Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-153/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin borcluya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatının təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(011)-168/2021 saylı qərardadından maraqlarına toxunan şəxs X3 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi (icra məmuru Mehdi Zeynalov) təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, Borclu məxsus 1 ədəd Samsung markalı televizorun, 1 ədəd künc divanın, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd Simens markalı paltaryuyan maşının, 1 ədəd qara rəngli televizoraltının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(011)-1748/2019 saylı icra sənədinə əsasən Borclu 16500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 16530 manat Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 02.03.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və müvafiq icra tədbirləri həyata keçirilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün şöbə tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün borclunun mənzilinə baxış keçirilmiş, baxış zamanı Borclu məxsus 1 ədəd Samsung markalı televizor, 1 ədəd künc divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd Simens markalı paltaryuyan maşın, 1 ədəd qara rəngli televizoraltı siyahıya alınaraq akt tərtib edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyumaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(011)-168/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuşdur. Maraqlarına toxunan şəxs X3 birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması, üzərinə həbs qoyulmuş daşınar əmlakların borcluya məxsus olmamaqla onun mülkiyyətində olması, həmin əşyaların yerləşdiyi mənzilin də onun xüsusi mülkiyyətində olması, borclunun həmin mənzildə sadəcə yaşaması, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən borclu şikayəti əsaslı sayaraq, təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, o, anasının mülkiyyətində olan ünvan 1 ünvana gələrək, anasına məxsus daşınar əşyaların üzərinə həbs qoyumuşlar, lakin mülkiyyətçinin iştirakı təmin olunmamışdır. Onun hüquqi baxımdan savadı olmadığından, buna etiraz etməmişdir. Lakin, anası bunu bildikdən sonra şikayət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır, bu səbəbdən də ləğv olunmalıdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə, həmçinin maraqlarına toxunan şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(011)-1748/2019 saylı icra vərəqəsinə əsasən - Borclu 16500 manat pul vəsaiti alınaraq Tələbkar ödənilməlidir. Həmin icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən 02 mart 2020-ci il tarixdə icraata başlanmışdır. Qeyd edilən icra sənədi üzrə məcburi icra tədbiri kimi icra məmurları tərəfindən Bakı şəhəri, Cavanşir küçəsi, ev 21, mənzil 6 ünvanına baxış keçirilmiş və 03 fevral 2021ci il tarixli aktla həmin mənzildə yerləşən 1 ədəd Samsung markalı televizorun, 1 ədəd künc divanın, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd Simens markalı paltaryuyan maşının, 1 ədəd qara rəngli televizoraltının üzərinə həbs qoyulmuşdur. Bundan sonra, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi borcluya məxsus qeyd edilən əmlakların üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimatla müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(011)-168/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuş, maraqlarına toxunan şəxs X3 həmin qərardaddan şikayət vermişdir. Şikayətin dəlillərindən də göründüyü kimi, maraqlı şəxs üzərinə həbs qoyulmuş daşınar əşyaların ona məxsus olmasını və onun mülkiyyətində olan mənzildə yerləşməsini, bu halın nəzərə alınmamasını və s. göstərmişdir. İlkin olaraq qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əşyaların yerləşdiyi mənzilin maraqlı şəxsin mülkiyyətində olması mübahisələndirilmir (eyni zamanda, elektron məhkəmə informasiya sistemindən də mənzilin X2 mülkiyyətində olması görünür). «İcra haqqında» Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göründüyü kimi, məcburi icra tədbiri kimi əmlak üzərinə həbsin qoyulması dedikdə məhz borcluya məxsus əmlak başa düşülür. Qanuni əsas olmadan başqa şəxslərə məxsus əmlak üzərinə həbsin qoyulması isə onların hüquqlarının əsassız məhdudlaşdarılması ilə nəticələnə bilər. Lakin, işə baxılarkən mənzilin mülkiyyətçisi icraata cəlb olunmamış, üzərinə həbs qoyulmuş əşyaların borcluya məxsus olmasını aydınlaşdırılmamışdır (eyni zamanda, birinci instansiya məhkəməsi şikayətə baxarkən də maraqlarına toxunan şəxsi icraata cəlb etməmiş, şikayətin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir). Belə olan halda isə, qərardad qanuni və əsaslı sayıla bilməz. Həmçinin qeyd edilməlidir ki, «İcra haqqında» Qanunun 45.2-ci maddəsinin tələbinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən isə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi, qanunverici icra sənədləri üzrə tələbin yönəldilməsi ardıcıllığını müəyyən etmişdir. İşdə isə icra məmuru tərəfindən qeyd edilən ardıcıllığa riayət edilməsinə dair sənədlər mövcud deyidir. Birinci instansiya məhkəməsi icra işini tələb edərək, ona baxış keçirməmiş (bu hal işdən görünmür), görülmüş icra tədbirləri və s. bu kimi halları aydınlaşdırmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən məsələlər maraqlarına toxunan şəxsi icraata cəlb etməklə işdə iştirak edən şəxslərin iştirakı ilə tam və hərtərəfli araşdırılmalı, onlara əsaslandırılmış qərardadla hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin borcluya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatının təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(011)-168/2021 saylı qərardadından maraqlarına toxunan şəxs X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(011)- 168/2021 saylı qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №8(103)-153/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-153/2021
06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver