Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-161/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Borclu Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 530 manatın alınaraq X1 verilməli olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə baxmayaraq icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını, icra şöbəsinə dəvət olunmasına baxmayaraq onun bundan imtina etdiyini bildirmiş, buna görə də borclunun məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, məhkəmə öz qərardadında icra məmurunun təqdimatında qeyd olunan əsasları təkrarlayaraq vurğulamışdır ki, borclu icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmış, həmçinin icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən imtina etmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra icraatının tərəfləri məhkəməyə gəlməmiş, Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsi isə hər hansı üzrlü səbəb göstərmədən nə nümayəndəsini, nə də icra işini göndərməmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. İş materiallarından, xüsusilə qərardaddan borclunun verdiyi şikayətə birinci instansiya məhkəməsində baxılarkən bilavasitə icra məmurunun bildirdiklərindən aydın olur ki, icra məmurunun çağırışlarına borclunun nümayəndəsi qismində qardaşı gəlmiş, icra icraatında məhz nümayəndə iştirak etmişdir. Bu isə o deməkdir ki, Borclu “icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs” kimi xarakterizə etmək mümkün deyildir– çünkü “İcra haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, “fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz”. Bu mənada kollegiya hesab edir ki, icra məmurunun “borclu icra şöbəsinə şəxsən gəlmədiyindən onun barəsində tədbirlər görülə bilmir” mülahizəsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, borclunun icra şöbəsinə şəxsən getməməsinin onun barəsində hansı tədbirlərin görülməsinə maneə yaratdığı aydınlaşdırılaraq təqdimata qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-12/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-161/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-161/2021
22.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver