Məhkəmə qərarları › İş №8(103)-147/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-147/2021

07.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-147/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 8(011)- 2647/2017 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «VAZ 21099 » minik markalı, Az ** XL *** dövlət qeydiyyat nişanlı və «Mercedes C 240 » minik markalı, Az ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 8(011)- 2647/2017 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla mənafeyinə toxunulan şəxs X2 məhkəməyə şikayətlə müraciət edərək qərardadın faktiki onun mülkiyyətində olan «VAZ 21099 » minik markalı, Az ** XL *** dövlət qeydiyyat nişanlı avtomaşına dair hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Borclu maşını 13 il bundan qabaq Gəncə şəhərində 06.12.2007-ci il tarixli etibarnamə ilə almışdır. Bu günə kimi maşını adına keçirtməməyinin səbəbi maddi imkansızlıq olmuşdur. O, ailəsini həmin avtomaşından istifadə etməklə dolandırır. Hazırda onun bazar dəyəri 500-600 manat ancaq olar. 13 il bundan qabaq etibarnamə ilə satılmış köhnə avtomaşının onun əlindən alınması ailəsinin dolanışığının kəsilməsi deməkdir. Buna görə də təqdimatın həmin maşın üzərinə həbs qoyulmasına dair hissədə rədd edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(011)-2647/2017 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu, qərardadla mənafeyinə toxunulan şəxs və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 8(011)- 2647/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-ci il tarixli icra sənədinə əsasən Borclu 28878,80 ABŞ dolları məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borclu mülkiyyətində olan «VAZ 21099 » minik markalı, Az ** XL *** dövlət qeydiyyat nişanlı və «Mercedes C 240 » minik markalı, Az ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin Borclu tərəfindən icra sənədi üzrə hər hansı ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yenə həmin Məcəllənin 139.2ci maddəsinin tələbinə görə, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Nəqliyyat vasitəsi hesab olunan avtomobil üzərində hüquqlar rəsmi reyestrdə (Azərbaycan Respublikası DİN-nin BDYPİ) qeydə alınmalı olduğundan, həmin vasitələrin alqı-satqısı da yazılı bağlanmalı və rəsmi reyestrdə qeydə alınmalıdır. Yalnız göstərilən tələblərə riayət etmiş şəxsin hüquqlarına qanunla təminat verilə bilər. Mübahisəli avtomobillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından və X1 həmin avtomobilə mülkiyyət hüququ yaranmadığından, Borclu məxsus «VAZ 21099 » minik markalı, Az ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərardadından X2 tərəfindən verilən şikayət əsassızdır. Birinci instansiya məhkəməsi əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir əsas olmadığından, şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 8(011)- 2647/2017 saylı qərardadı X1 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar