Məhkəmə qərarları › İş №8(103)-16/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-16/2021

29.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-16/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, cavabdeh (borclu) X1 tərəfindən verilmiş “Suraxanı Rayon Məhkəməsinin 2(010)-2415/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinə izah verilməsi barədə” ərizəsinə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Ramil Balayevin şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Ramil Balayev tərəfindən verilmiş “Suraxanı Rayon Məhkəməsinin 2(010)-2415/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinə izah verilməsi barədə” ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin Şikayət əsassızdır. Belə ki, qətnaməyə əsasən Ramil Balayevdən pul tutulmalıdır. O, qətnaməyə izah verilməsi barədə ərizəsində xahiş edib ki, qətnamənin göstərilən qətnamə növlərindən hansına aid olması barədə izah verilsin: 1) Mülki-Prosessual Məcəllənin 222ci maddəsində nəzərdə tutulan, pul vəsaitinin tutulması barədə qətnamə; 2) Mülki- Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulan, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə. Mülki-Prosessual Məcəllənin 230-cu maddəsində qətnamənin izah edilməsinin qaydası müəyyən edilmiş, lakin qətnaməyə izah verilməsinə əsas olan hallar həmin Məcəllədə müəyyən edilməmişdir. Bu əsaslar “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun qərarında və “İcra haqqında” Qanunda müəyyən edilmişdir. Belə ki, Plenum qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. O cümlədən “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, qətnaməyə izah verilməsinə əsas olan hallar bunlardır: 1) qətnamənin aydın olmaması; 2) qətnamənin dəqiq olmaması; 3) qətnamənin ziddiyyətli olması. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2415/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsində aydın və ya dəqiq olmayan, yaxud ziddiyyətli olan ifadələr və fikirlər qeyd olunmayıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq “qətnaməyə izah verilməsi barədə” ərizəni təmin etməyib, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar