Məhkəmə qərarları › İş №8(103)-161/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-161/2024

20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-161/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, X1 şikayəti üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi üçün icra vərəqəsinin icra şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 şikayəti təmin edilməmişdir. Həmin qərardaddan X3 tərəfindən verilmiş şikayət, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, şikayətə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs1 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün İcra şöbəsinə göndərilmişdir. Maraqlı şəxs2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3459/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 övladları xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00 dan saat 15:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Lakin 3 il müddətin keçməsinə baxmayaraq, tələbkar indiyədək cəmi 13 dəfə görüşə gəlmiş, lakin hər üç uşaq bütün bu 13 görüşdə tələbkarla görüşmək istəməmişlər. Onun vəsatəti əsasında Nizami rayon İcra şöbəsinə psixoloq-mütəxəssis cəlb edilmiş, uşaqların fikirləri öyrənilmiş, uşaqlarla söhbət aparılmış, lakin yenə də uşaqlar tələbkar ilə görüşmək istəməmişlər. İcra məmuru icranın mümkün olmaması barədə qərar qəbul edərək, icra sənədini Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Lakin tələbkar icra məmurunun qərarının ləğv edilməsi üçün şikayətlə məhkəməyə müraciət etsə də, şikayətinin əsaslı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəticədə məhkəmə xx.xx.2024-cü il tarixdə şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Lakin sonradan birinci instansiya məhkəməsi hər hansı əsas olmadan tələbkarın şikayəti əsasında həmin qərardadı ləğv etmiş və şikayətə yenidən baxılan zaman onların fikirlərini, icra məmurunun fikirini, Məhkəmə Ekspertizası Mərkəzinin müxtəlif tarixlərdə verdiyi rəyləri, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə almamış, Ailə Məcəlləsinin, Konstitusiyanın, “Uşaq hüquqları haqqında” Qanunun, “Uşaq hüquqları haqqında” Konvensiyanın, Ali Məhkəmənin Plenum Qərarının, Mülki Prosessual Məcəllənin, “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq heç bir sübut olmadan şikayətin təmin edilməsi barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur; 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir; 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür; 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3459/2021 saylı qərardadına əsasən X6 övladları - xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X12 ilə atanın iştirakı olmadan hər həftəin şənbə günü saat 11:00-dan saat 15:00-a kimi ünsiyyətdə olmaq hüququ verilmişdir. Həmin qərardad icra olunması üçün Maraqlı şəxs1nə göndərilmiş və şöbənin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və borcluya icra sənədinin könüllü icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir. Həmin icra sənədinin icrası nəticəsində şöbə tərəfindən 20-yə yaxın akt tərtib edilmişdir. Həmin aktların bir neçəsində uşaqlarla ünsiyyətdə olmaq üçün tələbkarın şöbəyə gəlmədiyi, bir neçəsində isə borclunun uşaqları şöbəyə gətirmədiyi, digərlərində isə borclu tərəfindən şöbəyə gətirilmiş uşaqların tələbkarla ünsiyyətdə olmaq istəmədikləri qeyd edilmişdir. Eyni zamanda, uşaqların müstəqil qərar qəbul etmək iqtidarında olub-olmamasını, ona hər hansı bir təsirin göstərilib-göstərilməməsini, həmçinin belə məsələlərin uşağın psixoloji durumuna mənfi təsir etmə ehtimalının olub-olmamasını müəyyən etmək məqsədi ilə bu prosesdə mütəxəssinin (psixoloqun) iştirakı təmin edilmişdir. Psixoloq uşaqlarla aparılmış ünsiyyət nəticəsində onların atası ilə qalmaq istədiklərini müəyyən etmiş, eyni zamanda, uşaqlara bu məsələdə hər hansı bir psixoloji təzyiqin göstərilməməsi qənaətinə gələrək, bu barədə rəy vermişdir. Digər psixoloji rəydə uşaqların ata və anası arasında olan söz-söhbətin təsir altında olduqlarının aydın göründüyü, uşaqların ata və anası arasında olan söz-söhbətin təsiri altına düşdükləri və baş verənlərdən yorulduqları, onları ailədəki vəziyyət və gedən söhbətlər təsir altına saldığı, uşaqlarda hər hansı bir travmatik halın aşkar edilmədiyi göstərilmişdir. Göstərilənlərin nəticəsi olaraq, Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3459/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tələbkar da bu nəticə ilə razılaşmayaraq, həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qüvvədə olan qanunvericilik uşaqlardan ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququnu təsbit etmiş və bu valideynin həmin hüququnu qoruyur. Eyni zamanda, qanunvericilik uşaqlara münasibətdə valideynlərdən hər hansı birinə üstünlük hüququ verməmiş və onların hər birinə uşağın mənəvi və fiziki inkişafında və təhsilində iştirak etmək, uşağın bir insan fərdi kimi formalaşıb cəmiyyətin sağlam üzvünə çevrilməsi istiqamətində tədbirlər görmək üçün eyni imkanlar yaratmışdır. Qeyd edilənlər bu qəbildən olan məsələlərin və mübahisələrin həll edilməsi zamanı ilk növbədə uşağın mənafeyinin üstün tutulmasını şərtləndirir və valideynlər arasında olan ziddiyyətli münasibətlərin əsas götürülməsini istisna edir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxs onların anasıdır (tələbkar) və həmin uşaqların onun himayəsinə verilməsini məhkəmə qaydasında mübahisələndirir. Onun uşaqların fiziki və psixi sağlamlığına, onların əxlaqi inkişafına hər hansı formada zərər yetirməsi (hazırda və ya birgə yaşayan dövrdə) müəyyən edilmir. Ümumiyyətlə o, borclu ilə aralarında yaranmış mübahisənin nəticəsi olaraq uşaqlarından ayrı düşmüş və uşaqlardan fərqli olaraq Bakı şəhərində deyil, Mingəçevir şəhərində yaşayır. Mövcud vəziyyətdə onun uşaqları ilə ünsiyyətdə olması yalnız Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3459/2021 saylı qərardadı üzrə verilmiş icrası sənədinin icrası qaydasında mümkündür. Tələbkar da həmin icra sənədinə əsasən yaradılmış hüquqi imkanlardan istifadə edərək, (bir neçə hal istisna olmaqla) uşaqları ilə ünsiyyətdə olmaq üçün mütəmadi olaraq yaşadığı Mingəçevir şəhərindən Maraqlı şəxs1nə gəlmiş, lakin uşaqlar istəmədiyindən onlarla ünsiyyətdə ola bilməmişdir. Uşaqların ünsiyyətdən imtina etməsi ilə bağlı əsas dəlilləri tələbkarın onları tərk edib getməsidir. Uşaqların bu mövqedən çıxış etdiyi bir halda, ünsiyyətdə olmaq imkanlarının tam olaraq aradan qalxması nəinki tələbkarla uşaqların arasında soyuqluğun yaranması, ümumiyyətlə münasibətlərinin birdəfəlik kəsilməsi ilə nəticələnəcəkdir. Qeyd edilənlər də tərəflər arasında uşaq tələbindən irəli gələn mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının tələbkarın xeyrinə hüquqi nəticələr yaratsa belə, onların icrasını çətinləşdirmiş, hətta qeyri-mümkün etmiş olacaq, hazırki vəziyyətdə isə tələbkarı mümkün olan yeganə ünsiyyət (ən azı uşaqları görmək) imkanından məhrum edəcəkdir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə əsas olmuş mülki işə artıq iki instansiya məhkəməsi tərəfindən baxılmış və nəticədə qəbul edilmiş məhkəmə aktları ilə uşaqlar borclunun yanında saxlanılmışdır. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin bu barədə 2(103)- 276/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tələbkar tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və hazırda həmin məhkəmənin icraatındadır. Başqa sözlə, uşaq tələbindən irəli gələn mübahisə hələ də davam edir. Qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə tələbkarın uşaqları ilə ünsiyyətdə olmasını hüquqi baxımdan təmin edən icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Bu da öz növbəsində Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi apardığı araşdırmanın nəticəsi üzrə haqlı olaraq Maraqlı şəxs1 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədini Maraqlı şəxs1nə qaytarmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar