Məhkəmə qərarları › İş №8(103)-159/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-159/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-159/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ qətnamə əsasında xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiya edilməsinə dair X2 ərizəsi üzrə (Açar sözlər: ödənilməli pul məbləğinin indeksasiyası) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiya edilməsinə dair X2 ərizəsi üzrə həmin məhkəmənin 03 aprel 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. X1 Əsgər qasım oğluna və Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manatın, çülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş il üçün 5% olmaqla iki il ərzində cəmi 327 manatın, Dövlət Statistika Komitəsi tərəfindən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 288 mantın, əldən çıxmış fayda kimi 7850 manatın, mənəvi zərərin əvəzi kimi 15 000 manatın, yəni cəmi 26 737 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Borclu qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manatın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manatın tutularaq dəymiş maddi zərərə görə X3 ödənilməsi qət olunmuşdur.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi 16 may 2022-ci ildə icra olunması üçün icra şöbəsinə göndərilmişdir.

4. Borclu 3599 manat borc məbləğini xx.xx.2024-cü il tarixdə tam şəkildə ödəmişdir.

5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə dair xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, istehlak qiymətləri indeksi 2023-ci ilin dekabr ayında 2019-cu ilin iyul ayına nisbətən 136,2 faiz təşkil etmişdir.

6. Dövlət Statistika Komitəsinin internet saytında olan “istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” vasitəsilə (https://www.azstat.org/pr03101011/) hesablanmış və əldə edilmiş nəticəyə əsasən, 2024cü ildə yanvar ayında 2022-ci ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 111,1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 11,1 faiz artmışdır.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat, qəbul olunmuş məhkəmə aktı

7. X5 (ərizəçi) ərizə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunan inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi səviyyəsinə uyğun olaraq, 3272 manatın indeksasiya olunub artırılmış hissəsi olan 1184 (bir min yüz səksən dörd) manatın Borclu xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə Borclu 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat məbləğində pulun tutularaq dəymiş maddi zərərə görə ona ödənilməsi qət edilmiş, qətnamə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsində xx.xx.2024-cü il tarixdə icra olunmuşdur. İnflyasiya göstəricisinin səviyyəsini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müəyyənləşdirir. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən, cavabdehin 2019-cu ildən borclu olduğu 3272 manat məbləğində pul ödənilən günədək istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunmalı, cavabdehdən Dövlət Statistika Komitəsinin inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə dair xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunan istehlak qiymətləri indeksi 2023-ci ilin dekabr ayında 2019-cü ilin iyul ayına nisbətən 136,2 % olduğundan (qiymət artımı 36,2 %) həmin vaxt verməli olduğu 3272 manat pulun göstərilən müddət üçün indeksasiya olunaraq 1184 manat artımı tutularaq ona ödənilməlidir.

9. Birinci instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022ci il tarixli 2(006)-341/2022 saylı qətnaməsi ilə ödənilməli olan 3272 manat məbləğin indeksasiya olunmaqla 363,2 (üç yüz altmış üç manat, iyirmi qəpik) manatın Borclu alınaraq X3 ödənilməsi, ərizənin qalan hissədə rədd olunması qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 232.1-ci, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarına istinadla belə əsaslandırmışdır:

10.1. Pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. 10.2. Məhkəmə hesab edir ki, pul vəsaitinin indeksasiyasının 2019-cu ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək hesablanmalı olması barədə tələbkarın tələbi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 2(006)-341/2022 saylı mülki iş 16 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra şöbəsinə göndərilmişdir. Odur ki, istehlak qiymətləri indeksi hesablanarkən 2019-cu ilin iyul ayında deyil, 2024-cü ildə yanvar ayında 2022-ci ilin may ayına nisbətən neçə faiz təşkil etməsi, yəni həmin zaman ərəfəsində qiymətlərin səviyyəsinin dəyişməsi hesablanmalıdır. 10.3. Məhkəmə tərəfindən Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorundan hesablanmış və əldə edilmiş nəticəyə əsasən 2022-ci ildə yanvar ayında 2022-ci ilin may ayına nisbətən istehlak qiymətləri indeksi artmış, 111,1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 11,1 faiz artmışdır (3272 manatın 11,1 % = 363,2 manat).

11. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin 15 aprel 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, borc məbləği xx.xx.2024-cü il tarixdə Borclu tərəfindən bütövlüklə ödənilmiş, həmin tarixədək isə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Hakim tərəfindən qərardad qəbul edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyib, həmçinin işin faktiki halları hərtərəfli araşdırılmayıb. Yalnız şəxsi mülahizələrə əsaslanılıb. Qərardadın qəbul (tərtib) edilməsində məhkəmənin istinad etdiyi hallara diqqət etdikdə hakimin daxili inam və qanunlara əsaslanmasından çox qərəzçiliyinin ortada olması aydın şəkildə hiss edilir. Ödənilməli olan pul məbləğinin iyul 2019-cu il-yanvar 2024-cü il tarixlər arası indeksasiya olunmalı olduğunu sübut etsə də, məhkəmə “Məhkəmə hesab edir ki, pul vəsaitinin indeksasiyasının 2019-cu ilin iyul ayından 2023-cü ilin dekabr ayınadək hesablanmalı olması barədə tələbkarın tələbi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 2(006)-341/2022 saylı mülki iş 16 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra şöbəsinə göndərilmişdir. Odur ki, istehlak qiymətləri indeksi hesablanarkən 2019-cu ilin iyul ayında deyil, 2024-cü ildə yanvar ayında 2022-ci ilin may ayına nisbətən neçə faiz təşkil etməsi, yəni həmin zaman ərəfəsində qiymətlərin səviyyəsinin dəyişməsi hesablanmalıdır” qənaətinə gəlməsi şəxsi (formal) mülahizə olmaqla, Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsinə ziddir. Borclu ona qarşı 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddiaya əsasən keçirilən icraat zamanı məhkəmədə ifadə verərək ondan 2019cu ilin iyul ayının əvvəli və ortasında aldığı tikinti materialları olan qum, qırma daş və otsep materiallarının dəyəri olan 3272 manat məbləğin 2019-cu ilin iyul ayının sonuna qədər ödəməli olduğunu etiraf etdiyinə görə məhkəmə 04 fevral 2022-ci il tarixli qətnamə qəbul edən zaman borcun məhz 2019-cu ilin iyul ayında yarandığı qənaətinə gəlib və 2019-cu ilin iyul ayından 2021-ci ilin iyul ayına (iddia qaldırılan vaxta) kimi, yəni iki illik dövr üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcun hər gecikdirilmiş il üçün 5 % olmaqla cəmi 10 %-nin (3272 manatın 10 %-i olan 327 manatı) ödənilməsini də təmin edib. Əgər Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə borc məbləğinin 2019-cu ilin iyul ayının sonunda yaranması sübuta yetirilibsə, o zaman Nəsimi Rayon Məhkəməsinin borclunu dinləmədən qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla borcun 2022-ci ilin may ayında yaranması nəticəsinə gəlməsi qanunsuzdur, əsassızdır, ədalətsizdir və digər bir məhkəmə qətnaməsinə zidd olmaqla qanunlara qarşı hörmətsizlik, vətəndaşa qarşı qərəzçilik və şəxsi (formal) mülahizədir. Məhkəmə “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli iş üzrə qətnaməsi 16 may 2022-ci ildə icra olunması üçün icra şöbəsinə göndərilmişdir” halına istinad edərək indeksasiyanın başlanğıc (yaranma) tarixini səhv təyin etmişdir. Qərardadın qəbul edilməsi zamanı “Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür” yanlış qeyd edilmiş, “məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən” fikrini əsas götürüb indeksasiyanın tarıxının borcun yarandığı 2019-cu ilin iyul ayının sonundan deyil, hansı əsasla 2022-ci ilin may ayından hesablanması izah edilməmişdir. Qətnamənin qanuni qüvvəsini alma tarixinə əsaslanma qanunsuzdur, çünki həmin qətnamənin mahiyyətində borcun 2019-cu ilin iyul ayında yaranması sübuta yetirilib. Ona görə də hesab edir ki, xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və yeni qərardad qəbul edilərək indeksasiya barədə ərizəsi tam təmin edilməlidir.

Apellyasiya baxışı

13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun

14. Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir.

15. Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarı

18. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırkı iş üzrə apellyasiyanın həddini, qərardadın ərizəçinin şikayətinə münasibətdə və onun mübahisələndirdiyi hissədə (ərizənin təmin olunmayan hissəsində) yoxlanılması təşkil edir.

Məhkəmə kollegiyasının mövqeyi

21. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 16 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnamə əsasında ərizəçinin xeyrinə tutulmasına qərar verilmiş məbləğin, bundan əvvəlki dövr əsas götürülməklə indeksasiya olunması Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində nəzərdə tutulmuş institutun mənasına uyğun deyildir.

23. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2024 saylı iş üzrə 03 aprel 2024-cü il tarixli qərardadı X2 şikayətinə münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar