir. İcra şöbəsinə dəvət olunmağı barədə İcra məmuru Babək Qarayev tərəfindən ona qeydiyyatda olduğu və yaşadığı evə bildiriş göndərməyib, ona bir neçə dəfə istifadəsində olan telefon nömrəsinə zəng edərək icra şöbəsinə dəvət etmişdir. İcra məmurunun dəvətlərinə gəlmişdir, hətta icra şöbəsinin keçmiş rəisi Zaur Abdullayev tərəfindən də qəbul edilmişdir. Fevral ayında icra məmuru onun istifadəsində olan telefon nömrəsinə təkrar zəng edərək onun icra şöbəsinə gəlməyini tələb etmişdir. Həmin gün möhkəm qar yağdığından və hava şəraitinin pis olduğunu nəzərə alaraq gələ bilməyəcəyini, növbəti günlərdə gələcəyini onun nəzərinə çatdırmışdır. Növbəti günü tərəfindən icra şöbəsinə gələrək icra məmuru Babək Qarayevin habelə icra şöbəsinin yeni təyin olunmuş rəisinin qəbulunda olaraq icra hərəkətləri ilə bağlı izahatını vermişdir. Görüşdən bir neçə gün sonra isə icra məmuru onun icra şöbəsinə gəlməyini, görüşməyini bilə-bilə onun barəsində məcburi gətirilmə ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsi barədə məlumat almışdır.Əgər tərəfindən icra hərəkətlərinin aparılmasına süni maneə yaratmaq niyyəti olsaydı, icra şöbəsinə gəlməzdi, təqdimatla bağlı məhkəmə iclasında iştirak etməzdi. Lakin tərəfindən qanunvericiliyin tələblərinə əsasən hüqularından istifadə edərək iddialarını tələb etməklə ədalətli məhkəmə çəkişməsindən istifadə edir. Bu hal isə icra məmurunun xoşuna gəlməyərək onun konstitusion hüququnu pozmaqla məhkəməyə müraciət etməyinə bilərəkdən əngəl yaradır. Hakim N.Tağıyeva heç bir araşdırma aparmadan, icra işini tələb etmədən, icra işində icra məmuru tərəfindən prosesual hüquqların pozulmasını araşdırmadan, icra məmurunun prosesdə iştirak etməsini, ümumiyyətlə icra işi ilə tanış olmadan, məhkəmə prosesində iştirak etdiyi halda, barəsində məcburi gətirilmə barədə qərardad qəbul etmişdir. Qərardadın 3-cü vərəqəsinin 2-ci abzasında hakim tərəfindən qeyd edilmişdir borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından barəsində məcburi gətirilmə barədə təqdimat təmin edilməlidir. Cavab olaraq qeyd edir ki, icra məmuru tərəfindən qeydiyyatda olduğu və yaşadığı mənzilə bildiriş və xəbərdarlıq məktubları göndərilməyib. İcra məmurunun çağırışlarına gəlməməyi barədə hər hansı bir sübuta istinad edib əsaslandıra bilməyən hakim, təqdimatda qeyd edilmiş lakin əlavə edilməmiş sübutlarla kifayətlənmişdir. Habelə icra məmuru təqdimatla bağlı məhkəmə prosesində iştirak etməmiş,etməməsi bir yana icra işini belə hakimə yollamamışdır ki, hakim icra işi ilə tanış olsun. İcra məmuru tərəfindən icra işinin icrası ilə bağlı rəsmi prosedurlar həyata keçirilməmişdir. Bu səbəbdən, məhz rəsmi prosedurların həyata keçirilmədiyi üçün icra məmuru tərəfindən icra işinin icra edə bilməməsi aktiv statusda görünməsi təbiidir. Məhz bu səbəbdən onun törətmədiyi əmələ görə məcburi surətdə icra şöbəsinə gətirilməyi əsassız və qanunsuzdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-169/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Azərbaycan Qanununun tələblərinə əsasən: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. 10.3. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır:44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi;44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-388, 395-402-ci maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, şikayətdə qeyd edilənlər normativ tətbiqetməyə müvafiq əsaslandırılmamış və dəlilləri sübuta yetirilməmişdir. Belə ki, icra qurumunun başlıca vəzifəsi məhkəmə qərarının icrasın təmin etməkdir. Şikayətin məzmununda bir çox əsaslı görünə biləcək mətləblərə istinad olunsa da, əsas məqsəd olan məhkəmə qərarının icra edilməməsi səbəbləri açıqlanmamışdır. Kollegiya hesab edir ki, məcburi gətirilmə məhkəmə qərarının icrasına yönəlmiş məcburiyyət tədbirlərinin tərkib hissəsidir və borclunun icra məmurunun hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ vardır. Hazırda borclu hüquqlardan sui-istifadəyə şərait yaradan və məhkəmə qərarın icrasından yayınmasına yönəlik hərəkətlərə rəvac verir və məhkəmə aktının icrası ilə bağlı ağlabat (əsaslı) mükalimə yürütməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)- 169/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-144/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-144/2025
28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver