Məhkəmə qərarları › İş №8(103)-158/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-158/2021

16.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-158/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, icra sənədi üzrə Borclu Maraqlı şəxs qərarından şikayətə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi inzibati xəta haqqında qərar qəbul edərək Borclu inzibati qaydada 200 manat cərimə tətbiq edib. Daha sonra həmin qərar (icra sənədi) icra edilməsi üçün Maraqlı şəxsnə göndərilib. Maraqlı şəxs icra məmuru bu icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edib. Borclu icra məmurunun xx.xx.2020-ci il tarixli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, bu şikayət təmin edilməsin. Daha sonra Borclu Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından şikayət verib. Həmin şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət təmin edilə bilməz. Belə ki, icra məmuru “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarı Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin inzibati xəta haqqında qərarı üzrə qəbul edib. “İcra haqqında” Qanunun 6.1.5-ci maddəsinə görə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədi hesab olunur. İcra məmuru icra sənədini aldıqda onun 2 davranış imkanı olur: 1) üç gün müddətində icra sənədi üzrə icraata başlamaq; 2) üç gün müddətində icra sənədini qaytarmaq. İcra sənədi üzrə icraata başlamanın əsasları “İcra haqqında” Qanunun 8-ci maddəsində, icra sənədinin qaytarılmasının əsasları isə həmin Qanunun 9-cu maddəsində müəyyən olunub. Əgər icra sənədinin qaytarılması üçün əsas yoxdursa icra məmuru icra sənədi üzrə icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Hazırkı işdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul etməsi onu təsdiq edir ki, o, icra sənədinin qaytarılması üçün əsas müəyyən etməyib. Borclu isə şikayətində icra sənədinin qaytarılmasına əsas olan hər hansı halı göstərməyib. Şikayətin dəlillərindən görünür ki, Borclu 19-cu Polis Bölməsinin inzibati xəta haqqında qərarından narazıdır. İnzibati xəta haqqında qərar qanunla müəyyən edilmiş müddətdə və qaydada mübahisələndirilə bilər. Borclu polisin inzibati xəta haqqında qərarını mübahisələndirmək əvəzinə icra məmurunun qərarını mübahisələndirib. Nə qədər polisin qərarı ləğv edilməyib icra məmuru həmin qərarı icra etməyə borcludur. Beləliklə, xx.xx.2021-ci il tarixli qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar