Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-148/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 borcun hissə-hissə ödənilməsi barəsində ərizəsinə dair iş üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməmişdir.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X1 borcun hissə-hissə ödənilməsi barəsində ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-458/2022 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hər ay 70 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-458/2022 saylı qətnaməsinə əsasən 2300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Tələbkar ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh bildirir ki, hazırda onun banka borcu var, hər ay kredit ödəyir, ailədə yeganə işləyən şəxsdir və ailənin bütün tələbatını o ödəyir. Ona görə də həmin borcu nağd ödəyə bilmir, tələb olunan məbləği yalnız hissə-hissə ayda 70 manat ödəyə bilir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, X2 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib, ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-458/2022 saylı qətnaməsi üzrə tutulmalı olan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq Məhkəmə heç bir əsas olmadan borclunun ərizəsini təmin etməmişdir. Ona görə də borclu hesab edir ki, Xətai Rayon Məhkəməsinin 8(011)- 144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmalı, borclunun ərizəsinin təmin olunmasına dair yeni qərardad qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələbindən göründüyü kimi qanunverici işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə hakimə səlahiyyət vermişdir. Buna baxmayaraq Məhkəmə qanunvericilik tərəfindən ona verilmiş bu səlahiyyətdən istifadə etməmişdir. Bununla da Məhkəmə MPM-nin 231.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. İddiaçı Tələbkar tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə borclu onun doğma atasıdır. Lakin o bu faktı inkar edərək ona atalıq etməkdən boyun qaçırmışdır. 2021-ci ilin iyun ayında tərəfindən Xətai rayon Məhkəməsində hal-hazırda şikayətin verilməsinə səbəb olan atalığın müəyyən edilməsinə dair iddia qaldırmışdır. Məhkəmə prosesi gedişində borcluya könüllü şəkildə atağın etiraf edilməsi təklif edilsə də, o israrla bundan imtina etmiş və nəticədə DNT testi həyata keçirilmişdir. Borclu qətnamə ilə müəyyən olunan borcu bu günədək müxtəlif üsul və vasitələrlə Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsi ilə ona tanınan prosessual hüquqlarından sui-istifadə edərək işin gedişatını illərlə uzatmaqdan çəkinməmiş və bu tarixədək gətirib çıxarmağa “müvəffəq” olmuşdur. Borclu qərardaddan şikayət ərizəsində borcun hissə-hissə ödənilməsi tələbinə dair səbəb kimi “birdəfəlik ödəmək imkanı” olmadığını göstərmiş, lakin bunu təsdiq edən hər hansı bir sübut irəli sürə bilməmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
11. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-458/2022 saylı qətnaməsinə əsasən 2300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir.
14. X2 hazırda qətnamənin hissə-hissə - ayda 70 manat ödənilməklə icra edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş edir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün maddi vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır.
19. Göründüyü kimi, icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarla bağlı meyara cavab verməməklə tələbkarın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
20. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni təmin etməməkdə haqlı olmuşdur.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev