Məhkəmə qərarları › İş №8(103)-148/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-148/2022

17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-148/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadından icra məmuru X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(001)-5836/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun icra sənədinin tam olaraq icrasından imtina hərəkətlərinin əsassız hesab edilməsini və icra vərəqəsinin icrasının tam olaraq təmin edilməsinin icra şöbəsinin üzərinə vəzifə öhdəliyi kimi qoyulmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə borclu 4500 manat borcdan 2000 manat hissəni ödəmiş, qalan 2500 manat hissəni ödəyəcəyini vəd etsə də, borcu ödəməkdən yayınaraq gizlənmişdir. İcra məmuru onun barəsində axtarış verilməsi və digər müvafiq tədbirlər görmüşdür. Bu tədbirlər nəticə vermədiyinə görə icra məmuru borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmiş, Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərar apellyasiya instansiyasında mübahisələndirilmiş və qüvvədə saxlanılmışdır. İcra məmuru borclunun barəsində bütün icra hərəkətlərinin görüldüyünü və mülkiyyətində əmlakının olmamasını əsas gətirərək icra hərəkətlərini hərəkətsiz saxladığından, o, icra məmurunun barəsində şikayətlə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 8(001)- 535/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Qeyd edilən qərardaddan borclu X3 şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 8(001)- 535/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(103)-608/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 8(001)-535/2021 saylı qərardadı ləğv edilmiş və şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(001)- 5836/2020 saylı icra sənədinin tam icrasının təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsinin icrası ilə əlaqədar borclu X2 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına sorğular edilmiş və alınmış cavablarda borclu F.Əliyevin adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Lakin buna baxmayaraq, icra sənədi icraatda olduğu dövrdə qətnamə üzrə borcdan 2000 manatın ödənilməsi təmin edilmiş, qalan məbləğin isə borclu tərəfindən ödənilməsinin təmin ediləcəyi barədə borcludan iltizam alınmışdır. Həmçinin tərəflərindən icra hərəkətləri davam etdirilmiş və borclu F.Əliyev icra sənədini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə qərardan apellyasiya şikayəti verilməsinə baxmayaraq şikayət təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı tərəfindən aparılmış icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak olmadığı və eləcə də, borcluya məxsus əmlak və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi üçün icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən "İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərarla Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadı ilə icra məmurunun şikayəti təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, icra məmurunun şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadı ləğv edilməli, X1 şikayətinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi icra işinin öyrənilməsi üçün rayon məhkəməsinə təqdim olunması barədə iki dəfə məktubla Binəqədi rayon icra şöbəsinə müraciət etmiş, icra işi məhkəməyə təqdim olunmamış, icra işinin məhkəməyə təqdim olunması üçün tədbirlər görülmədən və icra işi öyrənilmədən məhkəmə tərəfindən 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardad qəbul olunmuşdur. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(103)-608/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 8(001)-535/2021 saylı qərardadı ləğv edilərkən icra işinin tələb edilərək öyrənilməsi yazılı göstəriş kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İcra məmuru X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadı ləğv edilsin. X1 icra məmurunun hərəkətsizliyindən şikayətinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar