Məhkəmə qərarları › İş №8(103)-145/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-145/2022

13.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-145/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, X3 MMC-nin nümayəndəsi X4, Bakı şəhər Nərimanov rayon icra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Bakı şəhər Nərimanov rayon icra şöbəsinin icra məmurunun 28.10.2021-ci il tarixli "xxxx" qərarından X3 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhər Nərimanov rayon icra şöbəsinin icra məmurunun 28.10.2021-ci il tarixli "xxxx" qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmamışdır. Həmin qərardaddan borclu tərəfindən şikayət verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi ərizəni rədd edərkən “İpoteka Haqqında” qanuna istinad etməsi düzgün olmamışdır. Belə ki, icra işinin əsası ipoteka predmeti ilə deyil, MMC-nin icra şöbəsinə təqdim etdiyi əmlakın qiymətləndirilməsi, hərracda satılması və borcun ödənilməsi ilə bağlıdır. Bundan başqa MMC-nin təqdim etdiyi əmlak icra işi üzrə ilkin olaraq qiymətləndirilib, tərəflər bunu qəbul edib və həmin qiymətləndirmə rəyi qüvvədə olduğu halda icra məmuru tərəfindən yeni qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilib. İcra işi üzrə ilkin qiymətləndirmənin qüvvədə olduğu halda təkrar qiymətləndirmə barədə qərar qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmamış və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayət yazılı icraat qaydasında təyin edilmiş, daha sonra işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə müvafiq qərardad qəbul edilmişdir. Şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi X.Elnur şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək rayon məhkəməsinin qərardadının ləğv olunması, eyni zamanda şikayətin təmin olunaraq icra məmurunun 28.10.2021-ci il tarixli "xxxx" qərarının ləğv olunmasını xahiş etdi. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru R.Səfərov şikayət ilə razılaşmayaraq, rayon məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Tələbkar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, rayon məhkəməsinin qərardadından verilmiş şikayət təmin edilərək, qərardad ləğv olunmalı, eləcə də icra məmurunun 28.10.2021-ci il tarixli "xxxx" qərarından borclunun verdiyi şikayət təmin olunmalı və həmin qərar ləğv edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Rayon məhkəməsi borclunun şikayətini təmin etməyərək, öz qərardadını “İpoteka haqqında” Qanunun hərracın baş tutmamış elan edilməsi barədə norması ilə əsaslandırmışdır. Hazırda işin faktiki hallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 370/2019 saylı, 17.10.2019-cu il tarixli icra sənədinə əsasən 33.421 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu borclu "xxxx" MMC-dən tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi əsasında icraata başlanılaraq borcluya məxsus əmlak 27.680 manat məbləğində qiymətləndirilmiş və əmlakın hərracdan satılması üçün Əmlak Hərrac Mərkəzinə göndərilmiş, 2 dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığından 24 sentyabr 2021 – ci il tarixdə icra sənədi icra orqanına qaytarılmışdır. Bundan sonra icra qurumu tərəfindən «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 53.3-cü maddəsinə əməl edilməyərək, əsassız olaraq 28.10.2021-ci il tarixli yenidən əmlakın qiymətləndirilməsinə dair qərar qəbul olunmuşdur. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi 28 mart 2022-ci il tarixli qərardadı qəbul edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozulmuşdur. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, eyni zamanda borclu "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsinin 28.10.2021-ci il tarixli "xxxx" qərarından verilmiş şikayət təmin olunmalı, həmin qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu "xxxx" MMC-nin Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 28.10.2021-ci il tarixli "xxxx" qərarından verdiyi şikayət təmin edilsin, həmin qərar ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar