Məhkəmə qərarları › İş №8(103)-145/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-145/2025

25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-145/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5ndan hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. X5 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədi üzrə tutulan aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış kart hesabına köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X5 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan tutulacaq alimentin miqdarı uşaqlarının indiki yaşayış minimumu həddindən kifayət qədər yüksəkdir. Hesab edir ki, tutulan alimentin 50% uşaqlarının adına açılan bank hesabına keçirilməlidir ki, uşaqlarının gələcəklərinin təminatı olsun. Başqa sözlə, onlar 18 yaşına çatanda onların hesabına yığılmış məbləği öz gələcəkləri üçün istifadə edə bilsinlər. O, bu ərizəni məhkəməyə təqdim edəndə hesab etmişdir ki, uşaqların anası onun təklifini və ərizəsini anlayışlı qarşılayacaqdır. Belə ki, uşaqlarının gələcək mənafeyi hər ikisini düşündürməlidir. Lakin, nəinki uşaqların anası, hətta Bakı şəhər Yasamal Rayon Məhkəməsi də onun uşaqlarının üstün mənafeyini nəzərə almadan, onların gələcək təminatları olan kifayət qədər yetərli məbləğdən məhrum etmişdir. Məhkəmənin həmin qərardadı tam qanunsuz və əsassızdır. Belə ki, hakim qərardadda göstərilir ki, onlar tutulan aliment vəsaitinin hara xərcləndiyini sübut edilə bilməmişlər. Lakin, onlar ərizələrində qanuna əsaslanmışlar. Həmin əsaslanmada nə isə sübut etməyə ehtiyac yoxdur. Ondan hər ay tutulan aliment miqdarı 2000 manatdan çoxdur. Onun 50%-i bank hesabına getdikdən sonra da hər ay yenə də 1000-1200 manat məbləğində aliment uşaqların saxlanması üçün tutulacaqdır. Bu məbləğ isə uşaqların yaşayış minimum məbləğindən 2- 2.5 dəfə çoxdur. Uşaqları hər iki valideyn saxlamalıdır, burdakı məbləğ daha da artır. Belə olan halda ondan tutulan alimentin 50 %-nin uşaqların gələcəyi üçün yığılmasının kimə zərəri varki? O, bu məbləğin özünə qalmasını istəmir. Ərizəsində də qeyd etdiyi kimi, gələcəkdə nə baş verəcəyini heç kim öncədən söyləyə bilməz. Lakin, uşaqlar 18 yaşına çatanda artıq onların təminatı olacaqdır. Tələbkar etiraz ərizəsinə əlavə etdiyi sənədlərin və sübutların alimentin tutulması məsələsinə dair heç bir aidiyyətı yoxdur. O etiraz ərizəsində göstərir ki, onlar bir yerdə yaşayanda uşaqları məktəbə qoyulması barədə ümumi razılığa gəlmişlər. Təqdim etdiyi sübutlardan bu açıq görsənir ki, bu belə deyil. Sözsüz ki, o, uşaqlarının yüksək təhsil almasını arzulayır və buna da imkanı çatdığı qədər yardımçı olacaqdır. Lakin, bu məsələnin alimentə heç bir aidiyyətı yoxdur. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, sentyabr ayından uşaq məktəbə gedəcək və tələbkarın təqdim etdiyi xərclərdən də azad olacaqdır. Onun təqdim etdiyi kommunal xidmət haqları ilə bağlı təqdim etdiyi sübutların da bu işə heç bir aidiyyətı yoxdur. Belə ki, tələbkar kommunal xidmət haqları ödədiyi mənzil nikahdan öncə ona məxsus mənzildir, hələlik o, orada yaşamır, lakin yaxın zamanlarda tələbkar oranı tərk edəcəkdir və kommunal xərclərdən azad olacaqdır. Həmin xərclərin də alimentə heç bir aidiyyətı yoxdur. Tələbkarın ərizəyə əlavə etdiyi aptekdən alınmış dərmanların, mağazadan alınmış müəyyən ərzaqların, həmçinin "MCdonald's" restoranında verdiyi hesab qəbzinin bu məsələlərə heç bir aidiyyətı yoxdur. Aptekdən təqdim edilmiş dərman preparatların heç də hamısı uşaqlara aid dərman deyil. Mağazada alınan ərzaqların da haradan və necə alınmasının onun uşaqlarına nə aidiyyətı olmasını başa düşə bilmir. Həmçinin "MCdonald's" restoranında yeyilən yeməyin kim tərəfindən yeyilməsi bəlli deyil. Saat 16:40 nə nahar, nə də axşam yeməyi vaxtıdır. Bir sözlə, həmin təqdim edilmiş sübutları qəbul etmir. Lakin, uşaqlarının əvvəlki yaşayış tərzinin yüksək saxlanılması vəzifəsini hər ikisi yerinə yetirməlidir. Artıq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, onun aylıq əmək haqqısı 6000 manatdan çoxdur. "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi" barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 12-ci bəndinə əsasən Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Belə olan halda ondan tutulan alimentin miqdarının 50% bank hesabına ödəndikdən sonra hər uşağa yenə də 500-600 manat aliment məbləği qalır. “Azərbaycan Respublikasında 2025-ci il üçün uşağın münimumu haqqında” qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Yəni, yuxarıda qeyd etdiyi kimi aliment məbləğindən 50% bank hesabına tutulduqdan sonra ondan tutulan alimentin miqdarı yaşayış minimumu 2-2.5 misli həcmində olur. O, uşaqların əlavə xərclərdə iştirakından da imtina etməmişdir. Əlavə xərclərdə iştirak aliment ilə eyniləşdirilə bilməz. Bundan əlavə, məhkəmənin nəzərinə çatıdırır ki, istər onun, istərsə də digər tərəfin imkanları yüksək ola bilər. Onların valideynlərinin də imkanları yüksək ola bilər. Lakin, 15 ildən sonra necə olacağını heç kim əvvəlcədən söyləyə bilməz. Uşaqları 18 yaşına çatdıqda hər birinin bank hesabında təqribən 90.000-100.000 manat pulun olmasının nəyi pisdir ki? Uşaqların üstün marağı dedikdə ilk növbədə bunu düşünmək lazımdır. Ona görə də, hesab edir ki, ərizəsi əsaslıdır. Alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ərizəsinin təmin olunması uşaqların əvvəlki təminatına təsir göstərmir. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Tələbkarın təqdim etdiyi sübutlara münasibət bildirmişdir. Hesab edir ki, həmin sübutlar əsassızdır, onların işlərinə heç bir aidiyyətı yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, tələbkarın şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün borcludan tutulan alimenti almaq məhz onlara məxsus hüquqdur. Borclu tərəfindən hər ay ödənilən aliment məbləği məhz uşağa məxsus vəsait sayıldığından onu öz sərəncamına qəbul edən tələbkar bu vəsaiti təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləməsi vəzifəsini daşıyır. Bu da öz növbəsində tələbkarın alimenti ödəyən borclu qarşısında həmin vəsaitin xərclənməsinə dair hesabat vermək, o cümlədən bu vəsaiti təyinatı üzrə xərclədiyini sübut etmək vəzifəsini də yaratmış olur. Bu barədə sübutların təqdim edilməməsi tələbkarın həmin vəsaiti təyinatı üzrə xərcləməməsi qənaətinə gəlmək və buna uyğun olaraq Ailə Məcəlləsinin 55.3-cü maddəsini tətbiq etmək üçün əsas yaradır. Borclunun aylıq əmək haqqı yüksək olduğundan bu məbləğin 1/3 hissəsi miqdarında aliment də məbləğ etibarı ilə yüksəkdir. Borclu mükafatlar və ya hər hansı əlavələr aldığı halda bu məbləğ bir qədər də artmış olacaqdır. Bununla belə, hazırda xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tələbkarın sərəncamına hər ay 2.000 manatdan artıq aliment məbləği daxil olur. Tələbkar birgə nikahdan doğulmuş X7 təhsil aldığı “İntellekt-A” körpələr evi uşaq bağçasında aylıq ödənişin 550 manat, X10 təhsil aldığı “Primary Academy” özəl hazırlıq kursunda aylıq ödənişin 345 manat məbləğində olduğunu, 200 manat məbləğində kommunal xərc ödədiyini, habelə qida, geyim və s. xərclərinin olduğunu qeyd edir və bununla da uşaqların saxlanılması üçün borclu tərəfindən hər ay ödənilməli olan alimentin bütün miqdarının təyinatı üzrə xərcləndiyini (xərclənəcəyini) göstərir. Məhkəmə kollegiyası mövcud xərclərin məbləğini əsas götürüb, birinci instansiya məhkəməsinin mövqeyini tam əsaslı hesab etmir və belə qənaətə gəlir ki, aliment miqdarının tam məbləğinin tələbkarın sərəncamına verilməsinə hər hansı zərurət yoxdur. Həmin vəsaitin sahibi olan uşaqların bu məsələdə mənafeyinin müdafiəsi baxımından ödənilən aliment miqdarının bir hissəsi onların adına açılan bank hesabına köçürülməli və köçürülməli olan məbləğ ödənilən ümumi aliment miqdarının 20 % həcmində hissəsini təşkil etməlidir. Hətta bundan sonra da tələbkarın sərəncamına 2025-ci ildə uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğinin (246 manat) 6 qatından (hər uşağa münasibətdə 3 qatından), yəni 1.500 manatdan artıq aliment məbləği daxil olacaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilməli, X3 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X5 tərəfindən ödənilən aliment məbləğinin 20 faizi (uşaqların hər birinə 10 faiz olmaq şərti ilə) xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 adına açılmış bank hesabına köçürülməli, 80 faizi isə xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 anası (tələbkar) Tələbkar sərəncamına verilməli, ərizə qalan hissədə rədd edilməlidir. Qərardad dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. X3 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X5 tərəfindən ödənilən aliment məbləğinin 20 (iyirmi) faizi (uşaqların hər birinə 10 faiz olmaq şərti ilə) xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 adına açılmış bank hesabına köçürülsün, 80 (səksən) faizi isə xx.xx.2018ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 anası (tələbkar) Tələbkar sərəncamına verilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar