Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-162/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-89/2021 saylı, 24 fevral 2021ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borclu “Borclu" MMC-yə məxsus "Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ’’Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Santafe" minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tələbkar MMC Borclu MMC-yə pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmiş və icra sənədi icra şöbəsinin icraatına 17.12.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu “Borclu" MMC tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun “xxxx” İnformasiya Sistemində əmlak vəziyyətinin yoxlanılış və borclu MMC-yə məxsus "Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ’’Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Santafe" minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-89/2021 saylı, 24 fevral 2021ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək göstərmişdir ki, tələbkara barışıq sazişi üzrə ümumi ödənilməli olan 17789,09 manat məbləğin 5220 manat hissəsi barışıq sazişi imzalanan gün ödənilmişdir, hazırda onların tələbkara ümumilikdə 12569,09 manat borcu var, buna baxmayaraq icra məmuru dəyəri mövud olan məbləğdən dəfələrlə çox olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat vermiş və rayon məhkəməsi əsassız olaraq təqdimatı təmin etmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etmişdir. Borclunun şikayəti Məhkəmənin eyni saylı, 30 mart 2021-ci il tarixli qərardadla təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və təqdimata tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1939/2020 nömrəli, 04.11.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar MMC-nin Borclu MMC-yə pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. Həmin barışıq sazişinə əsasən Borclu MMC-nin Tələbkar MMC-yə borcu cəmi 17,789.09 (14,265.00 manat əsas, 3,524.09 manat ƏDV borcu olmaqla) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-89/2021 saylı, 24 fevral 2021ci il tarixli qərardadı ilə Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək borcluya məxsus "Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ’’Nissan X-Trail” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi L200” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Santafe" minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Borclunun məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, Borclu MMC tərəfindən Tələbkar MMC-nin hesabına, həqiqətən də, 5220 (beş min iki yüz iyirmi) manat borc ödənilmiş, bununla da borclunun tələbkara 12,569,09 manat borcu qalmışdır (i/v 39- 41). Bununla əlaqədar borclu şikayətində qeyd etmişdir ki, barışıq sazişinə əsasən tələbkara borc hissə-hissə olmaqla ödənilir. Bundan başqa, rayon məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulan avtomobillərin ümumi dəyəri borclunun tələbkara olan borcundan dəfələrlə çoxdur. Beləliklə, həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması əsassız olmuş və mütənasiblik prinsipini pozmuşdur. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Beləliklə, Kollegiya qeyd edir ki, borclunun mütənasibliklə bağlı şikayətinin dəlili əsaslıdır. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən Mülki Prosessul Məcəllənin 263-cü maddəsini nəzərə almadan tərəflərin iştirakını da təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 263-cü maddəsində məhkəmə qərardadlarının çıxarılması qaydası müəyyən edilmişdir. Məcəllənin 263.6-cı maddəsində isə birmənalı şəkildə təsbit edilmişdir ki, məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Qeyd olunanlardan da müəyyən olunur ki, məhkəmə qərardaddından verilmiş şikayətə proses iştirakçılarına iclasın yeri və vaxtı barədə məlumat verməklə məhkəmə iclasında baxılmalıdır. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərə məlumat vermədən və onların iştirakı olmadan baxmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan (borclunun tələbkara olan borcu ilə sözügedən avtomobillərin üzərinə həbs qoyulması arasındakı mütənasiblik məsələsi) xüsusatlar araşdırılmaqla təqdimata yenidən baxılması üçün şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və təqdimata tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-89/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-162/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-162/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver