Məhkəmə qərarları › İş №8(103)-145/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-145/2021

07.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-145/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-43/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Tələbkar 610.000 manat borcdan ödənilməmiş cəmi 50.630 manat borcu qalmışdır. Bu səbəbdən də, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-43/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək, Səbail Rayon Məhkəməsinin 8(009)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət məhkəmənin eyni saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad ləğv edilməli və borclunun ərizəsi üzrə icraata xitam verilməldir. Belə ki, hazırkı şikayətə baxılması ilə əlaqədar Səbail rayon İcra və Probasiya Şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 60970/2018-16-12 saylı icra işi tələb edilmişdir. Qeyd edilən icra işində olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından müəyyən edilir ki, X1nun Bakı şəhəri, Səbail rayou, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)- 39/2020 saylı qəraradadı ilə təmin edilməmişdir, həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-39/2020 saylı qəraradadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, həmin qərardaddan da müəyyən edilir ki, borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Tələbkar 610.000 manat borcdan ödənilməmiş cəmi 50.630 manat borcu qalmasını əsas gətirərək, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-39/2020 saylı qəraradadı ilə onun ərizəsi təmin edilməmiş, borclunun verdiyi şikayət də Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-39/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, borclunun eyniməzmunlu ərizəsinə artıq bir dəfə baxılaraq yuxarıda qeyd edilən məhkəmə aktları (Səbail Rayon Məhkəməsinin 8(009)- 39/2020 saylı, xx.xx.2020-ci il tarixli qəraradadı, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 190/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı) qəbul edildiyindən, borclu tərəfindən yenidən eyniməzmunlu ərizənin verilməsi və hazırkı ərizəyə təkrarən baxılması prosessual baxımdan düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (MPM 13.4). Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (MPM 13.5). İstinad olunan normaların tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının mövcud hüquq qaydalarının ideyası və ümumi prinsipləri baxımından X1nun Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə artıq bir dəfə baxıldığından, onun eyniməzmunlu ərizəsinə təkrarən baxılması yolverilməzdir. Hüququn hamılıqla qəbul edilmiş fundamental prinsiplərindən olan hüquqi müəyyənlik prinsipi də bunu tələb edir. Əks yanaşma hüquqi nihilizmə gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən, də şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı ləğv olunmalı, X1nun Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-43/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin və X1nun Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar