Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-149/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onunla borclunun birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X5 məhkəmə tərəfindən müəyyən edilmiş alimentin 2(011)-3808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədə minumum əmək haqqının müvafiq hisəssi artırılaraq müvafiq indeksasiya üzrə 2025-ci il üçün minumum əmək haqqına uyğun müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-3808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin müəyyən edilməsinə dair Tələbkar və Borclu birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər uşağa ayda 160 manat alimentin tutulmasına dair qətnamə çıxarılmışdır və qətnamə İcra şöbəsində icra edilir. Xətai rayon Məhkəməsinin 2(011)-3808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar ərizəsinin təmin edilməsi, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması qərara alınmışdır.
4. Adıçəkilən qərardaddan borclu tərəfindən şikayət verilmiş və şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-108/2025 saylı qərardadının ləğv edilməsi, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası” barədə ərizəsinə baxılması üçün məhkəmə iclasının xx.xx.2025-ci il tarixə təyin edilməsi qərara alınmıdşır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 7.Şikayət onunla əsaslandırılmışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə hazırkı qərardad ilə onun maddi vəziyyətini diqətə almamışdır. O, günəmuzd fəhlə olaraq çalışaraq çox az miqdarda gəlir əldə edir. Həmin gəlirlə bu günədək uşaqların təminatın daim təmin etməyə çalışmışdır. Lakin, hazırki qərardad ilə indeksasiya edilən məbləği ödəmək onun imkanı xaricindədir. Bu cür yanaşma ilə o, nə normal həyat yaşaya, nə də uşaqların təminatını təmin edə bilər. Hazırki işdə isə alimentin indeksasiyası uşaqların minimal xərclərindən əlavə olaraq xeyli miqdarda vəsaitin tutulmasına gətirib çxıarmış, yekunda borclunun özünün normal dolanacaq xərci qalmamışdır. Hər bir valideyn kimi onun da vəzifəsi uşaqlarının qayğısına qalmaq həm maddi, həm mənəvi olaraq onların yanında durmaqdır. Bu günkü günədək də alimentin miqdarının neçə olmasından asılı olmayaraq o, daim onların maddi təminatının yaxşı olması üçün çalışmışdır. Lakin, hazırki indeksasiya ilə hər uşağa görə minimum əmək haqqının 0,88 misli yəni 2025-ci il üçün bir uşağa görə 352 manat olmaqla cəmi 704 manat alimentin tutulması onun maddi imkanları xaricindədir. Qanunun mənasına görə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki aliment məbləği isə həmin minimum xərci (2025-ci il üçün 246 manat məbləği) xeyli üstələyir ki, bu da ədalətsiz yanaşmaya gətirib çıxarmışdır. Alimentin indeksasiyasının hər uşağa görə minimum əmək haqqının 0,88 misli miqdarında müəyyən edilməsi ədalətlilik prinsipinə də uyğun gəlmir. Uşaqların maddi təminatını bir tərəfin üzərinə bu qədər yüksək miqdarda yükləmək anlaşılan deyildir. Nəzərə alındıqda ki, hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı uşaqların minimum dolanacaq xərcindən daha çox məbləğdə artırılır, bu o deməkdir ki, burada məqsəd uşağın saxlanması deyildir. Valideyn olaraq hər iki tərəfin borcudur ki, uşaqların təminatını qarşılasın, lakin bu əsassız və ədalətsiz yerə bir tərəfi çətin vəziyyətə salmamalıdır. Ali Məhkəmənin müəyyən etmiş olduğu bu indeksasiya məsələsi müəyyən limitlər çərçivəsində təmin olunmalı idi.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Tələbkar şikayətə qarşı yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə obyektiv və hərtərəfli araşdırma aparıldığından qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında Borclu tərəfindən onun uşaqların saxlanmasında guya xərclədiyi vəsaitə dair heç bir qəbz, uşaqların yay tətilində istirahətinə dair heç bir fotoşəkil və ya digər sübutlar mövcud deyildir. Çünki, belə hallar ümumiyyətlə olmamışdır. Əgər borclunun qeyd etdiyi kimi olsaydı, buna dair sübutları məhkəməyə təqdim edərdi. Borclu Xətai rayon Polis İdarəsində müstəntiq köməkçisi vəzifəsində çalışır. Şikayətdə qeyd etdiyi “günəmuzd fəhlə olaraq çalışması” yalandır. Qeyd edir ki, uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Dolanışığına atası və anası kömək edir. Onlar isə yaşlı olduqlarına görə maddi vəziyyətləri aşağıdır. Evin kiçik olması səbəbindən valideynləri ilə birgə yaşamaq mümkün olmadığına görə kirayədə yaşayır. Aylıq kirayə haqqı 350 manatdır. Borclu isə birgə nikah zamanı əldə etdiyi və onun (tələbkarın) valideynlərinin köməkliyi ilə aldığı 3 otaqlı həyət evində tək yaşayır. Oğlu - xx.xx.2011-ci il təvəllüdlü X8 8-ci sinif şagirdidir, aylıq hazırlıqlarına və idmana 230 manat, qızı isə - xx.xx.2013-cü il təvəllüdlü X9 isə 6-cı sinif şagirdidir, aylıq hazırlıqlarına, eləcə də rəsm kursuna aylıq 150 manat vəsait xərləyir. Təkcə uşaqların hazırlıqları 380 manatdan çox tutur. Borclu isə uşaqlarına heç bir maddi köməklik etmir, alimenti isə artıq 2 aydır ki ümumiyyətlə ödəmir. Uşaqların ad günlərində, bayramlarda 20 manatdan artıq olmayan hədiyyə alır, bəzən isə ümumiyyətlə heçnə almamışdır. Uşaqların qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşaqların normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün çox xərc tələb olunur.Qeyd edilənlərə əsasən Borclu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Maddə 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3808/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. 16.Məhkəmə Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarıda şərh edilənləri nəzərə alaraq alimentin indeksasiyası barədə tələbkarın ərizəsini təmin etmişdir. 17.Məhkəmənin mövqeyi ilə razılaşmayan borclunun dəlilləri isə onun maddi vəziyyətinin nəzərə alınmaması, gəlirinin az olması, alimentin indeksasiyasının uşaqların minimal xərclərindən əlavə olaraq xeyli miqdarda vəsaitin tutulmasına səbəb olması kimi dəlillərdən ibarədir.
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
19. Məhkəmə kollegiyası alimentin indeksasiyası üzrə məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların tələbkarın üzərinə düşməsini və tələbkarın uşaqlara qulluq etməsini diqqətəlayiq mənafe kimi nəzərə alaraq alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli (160/180) həddində indeksasiya olunmasını uşaqların üstün mənafeyinə uyğun hesab edir.
20. Tələbkarın himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması, mövcud iqtisadi şərtlər, uşaqların sosial, maddi və mənəvi təminatlarının effektiv, operativ şəkildə təmin edilməklə hüquqi tənzimlənməsi xüsusatı tələbkarın alimentin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsini zəruri edir. 21.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək şikayətin dəlillərini əassız hesab edərək, ərizənin təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva