Məhkəmə qərarları › İş №8(103)-146/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-146/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-146/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar nümayəndəsi və vəkili Nümayəndə2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru tərəfindən qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək məcburi icra hərəkətlərinin aparılması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin edilməmişdir. Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında başlanmış, tələbkar olduğu icra işi üzrə icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardada əsasən, yəni digər başqa icra sənədi üzrə icraata xitam verilə bilməz. Belə ki, hazırda iki icra sənədi olduğundan bu, qeyri-mümkündür. “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; Həmin Qanunun 20.1.2-ci maddəsi icra məmurunun icraatında olan bir icra işi üzrə əgər tələbkarla borclu barışarlarsa və bu barışıq sazişini məhkəmə təsdiq etdiyi hallara aiddir. Belə ki, icra məmuru “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə istinad edərək icra sənədi üzrə icraata o zaman xitam verə bilər ki, əgər onun icraatında olan icra işi üzrə tələbkar və borclu barışıq sazişi bağlayarlarsa, icra məmuru təqdimatla məhkəməyə müraciət edib icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edə bilər. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi, qanunverciliyin tələbinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də məhkəmənin tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etməsidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin icraatında olan 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında başlanmış icra işi üzrə tələbkar və borclu arasında barışıq sazişi bağlansa idi və icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etsə idi, bu halda onun təqdimatı məhkəmə tərəfindən təmin edildiyi halda barışıq sazişi təsdiq edilərək “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra işinə xitam verilə bilərdi. Yalnız bu halda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru icra sənədi üzrə Cəlaləddin Əliyevin hərəkətləri və qərarı qanuni ola bilərdi. Hazırki halda isə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev tərəfindən qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı qanunsuz və əsassızdır. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə şikayətə yazılı etiraz təqdim etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-452/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Tələbkar övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 11:00-dan 20:00- dək, bayramlarda və azyaşlının ad günündə və yay tətilində qarşılıqlı bölüşdürülməklə ünsiyyətdə olmaq hüququ verilmişdir. Qeyd edilən qətnamə qəbul edildikdən sonra tərəflər arasında barışıq sazişi bağlanmış və həmin saziş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2577/2022 saylı qərardadı ilə təsdiq edilmişdir. Belə ki, sözügedən sazişin şərtlərinə əsasən:

1. Tələbkar həftəiçi 16:30-19:30 saatları arasında uşaq ilə uşağın sərbəst vaxtlarında məhdudiyyətsiz görüşə bilər (ana ilə telefon vasitəsi ilə qabaqcadan razılaşdırılmalıdır);

2. Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcəkdir. Həmin barışıq sazişi hazırda qüvvədədir və Borclu sazişin şərtlərinə tam əməl edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-452/2021 saylı qətnaməsində uşaqla ünsiyyətə dair müəyyən edilmiş vaxtlar uşağın hərtərəfli inkişafı, təhsili və istirahəti baxımından əlverişsiz olduğuna görə Borclu uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə baxılan ərəfədə tərəflər arasında barışıq sazişi imzalanmış və bu saziş məhkəmənin müvafiq qərardadı ilə təsdiq edilmiş, Tələbkar uşağı ilə ünsiyyətinin yeni qaydası müəyyən edilmişdir. Məhz buna görə icra məmuru tam qanuni və əsaslı olaraq icra sənədi üzrə icraata xitam vermişdir. Tələbkar şikayətində qeyd etmişdir ki, guya İradə Babayeva uşaqla ünsiyyətə dair barışıq sazişinin tələblərini pozduğuna görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2577/2022 saylı qərardadı üzrə icra vərəqəsinin verilməsi üçün həmin məhkəməyə müraciət etmişdir. Şikayətdə qeyd olunan halların biri digərinə ziddir. Bir tərəfdən göstərilir ki, icraatda 2 icra sənədi var, digər tərərfdən isə qeyd olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2577/2022 saylı qərardadı üzrə icra vərəqəsinin verilməsi üçün həmin məhkəməyə müraciət etmişdir. Eyni tərəflər arasında eyni mübahisə ilə bağlı icraatda iki icra sənədinin olması qanunsuz olmaqla yanaşı, həm də məntiqsizdir. Bu halda icra məmurunun hansı icra sənədini icra edəcəyi sual altında qalmaqla, nəticədə qeyri-müəyyənlik yaranacaqdır. “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, hazırkı mübahisəli ilə bağlı tələbkarın şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8(006)-110/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən isə icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. Həmin Qanunun 20.1.2-ci maddəsinə görə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə görə, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru tərəfindən qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək məcburi icra hərəkətlərinin aparılması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsini xahiş etsə də eyni məsələ ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2577/2022 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə də şikayətində münasibət bildirməli idi. Yəni, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2577/2022 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri ilə razılaşmasının səbəblərini də göstərməli idi. Lakin göstərmir, yalnız icra sənədinin icraatına “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən xitam verilməsinin düzgün olmadığını göstərir. Əlbətdə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-452/2021-020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə əsasən xitam verilməsi anlaşılmayan görünə bilər. Çünki, tələbkar Qanunun 20.1.2-ci maddəsinin icra məmurunun icraatında olan bir icra işi üzrə əgər tələbkarla borclu barışarlarsa və bu barışıq sazişini məhkəmə təsdiq etdiyi hallara aid olduğunu düşünür və hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə istinad edərək icra sənədi üzrə icraata o zaman xitam verə bilər ki, əgər onun icraatında olan icra işi üzrə tələbkar və borclu barışıq sazişi bağlayarlarsa, icra məmuru təqdimatla məhkəməyə müraciət edib icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edə bilər. Bu yanaşma açıq-aşkar əsassız görünməsə də əsaslı da deyildir. Çünki, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsində yalnız bir(eyni) icra işi üzrə əgər tələbkarla borclu barışarlarsa və bu barışıq sazişini məhkəmə təsdiq etdiyi hallarda icra sənədi üzrə icraata xitam verilməsi nəzərdə tutulmamışdır. Başqa sözlə icra icraatı zamanı bir iş üzrə tələbkar və borclu statusunda olan şəxslər başqa bir mülki işdə, mahiyyətcə eyni tələbə baxılarkən iddiaçı və cavabdeh kimi çıxış edərək barışıq sazişini məhkəməyə təqdim edə bilər və məhkəmədə həmin barışıq sazişini təsdiq edə bilər. Məhkəmə tərəfindən təsdiq edilmiş bu barışıq sazişi də tərəflərin tələbkar və borclu statusunda iştirak etdikləri icra icraatında eyni məzmunlu tələb üzrə icra sənədinin icraatına xitam verilməsi üçün əsas sayıla bilər və sayılmalıdır. Yəni, icra sənədi üzrə icraata qeyd olunan əsasla xitam verilərkən, mütləq deyil ki, bu barışıq sazişi yalnız eyni iş üzrə, üstəlik icra sənədi üzrə məhkəmə tərəfindən təsdiq edilmiş olmalıdır. Ən azından qeyd olunan normada bu cür imperativ göstəriş yoxdur. Ona görə də tələbkarın bu dəlilləri qərardadın ləğv edilməsi üçün də əsas ola bilməzdi. Bununla yanaşı, eyni məzmunlu məsələ üzrə, eyni vaxtda həm icra sənədinin, həm də barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə aktının olması yaxud barışıq sazişinin şərtləri yerinə yetirilmədiyinə görə yeni icra vərəqəsi veriləcəyi halda icra mərhələsində iki eyni məzmunlu icra sənədinin olması istər-istəməz icra icraatında ziddiyyətli bir vəziyyət yarada bilər ki, bu da həmin icra sənədlərinin icrasının mümkünsüz edə bilər. Əlbətdə ki, bu da yolverilməz hallar sayılır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar