Məhkəmə qərarları › İş №8(103)-16/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-16/2022

25.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-16/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-802/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, bir icraatda birləşdirilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019 saylı, 18.07.2019-cu il tarixli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2302/17 saylı, 15.08.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 saylı, 21.10.2019-cu il tarixli və 2(103)-12644/2017 saylı, 31.05.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilin üzərinə Borclu 1/2 payı həcmində həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, bir icraatda birləşdirilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019 saylı, 18.07.2019-cu il tarixli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2302/17 saylı, 15.08.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 saylı, 21.10.2019-cu il tarixli və 2(103)-12644/2017 saylı, 31.05.2018-ci il tarixli icra sənədləri üzrə borclunun tələbkara müvafiq olaraq 2169 manat, 1772 manat və 6000 manat ödənilməmiş borcu vardır. Bu səbəbdən də borclunun mülkiyyətində olan mənzilin üzərinə ½ payı həcmində həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-802/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan Tələbkar nümayəndəsi və vəkili X1 Bakı şəhər Yasamal rayon Məhkəməsinin 8(004)-802/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev 2018-ci ilin avqust ayinda təqdimatla Yasamal rayon məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 31.05.2018-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan, ünvan 2 ünvanda 54 nömrəli mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulması barədə qərardad şıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin 24.08.2018-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Borclu özü şikayət verərək təqdimatın təmin edilməsini xahiş etdiyindən, məhkəmə borclunun iradəsinə uyğun olaraq özünün 24.09.2018-ci il tarixli qərardadı ilə 24.08.2018-ci il tarixli qərardadını ləğv edərək sözü gedən mənzil üzərinə həbs qoymuşdur. Həmin qərardad hazırda da qüvvədədir. İcra məmuru məhkəmə qətnaməsinin icrası məqsədilə borclunun sözü gedən əmlakı üzərinə həbs qoyulmasına dair qərardadın qüvvədə olmasını bildiyi halda onlara məlum olmayan səbəbdən bu faktı gizlətmiş, mənzilin 1/2 hissəsi üzərinə həbs qoyulması barədə eyni tələblə yenidən məhkəməyə təqdimat göndərmişdir. Yeni məhkəmə aktının qəbul edilməsinə lüzum yox idi və məhkəmənin 24.09.2018-ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı icra edilməli idi. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, MPM-nin 261.0.2-ci maddəsinin müddəaları işi mahiyyəti üzrə həll edən qətnamə və qarardadlara aid olsa da, hazırkı iş üzrə onların analogiya baxımından tətbiq olunması hüquq qaydalarının ideya və ümumi prinsiplərinə zidd deyildir. Hesab edir ki, Yasamal rayon məhkəməsi MPM-nin 261.0.2-ci maddəsinin müddəalarını analogiya kimi tətbiq edərək işin icraatına xitam verməli idi. Əks halda qəbul edilmiş qərardad yalnız kolliziya (ziddiyyət) yaradılmasına xidmət edəcəkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-802/2021 saylı, 23.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tələbin həmin əmlaklara yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur.BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Kollegiya qeyd edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 8(004)-1241/2018 nömrəli qərardadı ilə borclunun əmlakının üzərinə həbsin qoyulması barədə təqdimat ilkin mərhələdə təmin edilməsə də, sonradan borclunun şikayəti əsasında, onun həmin mənzildə yaşamaması və başqa yaşayış yerinin olması nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12644/2017 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda da Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 8(004)- 1241/2018 nömrəli qərardadının qüvvədə olduğunu və icra edilməli olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayət üzrə mübahisələndirilən qərardadın ləğv edilməsinə zərurət yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 8(004)-1241/2018 nömrəli qərardadı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudusiallıq təşkil etmir. Belə ki, tərəflər eyni olsa da, əsaslar fərqlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-802/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar