Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-159/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Shibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov Borclu məxsus əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin 029 nömrəli 10.11.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3705,26 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra sənədi 12.11.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər borcluya şəxsən təqdim olunmuşdur. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus ünvan 1 ünvanında yerləşən əmlak komleksi kimi müəssisəsi aşkar edilmişdir. İcra sənədi üzrə tələbin ödənilməsi borcludan dəfələrlə tələb edilməsinə baxmayaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və lonu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakn üzərinə həbs qoyulması qərara alınmışdır (sədrlik edən: Tahirə Əsədova). Borclu məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov Bakı şəhəri Tələbkar 029 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədi üzrə borclu ona məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 120/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı ilə təmin edilərək mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmuşdur. Bakıxanov Bələdiyyəsi tərəfindən iddiaçı Borclu barəsində qəbul edilmiş 029 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı əsassız və qanunsuz qəbul edilmişdir. Bu səbəbdən həmin qərarın ləğv edilməsi barədə tərəfindən Bakı şəhəri, Bakıxanov bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir.Həmin iddia ərizəsi Bakı İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmiş, hakim Həmid Ağalarovun icraatına verilmişdir. Məhkəmə iclası 17 mart 2021-ci il tarixə təyin edilmişdir. Mübahisələndirilən qərar ləğv edilməlidir. Məhkəməyə verilmiş iddianın əsaslı olub olmaması barədə qərarın verilməsi yalnız məhkəmənin səlahiyyətidir. İddianın rədd edilməsi ilə yanaşı təmin edilmə ehtimalı daha çoxdur. İddia təmin edildiyi halda, Bakıxanov Bələdiyyəsi tərəfindən 029 nömrəli, 10.11.2020-ci il tarixdə qəbul edilmiş qərar ləğv ediləcəkdir. Belə olan halda Bakıxanov Bələdiyyəsi tərəfindən tərtib edilmiş qərar öz əhəmiyyətini itirmiş olacaqdır. Qanuni qüvvəyə minməmiş Bələdiyyə qərarı əsasında əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatın təmin edilməsi əsassızdır. Bundan əlavə borclu icra sənədi üzrə icranın dayandırılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 18.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 18.03.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 03.11.2020-ci il tarixli Aktdan görünür ki, Borclu ona məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, 3A ünvanında yerləşən qeyri yaşayış sahəsinə görə əmlak, torpaq borcu barədə tədiyyə bildirişinin verilməsinə baxmayaraq vergi borcunu ödəməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin 029 nömrəli 10.11.2020-ci il tarixli qərarına əsasən Borclu 3705,26 manat məbləğində pul vəsaiti tutularaq Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12.11.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12.11.2020-ci il tarixdə Borclu bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarından görünür ki, Borclu məxsus ünvan 1 ünvanında yerləşən əmlak komleksi kimi müəssisəsi müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanunun 76.1-ci maddəsinə əsasən Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. Həmin Qanunun 76.2-ci maddəsinə əsasən inzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-maddəsinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş akt qüvvədə olduğundan və həmin aktdan Bakı İnzibati Məhkəməsinə verilmiş şikayət Balaxanı Bələdiyyəsinin 10.11.2020-ci il tarixli qərarının icrasını dayandırmadığından birinci instansiya məhkəməsi Sabunçu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimatı təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-120/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-159/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-159/2021
30.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver