Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-147/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, X2 yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-147/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar ərizə və sonradan tələbin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2998/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 200 manat aliment məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu ilə rəsmi nikahından bir qız övladı dünyaya gəlmişdir. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş, nikahın pozulması ilə əlaqədar qızı onun himayəsində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2998/2023 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq 200 manat məbləğdə müəyyən edilmilmişdir. Hazırda qızının 8 yaşı var. Qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün minumum da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Cavabdeh övladına başqa heç bir köməklik göstərmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatları ödəmək tək qadın olaraq çətindir. Övladı azyaşlı olduğu üçün işləmir. Təlim-tərbiyəsi ilə məşğul olur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-147/2025 nömrəli 25 fevral 2025ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2998/2023 nömrəli qətnaməsi ilə Borclu1 xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan hər ay 200 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu qərardaddan şikayət verilərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə nikaha daxil olmuşdur. Həmin nikahdan da iki övladı – xx.xx.2022-ci il təvəllüdlü İbrahim Həşimov və xx.xx.2024cü il təvəllüdlü Yusuf Həşimov doğulmuşdur. Onlar da azyaşlı olduqları üçün xərcləri daha çoxdur. Tələbkar özü rəsmi işləməsə də, kifayət qədər gəliri vardır. Uşağın saxlanılması onun kimi onun da vəzifəsidir. Lakin o, bütün xərcləri onun ödəməyini istəyir. O xərcləri qarşılamaqdan və ya alimenti ödəməkdən yayınmır. Sadəcə alimentin artırılması onun digər iki uşağının vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Belə ki, qiymətlərin kifayət qədər artdığı bir zamanda iki uşağın baxımı getdikcə daha da çətinləşir. Məhkəmə qərar qəbul edərkən ikinci nikahından olan uşaqların mənafelərini ümumiyyətlə nəzərə almamışdır. Ona görə də hesab edir ki, tələbkarın ərizəsi təmin edilməməlidir. Məhkəmənin 14 mart 2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2998/2023 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu1 tutulan alimentin miqdarı artırılaraq hər ay 200 manat olaraq müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, 2023-cü il üzrə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 200 manat məbləğdə aliment 2023-cü il üçün minimum əmək haqqının 0,58 misli həddində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2998/2023 nömrəli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda söhbət təyin olunmuş alimentin indeksasiyasından gedir, şikayətdə göstərilən dəlillər isə (digər övladlarının olması, kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) alimentin azaldılması barədə iddia vermək üçün əsas sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-147/2025 nömrəli 25 fevral 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-147/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-147/2025
22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver