Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-158/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə ərizəsinə dair icraat üzrə (Açar sözlər: ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə ərizəsinə dair icraat üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-54/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi X7 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. X3 məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3274/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay 160 manat alimentin tutulması qərara alınmışdır. Keçən dövr ərzində onun tərəfindən aliment vaxtında ödənilmiş, əlavə olaraq uşağın zəruri xərcləri artıqlaması ilə qarşılanmışdır. Sonra Tələbkar yenidən məhkəməyə müraciət edərək alimentin artırılması barədə məhkəməyə ərizə vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5234/2023 saylı qətnaməsi ilə alimentin məbləği artırılmış, Həsənov Rasimdən onun təqaüdünün ¼ hissəsində alimentin tutulması qərara alınmışdır. Qeyd edir ki, o, 1000 manatdan çox təqaüd alır. İkinci qətnamədən sonra da onun tərəfindən aliment vaxtında ödənilir. Lakin, tələbkar iddia edir ki, əvvəlki məhkəmə qətnaməsi üzrə 5000 manat aliment borcu qalmışdır. Rəsmi ödənişlərdən başqa uşağın təhsillə bağlı kurs ödənişləri, geyim və ləvazimati və s.lə bağlı o, xərc çəkmiş və tələbkarla telefon əlaqəsi saxlamış və onlar arasında olan razılığa əsasən uşağa çəkilən həmin xərclər ümumi alimentdən çıxılmalı idi. Həmin razılığa baxmayaq, tələbkar həmin xərcləri nəzərə almaq istəmir. Nəticədə yeni qətnamə əsasında icra məmuru (Suraxanı İcra Şöbəsi) aliment tələbini borclunun təqaüdünə yönəldir, eyni zamanda bildirir ki, qalıq borc da nəzərə alınarsa, o zaman təqaüdə 70% yönəltmə edilməlidir. Bu haqsız bir durum yaradır və nəzərə alınmalıdır ki, onun digər övladı da var. Üstəlik aliment nağd şəkildə ödənildiyindən icra məmurunun bu halda təqaüdə yönəltmə etməsi qanuni sayıla bilməz. Digər tərəfdən həmin 5000 manat deyilən aliment ödənilmişdir. Qəbzlər məhkəməyə proses vaxtı təqdim olunacaqdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-54/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi X5 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, borclu məhkəmə iclasında ödədiyi qəbzlərdə müəllimlərə ödənilən pulun, uşağın xərclərinin, məktəb xərclərinin də olduğunu bildirmişdir. Tələbkar isə bank kartında olmayan ödənişləri qəbul etmədiyini bildirmişdir. X2 Tələbkar ilə aralarında razılıq əsasında həmin ödənişlərin həyətə keçirilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, tələbkar razılıq olduğunu inkar etmiş, borclu isə bu razılığı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da, görünür ki, borclu və tələbkar arasında məsələ ilə bağlı barışıq əldə olunmamışdır. Həmçinin, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, və X3 həmin müqavilə üzrə Tələbkar ödənişlər etmişdir. Eyni zamanda, icra məmuru tərəfindən müvafiq hesablaşmalar aparılmış və bunun nəticəsində bəlli olmuşdur ki, tələbkarın hesabına yüklənilən pul məbləğləri borclunun 5000 manat həcmində borcunu əhatə etmir. Bank hesabından kənar ödənilmiş pul məbləğləri tələbkar tərəfindən qəbul edilməmişdir, həmçinin, borclu onların mənşəyini sübut edə bilməmişdir. Həmçinin, iş materiallarında olan inzibati xəta haqqında qərardan da görünür ki, borclu məhkəmə iclasında hazırki iş üzrə mübahisəli aliment hissəsinə aid borcdan 500 manat ödəniş etdiyindən və mütəmadi olaraq ödəniş edəyəcəyini bildirdiyindən, onun əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Nəticə etibarı ilə, borclu öz etirazlarının əsaslarını sübut edə bilməmişdir. Qeyd olunan icra sənədi üzrə icraata xitam verilməsinə dair ərizənin dəlillərinə gəldikdə, məhkəmə borclunun bu tələbini əsassız hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, icra məmurunun hərəkətləri qanunsuz hesab edilə bilməz və icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyula bilməz.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. xx.xx.2023-cü il tarixdə ərizəçi X7 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(010)-54/2024 saylı qərardadı ləğv edərək yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3274/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay 160 manat alimentin tutulması qərara alınmışdır. Keçən dövr ərzində Həsənov Rasim tərəfindən aliment vaxtında ödənilmiş, əlavə olaraq uşağın zəruri xərcləri artıqlaması ilə qarşılanmışdır. Sonra Tələbkar yenidən məhkəməyə müraciət edərək alimentin artırılması barədə məhkəməyə ərizə vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5234/2023 saylı qətnaməsi ilə alimentin məbləği artırılmış, Həsənov Rasimdən onun təqaüdünün ¼ hissəsində alimentin tutulması qərara alınmışdır. Qeyd edək ki, Həsənov Rasim 1000 manatdan çox təqaüd alır. İkinci qətnamədən sonra da borclu tərəfindən aliment vaxtında ödənilir. Lakin, tələbkar iddia edir ki, əvvəlki məhkəmə qətnaməsi üzrə 5000 manat borc aliment qalmışdır. Rəsmi ödənişlərdən başqa uşağın təhsillə bağlı kurs ödənişləri, geyim və ləvazimati və s.lə bağlı Həsənov Rasim xərc çəkmiş və tələbkarla telefon əlaqəsi saxlamış və onlar arasında olan razılığa əsasən uşağa çəkilən həmin xərclər ümumi alimentdən çıxılmalı idi. Həmin razılığa baxmayaq tələbkar həmin xərcləri nəzərə almaq istəmir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-54/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi X7 tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(010)-54/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(010)- 54/2024 saylı qərardadı qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1 İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, 2(004)-5234/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3274/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh X4 iddiaçı Tələbkar xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay əmək haqının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödəniləsi, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul cavabdeh X4 iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir.
13. Borclu icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi verildiyi vaxtdan keçən müddət ərzində borclu tərəfindən ödənişlər edilmiş, qalıq borcla bağlı tərəflər arasında razılıq əldə edilmişdir.
14. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsi və ya tərəflər arasında razılıq əldə edilməsi müəyyən edilməmişdir.
15. Göründüyü kimi, hazırkı halda icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 231, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-54/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev