Məhkəmə qərarları › İş №8(103)-147/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-147/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-147/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimləndan ibarət tərkibdə, 8(001)-299/2023 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qərardaddan iş üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş iş üzrə borclu X3, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinin (İş № 2(001)-556/2023) onun tərəfindən hissə-hissə, yəni ayda 30 manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən qətnaməyə əsasən cavabdeh (borclu) Tahirə Hüseynovadan cəmi 1.467,35 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) "xxxx" ASC-yə ödənilməlidir. Qətnamə qüvvəyə mindiyindən icraya yönəldilmiş, lakin borclu, qətnaməni birdəfəyə icra edə bilmir. Belə ki, işsiz və təqaüdçü olan borclunun himayəsində (İİ qrup və İİİ qrup) sağlamlıq imkanları məhdud olan 2 övladı var. Bundan başqa o, övladlarının müalicəsi üçün "xxxx" ASC-dən 3.000 manat məbləğində kredit götürmüş və bu səbəbdən həmin Banka ayda 100 manat ödəyir. Buna görə də, o xahiş edir ki, qeyd edilən qətnamənin onun tərəfindən hissə-hissə, yəni ayda 30 manat ödənilməklə icra edilməsinə imkan yaradılsın. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməsini qərara alınmışdır. Tələbkar "xxxx" ASC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və borclu tərəfindən verilmiş “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin hissə-hissə icra edilməsi ASC-nin mənafeyinə uyğun deyil. ASC, qətnamənin hissə-hissə icra edilməsinə razı deyil. Rayon Məhkəməsi ərizəyə baxarkən birtərəfli mövqe tutaraq yalnız borclunun mənafeyini nəzərə almış, tələbkar Bankın mənafeyini nəzərə almamışdır. Rayon Məhkəməsi işin hallarını obyektiv araşdırmamışdır. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilməli, borclunun verdiyi “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh (borclu) Tahirə Hüseynovadan cəmi 1.467,35 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) "xxxx" ASC-yə ödənilməlidir. “Qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, yaşına görə təqaüdçü olan borclu hazırda işləmir və himayəsində sağlamlıq imkanları məhdud (İİ qrup və İİİ qrup) olan 2 övladı var. Rayon Məhkəməsi borclunun ailə və maddi vəziyyətini, himayəsində sağlamlıq imkanları məhdud 2 övladının olmasını nəzərə alaraq hesab etmişdir ki, ərizə əsaslıdır və Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qətnaməsi borclu tərəfindən hissə-hissə icra edilməlidir. Məhkəmə işin Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını özü də müəyyən etdiyindən MPM-nin yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəyə gəlməkdə haqlı olmuşdur, "xxxx" ASC-nin qərardaddan verdiyi şikayətin bu nəticəyə aid dəlili əsassızdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin qətnamənin borclu tərəfindən ayda 30 manat ödənilməklə icra edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Şikayətin qərardadın bu hissəsinə aid dəlili əsaslıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır (qərarın 12-ci bəndi). Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsində qeyd edilən qaydada, yəni ondan tələbkar ASC-nin xeyrinə ayda 30 manat tutulması halında, qətnamənin icrası 48 aydan bir qədər çox müddət davam edəcək və belə olan halda tələbkar ASC-nın mənafeyi pozulacaq. Lakin Məhkəmə hesab edir ki, borcludan tələbkar ASC-nin xeyrinə ayda 100 manat məbləğində pul tutularsa, onda qətnamə 15 ay ərzində icra edilə biləcək və belə olan halda hər iki tərəfin mənafeyi qorunacaq. Odur ki, qeyd olunanlara əsaslanan və MPM-nin 231, 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qərardad dəyişdirilsin. X1 “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə borclu X3 tərəfindən ayda 100 (yüz) manat ödənilməklə icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar