Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-152/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tələbkar X1, onun vəkili və nümayəndəsi X4, Borclu vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadından Borclu və onun vəkili Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3734/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Nayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-64/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu şikayət verərək həmin qərardadın ləğv edilməsi və təqdimatının təmin edilməməsi xahiş edir. Şikayəti onunla əsaslandırmışdır ki, Borclu məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil onun qeydiyyatda olduğu və daimi yaşadığı yegənə mənzildir. Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi borclunun yeganə yaşadığı mənzilə tələbin yönəldilməsinə imkan vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclunun vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə etdi, həmçinin bildirdi ki, təmsil etdiyi şəxsin icra sənədindən məlumatı olmayıb. İcra sənədi icraya yönəldiləndən sonra məlumatı olub. Guya icra sənədi itirildiyi üçün 2021-ci ildə dublikatı verilib. Borclu həbsdən yeni çıxıb, 3 il ərzində həbsdə olub, iş yeri də yoxdur. Qətnaməni icra etmək niyyəti var, sadəcə olaraq hissə-hissə icra etməyə imkanı çatar. Həbs qoyulan mənzil borclunun yeganə yaşayış sahəsidir və orada da anası ilə birlikdə yaşayır. Bir otağında anası ilə yaşayır, digər otağı isə icarəyə verib, dükan kimi fəaliyyət göstərir. Lakin mənzil qeyri-yaşayış sahəsi deyil. Məhkəmə iclasında tələbkar X2 şikayətə etiraz edərək bildirdi ki, hazırki obyektin şirniyyat sexi kimi icarəyə verilməsini polisdən öyrəndi. Çünki, borclunun barəsində polisə şikayət vermişdir. Borclu həbs qoyulan mənzildə yaşasa idi polis onu tapardı. Borclunun maddi imkanı yaxşıdır. Özü yeni hündürmərətəbəli binalar tikir. 2010-cu ildə narkotiklə tutulduğu üçün həbsə salındı və bir il yarımdan sonra azadlığa çıxdı. Serebral iflic olan azyaşlı uşağına aliment də ödəmir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X5 şikayətə etiraz edərək bildirdi ki, şikayəti qəbul etmir, əsassız hesab edir. Borclu qeyri-yaşayış sahəsini müxtəlif şəxslərə icarəyə verir. 2008-cildən bugünə kimi tələbkar icra vərəqəsinin icrasını tələb edir. İcra vərəqəsini itirdikləri üçün dubilkatı verildi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, mənzilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini nəinki könüllü icra müddətində, 13 ilə yaxın müddətdə icra etməməsidir. Belə ki, xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini almış qətnamə bugünə qədər icra edilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, üzərinə həbs qoyulan mənzilin borclunun yeganə yaşayış sahəsi olması da sübuta olunmur. Çünki, belə olsaydı həmin mənzil qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərməzdi. Düzdü, borclu tərəf mənzilin yalnız bir hissəsinin, yəni bir otağının ticarət obyekti kimi fəaliyyət göstərdiyini bildirsə də bu halı sübut etməlidir. Çünki, bu halı sübut etmək yükü borclunun üzərinə düşür. Ona görə də qeyd olunan halları borclu sübuta yetirə bilmədiyindən mənzilin üzərinə həbs qoyulmasından imtina etmək üçün də əsas yoxdur. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-152/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-152/2021
19.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver