Məhkəmə qərarları › İş №8(103)-152/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-152/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-152/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadından “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-3030/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 01 mart 2023-cü il tarixdə qəbul etdiyi məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla müəyyən edilməsi haqqında qərarının və onun xx.xx.2024-cü il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadına əsasən tərəflər arasında hazırki şikayət üzrə obyektiv və düzgün qərarın qəbul edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin alınması və mütəxəssis rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadından “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini, əks halda hazırki şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi olduqları 8(001)-110/2025 saylı iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə qərardad qəbul edərək həmin məhkəmə işi üzrə mütəxəssis rəyin alınmasını və işin həll edilməsi məqsədi ilə mütəxəssis qismində cəlb edilmiş Dövlət Əmək Müffətişliyi Xidmətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar məcburi iş buraxma dövrü üçün tutulmalı olan əmək haqqı məbləğinin nə qədər təşkil etməsi sualının cavablandırılması həvalə edilmişdir. Tərəflərindən məhkəmənin sözügedən qərardadından elektron məhkəmə vasitəsi ilə şikayət verilmiş, lakin məhkəmə özünün xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadı ilə verilmiş şikayəti geri qaytarmışdır. Məhkəmənin sözügedən qərardadı tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərardadının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 64.1 və 64.2-ci maddələrinə istinad etmiş və bu zaman öz hüquqi mövqeyini qərardadda belə əsaslandırmışdır: “Beləliklə, hesab edirəm ki, mütəxəssis rəyin alınması barədə qərardaddan şikayətin verilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmadığından, həmin qərardadın yalnız dayandırma hissəsindən şikayət nəzərdə tutulduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadından “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır.” Məhkəmənin sözügedən hüquqi mövqeyini tam əsassız hesab etməklə yanaşı şikayət ərizəsində qeyd edilmişdir ki, məhkəmə hazırki iş üzrə istinad etməli olmayan və hazırki işə hər-hansı bir aidiyyəti olmayan maddələrə istinad etməklə həmin maddələri əsassız olaraq hazırki işə tətbiq etmişdir. Belə ki, məhkəmə öz qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etmişdir. Lakin hazırki iş üzrə həmin maddəyə istinad etmək tam qanunsuz və əsassızdır. Belə ki, sözügedən MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sözügedən maddə MPM-nin 13-cü maddəsinin tərkibidir və qeyd edilən maddəyə baxdıqda görərik ki, sözügedən maddə mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlara aiddir. Göründüyü kimi, məhkəmə sözügedən 13.4-cü maddəni ancaq onun icraatında olan mülki işlərə münasibətdə tətbiq edə bilər. Lakin elə onların qanunsuz hesab etdikləri hazırki qərardadın ən azından nömrəsindən 8(001)-110/2025 də göründüyü kimi sözügedən məhkəmə işinin növü mülki iş deyildir. Sözügedən işin növü hətta elektron məhkəmə sistemində də məhkəmə qətnamələrinin (qərarlarının) icarsı növü kimi qeyd edilmişdir, yəni sözügedən iş məhkəmə qətnamə (qərarlarının) icrasına yönələn işdir. Digər tərəfdən, mülki prosessual məcəllə həmin məcəllənin 1.1-ci maddəsində sadalanan digər hüquqi aktlarla birlikdə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını müəyyən edir. Həmin məcəllənin məhkəmədə mülki işə başlamaya aid edilən 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məlum olduğu kimi, sözügedən MPM-nin rəsmi qaydada verilən sənədləri tənzimləyən 134-cü maddəsində rəsmi qaydada verilən sənədlər siyasında həmçinin, iddia ərizəsi də (maddə 134.1.1) vardır. İddia ərizəsinin forması və məzmunu sözügedən Məcəllənin 149-cu maddəsində sadalanmışdır və iş materiallarından da göründüyü kimi, nə AYNA, nə Tələbkar içərisində hər-hansı bir mülki tələb olan iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. AYNA-nın hazırki 8(001)-110/2025 nömrəli iş üzrə verdiyi şikayət ərizəsində mübahisələndirdiyi məsələ icra məmurunun apardığı hesablamanın düzgün və ya səhv olması deyil, tərəflərindən mübahisələndirilən məsələ məhz onun səlahiyyəti olmadan (mütəxəssis cəlb etmədə və ərazi aidiyyətini pozmaqla) həmin hesablamanı aparmasıdır. Yəni, sözügedən şikayət ərizələrinin tələbi hər-hansı bir mülki tələb deyil, icra məmurunun qanunsuz hərəkətləridir, yəni sözügedən şikayət mülki şikayət deyil, icra hərəkətlərindən şikayətdir. Həmçinin, yuxarıda qeyd etdikləri kimi, məhkəmə əsassız olaraq MPM-nin 64.1 və 64.2-ci maddəsinə istinad etmişdir. Sözügedən maddələrin hazırki iş üzrə tətbiq edilə bilməməsi ilə əlaqədar mövqelərini onlar Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-110/2025-ci il tarixli xx.xx.2025-ci il tarixli qərardadından elektron məhkəmə sistemi vasitəsi ilə verdikləri şikayət ərizələrində qeyd etmişlər və bununla əlaqədar bir daha qısa olaraq bildirmişlər ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1-ci (Mütəxəssis) maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Sözügedən maddənin məzmunundan da göründüyü kimi, həmin maddə məhkəmənin icraatında olan mülki iş üzrə məhkəmə mübahisəsi zamanı məhkəmə zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsin həmin məsələ üzrə rəyinin alınmasına zərurət yarandıqda işə mütəxəssis cəlb edir. Digər tərəfdən MPM-nin 64.2-ci maddəsi də hazırki işdə ümumiyyətlə tətbiq edilə bilməz, çünki məhkəmə özünün hətta 8(001)-110/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadında mütəxəssisin məhkəmə prosesinə çağırılmasını deyil, mütəxəssis kimi tanıdığı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəy verilməsini həvalə etmişdir. Məlum olduğu kimi Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət orqanıdır və ona rəy verilməsi barədə müraciət edilmə imkanı MPM-nin 60-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin 60-cı maddəyə əsasən (Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı) qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Normanın imperativ məzmunundan göründüyü kimi, məhkəmə dövlət orqanına rəy verilməsi məqsədi ilə məhkəməyə tərəfindən müraciət etmək hüququnu ancaq qətnamə çıxaranədək vermişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı Tələbkar iddia tələbi üzrə məhkəmənin qətnaməsi xx.xx.2022-ci il tarixdə verilmiş (qanuni güvvəyə minmiş) və icra edilmişdir. Məhz bu səbəbdən məhkəmənin qətnaməsi icra edildikdən sonra dövlət orqanına rəy verilməsi məqsədi ilə məhkəmənin qəbul etdiyi qanunsuz qərardadından tərəflərindən verilmiş şikayətə məhkəmənin baxmayaraq şikayəti geri qaytarılması barədə qərardad verməsi də tam qanunsuzdur. Bir daha bildirmişlər ki, hazırki iş mülki mübahisə ilə əlaqədar olan iş deyil, sözügedən iş məhkəmə qətnaməsinin icra edildikdən sonra icra məmurununun səlahiyyətlərini aşaraq qəbul etdiyi qərardan tərəflərindən verilmiş şikayətlə əlaqədar olan məhkəmə işidir. Məhkəmə tərəfindən icraatında olan iş üzrə qəbul etdiyi qətnamədən sonra həmin iş üzrə hər-hansı bir qərarın qəbul edilməsi halları və proseduru Azərbaycan Respublikası MPM-nin 228-230-cu maddələrində qeyd edilmişdir. Sözügedən işdən də göründüyü kimi, hazırki iş MPM-nin 228-230-cu maddələrində qeyd edilmiş məhkəmənin iş üzrə qəbul etdiyi qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsi barədə xüsusatlara aid deyil və hazırki məhkəmə işində həmin halların heç biri mövcud deyildir. Məhkəmə özünün qəbul etdiyi 8(001)-110/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından tərəflərindən xx.xx.2025-ci il tarixdə vermiş olduqları şikayətin geri qaytarılması barədə qərardad versə də, həmin qaytarmaya hansı halın səbəb olmasını əsaslandırmamış və MPM-nin müvafiq normasına istinad etməmişdir. Halbuki, MPM-nin 264-cü (qərardadın məzmunu) maddəsinə əsasən məhkəmə qərardadını məhz şikayət ərizəsinin geri qaytarılması barədə çıxarılmasını (264.0.4) göstərərək gəldiyi nəticənin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad etməliydi (264.0.5.), lakin sözügedən qərardaddan göründüyü kimi məhkəmə bunu etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mütəxəssis rəyinin alınması barədə qərardaddan şikayətin verilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmadığından, həmin qərardadın yalnız dayandırma hissəsindən şikayət nəzərdə tutulduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 8(001)-110/2025 saylı qərardadından “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-110/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar