Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-149/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 8(006)-16/2023 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-209/2015 nömrəli, xx.xx.2015ci il tarixli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1680/2016 saylı, xx.xx.2017-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-416/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə Borclu əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-16/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu və digər birgə mülkiyyətçi X1 məxsus Goranboy rayonu, Muzdurlar kəndində yerləşən 0.2179 ha, 0.6640 ha və 0.12 ha ümumi torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə X3 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə bildirilmişdir ki, təqdim olunmuş çıxarışlara əsasən torpaq sahələri Borclu və ona məxsusdur. Lakin faktiki olaraq əmlak bütövlükdə Borclu məxsusdur. Bu səbəbdən çıxarışlarda qeyd olunan əmlaklara tələbi bütövlükdə yönəldilməsi xahiş edilmişdir. Belə olan halda məhkəmə təqdimatın təmin edilməsi və Borclu əmlakı üzərinə həbsin qoyulması qənaətinə gəlmişdir. Bundan başqa, Borclu nümayəndəsi və vəkili “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarına istinad edərək qeyd edilən mübahisəli əmlakın üzərinə həbsin qoyula bilməməsinə istinad etmişdir. Bununla bağlı isə məhkəmə bildirib ki, sözügedən qərarda “əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə” icra sənədi üzrə tələbin yönəldilə bilməməsi kimi anlayış verilmişdir. Yəni icra işinin materiallarında həqiqətən borclunun əsas məşğuliyyətinin bu torpaqdan gələn gəlir olmasına dair sübutlar əlavə edilməmiş, həmçinin qanun həbsin qoyula bilməməsini deyil, tələbin yönəldilə bilməməsini qeyd etmişdir. Odur ki, göstərilənlərə əsasən Borclu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Borclu (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, qərardadda göstərilən torpaq sahələri 0.2179 ha, 0.6640 ha və 0.12 ha şəklindədir. Lakin məhkəmə torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimata baxan zaman sözügedən qərarın tələblərini nəzərə almamışdır. İcra məmuru tərəfindən qeyd olunan halların heç biri göstərilməmiş, verilmiş təqdimat kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə tərəfindən icra işi tələb edilmədən, qeyd olunan hallar ətraflı araşdırılmadan əsaslandırılmamış təqdimatın təmin edilməsi qənaətinə gəlinmişdir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitlərinin olmaması yoxlanmamış, faktiki olaraq bu yoxlamanın həyata keçirilməsi barədə faktəsdiqedici sənədlərə rast gəlinmir. Təqdimata əlavə edilmiş çıxarışlardan görünür ki, torpaq sahələri ümumi birgə mülkiyyətdədir. Paylı mülkiyyət deyildir. Belə olan təqdirdə göstərilən Mülki hüquq normasının tələbinə əsasən kreditor borclunun payının ayrılmasını tələb edə bilər. Əgər payın ayrılması mümkün olmadıqda kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Lakin kreditorun yuxarıda göstərilən ardıcıllıqla hər hansı tələbinin olması təsdiq olunmur. Borclu hesab edir ki, təqdimat məhkəmə tərəfindən təmin edilən zaman mülki hüquq normasının tələbləri pozulmuş, araşdırılmalı olan vacib əhəmiyyətli hallar araşdırılmamışdır. Eyni qaydada icra məmuru mülki qanunvericiliyin tələblərini pozmaqla təqdimat vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır (“Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli, 392 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 25 oktyabr tarixli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli Qərarlar və s.). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-16/2023 saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əvvəla, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində və ondan sonra gələn müddətdə tam icra etməməsidir. Belə ki, icra sənədləri üzrə olan borc tam ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasını tam təmin etmək üçün təqdimatla məhkəməyə müraciət edərək borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə də təqdimatı təmin etmişdir. Borclu mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyulmasından narahatdırsa, müvafiq olaraq doqquz, yeddi və altı ildən artıq bir müddətdə, Dövlətin adından çıxarılmış məhkəmə aktlarını icra etməməsindən də narahat olmalıdır. Ancaq narahat olmur və nədənsə bu öhdəliyini unudur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-209/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1680/2016 saylı, xx.xx.2017-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-416/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə qət olunan məbləğ icra olunmamış qalmışdır. Bunun səbəbkarı isə tələbkar yaxud hansısa digər şəxs ola bilməz. Borclu əgər həqiqətən torpaq sahəsinin üzərinə həbs qoyulmamasını istəyirsə yaxud icra sənədlərinin icra edilməsi üçün yetərli pul vəsaiti varsa onda icra sənədləri üzrə öhdəliyini dərhal icra etsin. Əks halda bu hal üçün yalnız özünün məsuliyyət daşımalı olması qaçılmazdır. Borclu torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasına görə də təqdimatın təmin edilməsinin mülki hüquq normalarını pozulması ilə həyata keçirildiyini göstərir. Ancaq işdə digər ümumi birgə mülkiyyətçinin ərizəsi mövcuddur və bəyan edir ki, çıxarışda torpaq sahəsi borclu ilə ona məxsusdur, lakin torpaq sahələrinin faktiki mülkiyyətçisi borcludur və tələbin həmin əmlaklara bütövlükdə yönəldilməsini xahiş edir. Göründüyü kimi, borclunun digər ümumi birgə mülkiyyətçiyə görə “narahat” olmasına görə də zərurət və əsas yaranmamışdır. Yetər ki, borclu icra sənədləri üzrə öhdəliyini icra etsin. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılırıdı. Çıxarılmışdırsa niyə icra olunmamalıdır. Əlbətdə ki, bu ritorik sual olsa da qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş borclu əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 8(006)-16/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 8(006)- 16/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-149/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-149/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver