Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-151/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 8(004)- 141/2024 nömrəli qərardadından iş üzrə ərizəçi (borclu) Tanarquliyev Elçin Allahverdi oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddia tələbi qismən təmin edilmiş, Tanarquliyev Elçin Allahverdi oğlundan xx.xx.2015-ci il təvəllüldü Tanarquliyeva Ruqəyyə Elçin qızı və xx.xx.2016-cı il təvəllüdlü Tanarquliyeva Fatimə Elçin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu Tanarquliyev Elçin Allahverdi oğlu xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək ondan Tələbkar xeyrinə tutulan alimentin 50% miqdarının Tanarquliyeva Ruqəyyə Elçin qızı və Tanarquliyeva Fatimə Elçin qızının adlarına açılmış fərdi bank hesablarına köçürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-141/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Tanarquliyev Elçin Allahverdi oğlunun ərizəsi rədd edilmişdir. Həmin qərardad ilə razılaşmayan ərizəçi (borclu) Tanarquliyev Elçin Allahverdi oğlu şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)- 141/2024 nömrəli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-141/2024 nömrəli qərardadı ilə ərizəçi (borclu) Tanarquliyev Elçin Allahverdi oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)- 141/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən Tələbkar hər hansı rəsmi iş yerinin və gəlirinin olması müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarında olan qətnamədən müəyyən edilir ki, tələbkar özü də iş e-2(004)-3568/2023 saylı mülki üzrə məhkəmə iclasında izahatında xəstə olduğundan işləmədiyini bildirmişdir. Eyni zamanda qətnaməyə əsasən borcludan tələbkarın xeyrinə tutulmalı olan alimentin məbləği borclunun sosial vəziyyəti nəzərə alınaraq 2023-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu – 220 manat məbləğindən də az olmaqla hər uşağa görə 180 manat məbləğində müəyyən edilmişdir. Bu halda uşaqların gələcək təhsil, tərbiyə və həyat təminatını təmin etmək məqsədilə hazırkı vəziyyətdə minimum dolanacaq xərclərindən xeyli az məbləğdə alimentin tələbkara ödənilməsi uşaqların mənafeyinə uyğun olmamaqla qanunvericiliyin də tələbinə ziddir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43 və 44-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilinə dair qeyd edir ki, tutulan alimentin məbləği uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından, apellyator həmin məbləğin uşaqların saxlanılmasına yönəldilmədiyinə dair mötəbər sübutlar təqdim etmədiyindən, uşaqların yüksək mənafeyini əsas götürərək şikayət təmin edilməməlidir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 8(004)-141/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 8(004)- 141/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-151/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-151/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver