Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-157/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-24/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadından tələbkar Mehtiyeva Rəqsanə Ağababa qızı və ərizəçi Əhmədova Lalə Hacıağa qızı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tələbkar Mehtiyeva Rəqsanə Ağababa qızı və ərizəçi Əhmədova Lalə Hacıağa qızı şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi rayon icra və probasiya şöbəsinin 28.08.2020-ci il tarixli “icraata xitam verilməsi” barədə qərarının ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin 28.08.2020-ci il tarixli qəran qanunsuz olduğu üçün ləğv edilməli və icra hərəkətləri davam etdirilməlidir. Belə ki, həmin icra sənədinin icrası barədə 05.03.2020 tarixli akt "xxxx” MMMC-nin səlahiyyətli şəxsi olan İdarə Heyətinin sədri Azər Quliyev tərəfindən imzalanmamışdır. Həmin aktı "xxxx” MMMC tərəfindən heç bir səlahiyyəti olmayan kənar şəxs Vasif Xudiyev imzalamışdır. Məhz ona görə də "xxxx” MMMC sahə mülkiyyətçilərinin liftlərdən istifadə hüququnu istədiyi vaxt dəfələrlə məhdudlaşdırmışdır. Halbuki, mübahisə üzrə yekun məhkəmə qərarı olmadığı və qüvvəyə minmədiyi üçün iddianın təmin tədbiri olan Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilə bilməzdi. MPM-nin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 8(006)-24/2021 saylı qərardadı ilə Məhkəmənin 2(006)-2619/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədi üzrə tələbkar Mehtiyeva Rəqsanə Ağababa qızı və ərizəçi Əhmədova Lalə Hacıağa qızı tərəfindən icra məmurunun “icraata xitam verilməsi” barədə qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Mehtiyeva Rəqsanə Ağababa qızı və ərizəçi Əhmədova Lalə Hacıağa qızı şikayət verərək, onun ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin taktiki hallarını araşdırmamışdır. Belə ki, şikayətlərində qeyd elmişlər ki, icra sənədinin icrası barədə 05.03.2020-ci il tarixli aktı "xxxx” MMMC tərəfindən heç bir səlahiyyəti olmayan kənar şəxs Vasif Xudiyev imzalamışdır. Ona görə ki, aktı imzaladığı tarixdə özünü komendant kimi təqdim etmiş Vasif Xudiyevlə “xxxx” MMMC arasında əmək müqaviləsi olmamışdır. Məhkəmə portaldan sorğu verib məlumatı dəqiqləşdirsə idi, görərdi ki, Vasif Xudiyevlə “xxxx” MMMC arasında əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud deyil. Buna baxmayaraq, məhkəmə icra məmurunun hərəkətlərini qanuni hesab edərək icra sənədini icra etdiyi qənaətinə gəlmişdir. Şikayətlərində qeyd etmişlər ki, həmin icra sənədinin icrası barədə 05.03.2020 tarixli akt "xxxx” MMMC-nin səlahiyyətli şəxsi olan İdarə Heyətinin sədri Azər Quliyev tərəfindən imzalanmamışdır. Məhkəmə isə şikayət etdikləri qərardadın təsviri hissəsində qeyd edir ki, Azər Quliyev aktı imzalamışdır. Halbuki, məhkəməyə təqdim etdikləri, onlara icra məmuru tərəfindən verilmiş aktın surətində Azər Quliyevin imzası yoxdur. Hətta akt tərtib edilərkən Azər Quliyev icra məmuruna müqavimətin mənasız olmasını görüb oradan uzaqlaşmışdı. Mobil telefon operatorlarına sorğu verib müəyyən etmək olardı ki, aktın imzalandığı tarixdə və saatda Azər Quliyev və icra məmurunun əhatə dairəsində olduqları mobil rabitə operatorlarının antenaları müxtəlif ərazilərdə yerləşmişdir. Eyni müvəffəqiyyətlə məhkəmə TŞ kameraları vasitəsi ilə də faktı araşdıra bilərdi. Şikayətlərində qeyd etmişlər ki, İcra haqqında Qanunun 20.2-ci maddəsinin tələbinə zidd olaraq “icraata xitam verilməsi barədə qərar” tərəflərə göndərilməmişdir. Sahə mülkiyyətçilərinin liftlərdən istifadə hüququ davamlı məhdudlaşdırıldığından icra məmuru Cəlaləddin Əliyevlə telefon danışığı zamanı 23.11.2020 tarixdə onlara məlum olmuşdur ki, icra sənədi üzrə icraata xitaın verilmişdir. Məhkəmə şikayətin bu əsasını ümumiyyətlə araşdırmamışdır. Halbuki, onların konstitusion məhkəmə müdafiə hüquqları pozulmuşdur. Məhkəmə işi araşdırsa idi, ona məlum olardı ki, “icraata xitam verilməsi barədə qərar”ın tələbkarlara təqdim olunması barədə poçt qəbzləri mövcud deyildir. Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin 28.08.2020-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra məmurunun qanunsuz qərarı Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyev tərəfindən təsdiq edilmişdir. Lakin, İcra haqqında Qanunun 20.2-ci maddəsinin tələbinə zidd olaraq tərəflərə göndərilməmişdir. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Mübahisə üzrə yekun məhkəmə qərarı olmadığı və qüvvəyə minmədiyi üçün iddianın təmin tədbiri olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2619/2020-006 saylı, 03.03.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilə bilməzdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 8(006)-24/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər, buna görə də kollegiy aonların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş, şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. İşin müəyyən olunmuş hallarına əsasən Nəsimi Rayon Məhkəməsinin 03.03.2020ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən ünvan 1 ünvanda olarkən "xxxx” MMMC-nin sədri Quliyev Azər Həmid oğluna qərardadın mahiyyəti izah olunmuş, qərar və bildirişin surəti ona və binanın komendantı Xudiyev Vasif Hüseyn oğluna təqdim olunmuşdur. “xxxx” Mənzil MMC-nin məsul şəxslərinə, binanın komendantı Xudiyev Vasif Hüseyn oğluna sakinlərin liftdən istifadə üçün nəzərdə tutulmuş kartların bloklaşdırılması, həmçinin mənzil mülkiyyətçilərinin mülkiyyət hüquqlarını istənilən formada məhdudlaşdıran hərəkətlər etmək cavabdehə qadağan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah olunaraq xəbərdar olunmuş və bununla da qərardadın icrası təmin olunmuşdur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi şikayətə baxılması ilə bağlı icra işini tələb edərək araşdırmamış və Quliyev Azər Həmid oğlunun və Xudiyev Vasif Hüseyn oğlunun “xxxx” MMMC-nin səlahiyyətli nümayəndələri olub-olmadıqlarını aydınlaşdırmamışdır. Buna görə də kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-24/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək iş, tələbkar Mehtiyeva Rəqsanə Ağababa qızı və ərizəçi Əhmədova Lalə Hacıağa qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-157/2021
21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver