Məhkəmə qərarları › İş №8(103)-156/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-156/2022

05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-156/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-216/2022 saylı iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5922/2019 saylı, 03.10.2019-cu il tarixli icra vərəqinə əsasən tələbkarlar Tələbkar1 və Tələbkar2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 9 saylı evə köçürülməlidirlər. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 16.11.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin tələb borclu tərəfindən təmin edilməmişdir. 24.02.2022-ci il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edilərək, Borclu göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-216/2022 saylı iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu xx.xx.1983-cü il təvəllüdlü Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclu qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5922/2019 saylı, 03.10.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatının bütünlükdə rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-216/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardadın dəyişdirilmədən saxlanılması, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. Kollegiya hesab edir ki, Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilibverilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-216/2022 saylı iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-216/2022 saylı iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar