Məhkəmə qərarları › İş №8(103)-149/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-149/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-149/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 18.02.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər “xxxx” MTK ilə X5 arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21.09.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə əsasında ödənilmiş 30.000 manatın “xxxx” MTK-dan tutularaq X4 ödənilməsi, X2 Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən 1 otaqlı, sahəsi 52,5 kv.m olan 81 saylı mənzildən çıxarılması qət edilmişdir. X6, ərizə verərək, icra sənədinə icrasına 12 ay müddətində möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, mübahisəli mənzili aldığı “xxxx” MTK-nın rəhbərliyinin həyata keçirdiyi qanunsuz əməllərdən maddi, mənəvi ziyan çəkmişdir və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı gedən cinayət işi üzrə çoxsaylı zərərçəkmişlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi daha çox hazırkı iş üzrə tələbkarın xeyirinə olsa da, bu baş verənlərlə bağlı əsl həqiqəti dəyişmir. Əsl həqiqət isə ondan ibarətdir ki, hazırki iş üzrə tələbkar sözügedən mənzili hansı formada almışdırsa, o da həmin formada mənzilə sahiblənmişdir. Mənzili zəbt etməmiş, yaxud zorakı yolla mənzilə girməmişdir. Qanuna müvafiq qaydada, dövlətin qanunlarına arxalanıb “xxxx” MTK ilə müqavilə bağlayaraq, mənzilin razılaşdırılmış haqqını ödəyərək, həmin mənzilə sahib olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, hesab edir ki, bir tərəfin qanuni haqqının tanınması digər tərəfin hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu mənada, onun mənzillə təminatı öz həllini tapmamış, azyaşlı və xəstədən ibarət olan ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması ədalətli yanaşma sayıla bilməz və bu hal baş verəcəyi təqdirdə bu, onun hüquqlarının növbəti dəfə pozulması ilə nəticələnəcəkdir. Xüsusi olaraq onu da qeyd edir ki, hazırda Bakı şəhərində Ağ Şəhər adlanan ərazidə onun da daxil olduğu zərərçəkmiş şəxslərin mənzillə təminatını nəzərdə tutan bina tikintisi işləri getməkdədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, qətnamənin icrasına 8 ay möhlət verilməsi qərara alınmışdır. Tələbkar, şikayət verərək, qərardaddan ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020- ci il tarixli qərardadında göstərilmişdir ki, 21.09.2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30.000 manatın “xxxx” MTK-dan tutularaq Vasif Kamalova ödənilməsi məzmunundakı icra hərəkətinin həyata keçirilməsi V.Kamalovun Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaq, sahəsi 52.5 kv.m. olan 81 saylı mənzildən çıxarılması məzmunundakı icra hərəkətlərinin həyata keçirilməsindən asılı deyildir və bu tələblərdən hansının əvvəl icra olunub-olunmamasının hər hansı əhəmiyyəti yoxdur. Bundan əlavə, məhkəmə V.Kamalovun mübahisəli mənzilindən çıxarılması hissəsində iddianı təmin etmişsə, onun ailə üzvülərinin mübahisəli mənzildən çıxarılması barədə iddia tələbinin təmin edilməməsi qətnamənin icra edilməsinə möhlət verilməsi üçün əsas hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, 17 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Kollegiya, vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Birinci instansiya məhkəməsi, qətnamənin icrasına 8 ay möhlət verərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 18.02.2019-cu il tarixli qətnaməsi ilə 30.000 manatın “xxxx” MTK-dan tutularaq Vasif Kamalova ödənilməsi qət olunsa da, hazırda qətnamə həmin hissədə icra edilməmişdir. Həmçinin, qətnamənin məzmunundan müəyyən olunur ki, iddia tələbi V.Kamalovun mübahisəli mənzildən çıxarılması hissəsində təmin olunsa da, ailə üzvlərinə münasibətdə tələb qeyri-müəyyən olduğuna görə təmin edilməmişdir. Kollegiya, rayon məhkəməsinin mövqeyini əsaslı saymır, ilk növbədə ona görə ki, məhkəmə tərəfindən qətnamənin icra vəziyyətinin, yəni “xxxx” MTK tərəfindən Vasif Kamalova 30.000 manatın ödənilib-ödənilmədiyinin müəyyən edilməsi məqəsdilə icra işin materialları tələb edilərək öyrənilməmiş, həmçinin tərəflərin iştirakı təmin olunmadan yalnız X6un dedikləri əsas götürülmüşdür. Bundan başqa, tələbkar tərəfindən şikayətinə əlavə edilmiş qətnamənin izah vedilməsi barədə icra məmurunun ərizəsinin rədd olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020- ci il tarixli qərardadında da göstərilmişdir ki, 21.09.2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30.000 manatın “xxxx” MTK-dan tutularaq Vasif Kamalova ödənilməsi məzmunundakı icra hərəkətinin həyata keçirilməsi V.Kamalovun Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaq, sahəsi 52.5 kv.m. olan 81 saylı mənzildən çıxarılması məzmunundakı icra hərəkətlərinin həyata keçirilməsindən asılı deyildir və bu tələblərdən hansının əvvəl icra olunub-olunmamasının hər hansı əhəmiyyəti yoxdur. Kollegiya hesab edir ki, bu xüsusat ərizəyə baxılması zamanı məlum olmasa da, şikayətə baxılması zamanı məhkəmə tərəfindən nəzərə alınmalı və müvafiq araşdırma aparılmalı idi. Birinci instansiya məhkəməsi isə, qeyd olunanlarla bağlı kifayət qədər hərtərəfli araşdırma aparmadan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bildirmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Mülki Prosessual Məcəllənin 15.2-ci və 15.3-cü maddələrinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ləğv olunmalı, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalı və yuxarıda göstərilən hallar üzrə araşdırma aparılmaqla ərizəyə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-174/2021 nömrəli, 11 mart 2021ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar