Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-15/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD İş № 8(103)-15/2021 Bakı şəhəri xx xxxxxx 2021-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(001)-629/2020 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan tələbkar (iddiaçı) X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (İş № 2(001)-4041/2019) qətnaməsi ilə cavabdehlər Xıdırova Çimnaz Göyüş qızı, X6 və X3 müştərək qaydada 50.000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin –20 manat məbləğində pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamə icraya yönəldikdən sonra tələbkar (iddiaçı), Rayon Məhkəməsinə müraciət edərək qətnamənin izah edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi İcra Şöbəsi tərəfindən icra edilmir. Borclular (cavabdehlər) pulu verməyərək bildirirlər ki, onlar tələbkardan pul almadıqları üçün tələbkara borcları yoxdur. Bundan başqa borclular ona əsaslanırlar ki, mərhum Fəxrəddinin Xıdırov ilə tələbkar arasında bağlanmış “İlkin alğı-satqı müqaviləsi” etibarsız hesab edilmiş və Fəxrəddinin Xıdırovun ölümündən sonra onlar vərəsəliyi qəbul etməmişlər. Borcluların bu kimi qaydada davranması ondan irəli gəlir ki, qətnamənin məzmunu aydın deyil. Bu səbəbdən qətnaməyə izah verilməli və aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir: - qətnamənin 8-ci səhifəsinin 2-ci abzasında qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 5 “F” ünvanında “xxxx” MMC tərəfindən inşa olunan binada yerləşən 21 saylı mənzilin 2017-ci il tarixə olan satış qiyməti 175.000 manat, hazırki dövrə satış qiyməti 180.000 manat təşkil etməsinin qeyd edilməsi bir daha miras kütlə mənzilin dəyəri olması anlamına gəlirmi?; - qətnamə ilə (9-cu səhifə, 2-ci abzas) iş üçün əhəmiyyətli olan hallar kimi müəyyən edilsə də, çaşqınlıq yaranmışdır ki, Xıdırova Çimnaz Göyüş qızı, X6 və X7 vərəsəlik şəhadətnamələri olmadan mərhum Xıdırov Fəxrəddinin vərəsələridirmi?; - qətnamənin 9-cu səhifəsinin 2-ci abzasında, habelə 9-cu səhifənin 4-cü abzasının 6-cı sətrində miras kütlə əmlakın dəyəri qeyd edilsə də, ümumi anlamda çaşqınlıq yaranmışdır ki, mərhum Xıdırov Fəxrəddindən qalan miras kütlə nə olmuşdur?. Bundan başqa qətnamənin 9-cu səhifəsinin 4-cü abzasının 6-cı sətrində onlar tərəfindən qəbul edilmiş miras əmlakın dəyəri 87.500 manat hesab edilməlidir cümləsi çaşqınlıq yaratmışdır. Onlar dedikdə vərəsə nəzərdə tutulursa hər bir vərəsənin payları göstərilməyərək ümumilikdə verilməsi. Qətnamə əsasında mərhum Xıdırov Fəxrəddinin cavabdeh “xxxx” MMC-də olan payının vərəsələr arasında bölünməsi olduğu halı müəyyən olunub-olunmaması aydınlaşdırılmalıdır. Qeyd edilənlər ümumi anlamda çaşqınlıq yaratmaqla həmin hallar ilə bağlı konkret fikir formalaşdırmaq mümkün deyildir. Halbuki, yuxarıda qeyd edilən həmin hallar qətnamədə konkret həllini tapmadığından nəticəyə gəlinmişdir. “Qətnaməyə izah verilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Əsasları “qətnaməyə izah verilməsi barədə” ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi işin hallarını düzgün araşdırmamış, onlara səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-nin 230.3-cü maddəsinə görə isə qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qeyd edilən prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İzah qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Lakin izah verilməsi xahiş edilən qətnamədən görünür ki, qətnamədə aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. Qətnamə aydın və anlaşılandır. Qətnamənin izah edilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə var. Həmin qətnamənin nəticə hissəsindən birmənalı olaraq başa düşülür ki, cavabdehlərdən müəyyən məbləğdə pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərin iddiaçıya borclu olmuş X1 vərəsələri olub-olmaması, onların adına vərəsəlik şəhadətnaməsinin mövcud olub-olmaması məsələləri qətnaməyə izah verilməsi üçün əsaslı hallar deyil. Eləcə də bu hallar qətnamənin icrasına mane törətməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Azad İmanov (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-15/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-15/2021
22.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver