Məhkəmə qərarları › İş №8(103)-155/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-155/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-155/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu Mənzil – Tikinti Kooperativinin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: qətnamənin hissə-hissə icra olunması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Borclu MTK-nın borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 8(006)-20/2025 nömrəli qərardadından Borclu MTK-nın şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(006)- 1495/2023 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar Borclu MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh Borclu MTK tərəfindən 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən Tələbkar verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binada yerləşən sahəsi 145 kv.metr olan məzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat məbləğində pul vəsaiti cavabdeh Borclu MTK-dan tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.

2. Borclu MTK həmin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2023cü il tarixli, 2(006)-1495/2023 saylı icra sənədinin 24 ay müddətində hissəhissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir

3. Ərizənin əsaslarına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(006)-1495/2023 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar Borclu MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh Borclu MTK tərəfindən 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən Tələbkar verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binada yerləşən sahəsi 145 kv.metr olan məzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat məbləğində pul vəsaiti cavabdeh Borclu MTK-dan tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2576/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3549/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2576/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 26 deksabr 2023-cü il tarixli, 2(006)-1495/2023 saylı icra vərəqəsi verilmiş, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru C.Əliyev tərəfindən icra sənədi üzrə 14 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərarın surəti 25 dekabr 2024-cü ildə Borclu MTK-ya təqdim edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli sərəncamına əsasən «Pilot İnşaat-A” MTK (hazırda MTK) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 bina inşa etmişdir. Borclu MTK (hazırda MTK) tərəfindən 2016cı il tarixdə tikinti işlərinə başlanılmış və 2021-ci ildə tikinti işləri tam yekunlaşmış, tələbkara da müvafiq olaraq mənzillər təklif edilmiş, (hətta mülki iş birinci instansiya məhkəməsində olduğu zamanlarda da) lakin onun tərəfindən təklif edilmiş mənzillər qəbul edilməmiş, beləliklə həmin mənzillər başqa şəxslərə verilmişdir. Balanslarında hazırda hər hansı əmlak qalmamış, ona görə də yalnız icra sənədini hissəhissə icra edilməsi tərəflərindən mümkündür.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 8(006)- 20/2025 nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(006)-1495/2023 qətnaməsinin Borclu MTK tərəfindən 12 ay ərzində ödənilməklə hissə - hissə icra olunması qət edilmişdir.

5. Qərardadın əsaslarına görə, hazırki vəziyyətdə məhkəmə qətnaməsinin icrasının da təmin olunması məqsədilə ərizənin qismən təmin olunması daha məqsədə uyğundur. Belə ki, iş materiallarından, həmçinin məhkəmə iclasında borclunun nümayəndəsinin verdiyi izahatdan da göründüyü kimi borclu borcun ödəməsindən yayınma məqsədi daşımır.

6. Borclu MTK qərardaddan şikayət verərək, Nəsimi Rayon Məhkəməsi 8(006)- 20/2025 saylı, 06 mart 2025-ci il tarixli qərardadının qismən ləğv edilməsi və icra vərəqəsini 24 ay müddətində hissə-hissə icra edilməsinə Borclu MTK-ya müddət verilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməni 24 ay müddətində hissə-hissə icra edilməsinə vaxt verilməsini xahiş etsələr də, 12 ay müddət verilmişdir. Hesab edirlər ki, verilən müddət yetərli deyildir və həmin müddət ərzində tərəflərindən borcu tam ödəyib başa çatdıra bilməyəcəklər. Göstərilən borc məbləğindən əlavə digər şəxslərə borcları vardır və həmin ödənişləri də həyata keçirməyə məcburdurlar. Ona görə də, yalnız 24 aylıq müddətdə göstərilən borcu tam ödəyə bilərlər. Qətnamənin icrasından imtina etmirlər və vaxt veriləcəyi təqdirdə hissə-hissə ödəməyə hazırdırlar.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(006)- 20/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bu baxımdan, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, borclunun qətnaməni hissə-hissə icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Əgər qətnamənin icrası üçün borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri yoxdursa, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər nəticə verməmişdirsə, borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamə hissə-hissə icra oluna bilməz. Bundan əlavə, qətnamənin hissəhissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, müddət müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır.

12. Qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq qaydada nəzərə alınmalı, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləği və ya miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən ağlabatanlılıq və ədalətlilik meyarları rəhbər tutulmalı, qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalına və həmin hissələrin icra müddətinin həddən artıq çox olmamasına diqqət yetirilməlidir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.”

14. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrə tövsiyə etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

16. Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

17. İşin hallarından görünür ki, tərəflər arasında uzun müddətli məhkəmə mübahisələri olmuşdur, müqaviələlərin tarixi isə 2018-ci ilə təsadüf edir, yəni, tələbkarın hüquqlarının təmin olunması 6 ildən artıq müddət davam etmişdir. Lakin, birinci instansiya məhkəməsinin 1 il müddət müəyyən etməsinə baxmayaraq borclu bununla razılaşmayaraq bu müddətin 2 il müəyyən olunmasını xahiş edir.

18. Borclunun ərizəsinin bu qaydada təmin olunması tələbkarın mənafeyi baxımından qərardadın 12, 14-16-cı bəndlərində əks etdirilən hüquqi mövqelərlə uyğunsuzluq təşkil edir.

19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 8(006)-20/2025 nömrəli qərardadından Borclu Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 8(006)-20/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar