Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-162/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayətə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, X2nun Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)-140/2023 nömrəli qərardadından Borclu MTK-nın şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 23 iyun 2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarını ləğv edib icra işinin icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(005)-2331/2019 nömrəli qətnaməsi ilə onun cavabdeh Borclu Mənzil Tikinti Kooperativinə qarşı ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehdən 25345 manat məbləğdə pul vəsaiti və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və icra olunması üçün göndərilmişdir. Borclu MTK-nın rəhbəri X1 icra məmuru tərəfindən borcun ödənilməsini tələb etsə də, o, borcu qərəzli olaraq ödəmədiyinə görə icra məmuru onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək inzibati xəta haqqında iş materialını Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 3(005)481/2021 nömrəli qərarı ilə Borclu MTK-nın rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Borclu inzibati xəta törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə olunsa da və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə xəbərdarlıq edilsə də yenə də qətnaməni qərəzli olaraq icra etməkdən boyun qaçırır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Borclu MTK-nın rəhbəri X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Həmin təqdimatın icra olunması İstintaq İdarəsinin Faiq adlı əməkdaşına həvalə edilmişdir. Lakin Faiq adlı əməkdaş həmin 25345 manat məbləğdə borcun 10000 manatını ödətdirsə də, qalan 15345 manat məbləğdə borcun ödənilməsində və ya Borclu MTK-nın rəhbəri X3 barəsində heç bir tədbir görməmiş və ********* nömrəli cinayət işinə xitam verərək işi İcra şöbəsinə göndərmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X10 23 iyun 2022-ci il tarixdə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnaməsinin icrasına 01 oktyabr 2020-ci il tarixdə başlanılsa da 25345 manat borcun bir qismi ödənilmiş, 15000-ə yaxın məbləği isə ödənilməmiş qalmışdır. Borclu barəsində inzibati tənbeh tətbiq edilmiş, cinayət işinin başlanması üçün təqdimat verilsə də borclu hüquqi şəxsin direktoru X3 təqsiri sübuta yetirilmədiyindən icraata xitam verilmişdir. Lakin qeyd olunmalıdır ki, göstərilən hallar həmin şəxs barəsində qanuna müvafiq tədbirlərin davam etdirilməsinə mane olmamaqla, ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olan məhkəmə qərarının icrasız qalması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir.
5. Borclu MTK qərardaddan şikayət verərək ləğv olunmasını, tələbkarın şikayətinin təmin olunmamasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru mümkün bütün icra tədirlərini görmüş, lakin qətnamənin icrasının təmin edilməsi üçün yönəldilə biləcək hər hansı əmlak və ya pul vəsaiti aşkar edilə bilmədiyi üçün icrası mümkün olmamışdır. Eyni zamanda, Borclu MTK-nın fəaliyyəti dayandırılmışdır. Belə olduğu təqdirdə, icra işinin yenidən icraya yönəldilməsinin heç bir əhəmiyyəti olmayacaqdır. Çünki, tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak, pul vəsaiti mövcud deyil. “İcra haqqında” Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Qanunun da tələbindən görünür ki, icra işinin yenidən icraya göndərilməsi üçün bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsasların aradan qalxması zəruridir. Yəni borclunun aktiv fəaliyyətə başlaması, gəlir əldə etməsi, hər hansı daşınar və ya daşınmaz əmlak əldə etməsi və ya tələbkarın borclunun mövcud vəziyyətində hər hansı dəyişikliyin olmasına dair sübut təqdim etməsi zəruridir. Lakin, məhkəmədə Borclu MTK-nın gəlirlərinin mövcud olması, hər hansı daşınar və ya daşınmaz əmlaka sahib olması, aktiv fəaliyyətə başlaması barədə hər hansı sübut təqdim edilməmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır.
11. Borclu şikayətini onunla əsaslandırır ki, qətnamənin icrasının təmin edilməsi üçün yönəldilə biləcək hər hansı əmlak və ya pul vəsaiti aşkar edilə bilmədiyi üçün icra işinin yenidən icraya yönəldilməsinin heç bir əhəmiyyəti yoxdur.
12. Kollegiya şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Hazırkı işdə də, icra məmuru qərarını bu maddənin tələbləri baxımından əsaslandırmış, borcluda tələbin yönəldilə biləcəyəi əmlak və gəlirlər olmaması qənaətinə gəlmişdir. Belə olanda halda birinci instansiya məhkəməsi ilkin olaraq icra işini tələb etməklə bu xüsusatları araşdırmalı idi.
13. İş materiallarının 15-16-cı vərəqəsində olan məhkəmə iclasının protokolundan görünür ki, 03 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında icra işinin təqdim edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə sorğu göndərilməsi və icra işi təqdim edilənədək məhkəmə iclası 13 aprel 2023-cü il tarixə təxirə salınmışdır. Lakin bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə icra işinin təqdim olunması ilə bağlı sorğu göndərilməmiş və icra işinin təqdim olunması ilə bağlı heç bir məlumat yoxdur.
14. Halbuki, məhz icra işinin materiallarını nəzərdən keçirmədən hansı icra tədbirlərinin görülməsi, hansı tədbirlərin görülməli olduğu aydınlaşıdıra bilməz və qeyd olunan xüsusatlar araşdırılmadan obyektiv qənaətə gəlinməsi mümkün deyildir.
15. Bundan başqa, birinci instansiya məhkəməsi qərarın ləğv olunması və icra tədbirlərinin davam etdirilməsi qənaətinə gələrkən hazırkı mərhələdən sonra icra məmurunun konkret olaraq hansı tədbirləri görməli olmasını qeyd etməmişdir. Məhkəmə yalnız qərardadın əsaslandırıcı hissəsində hazırkı mərhələdən sonra icra məmurunun konkret olaraq hansı tədbirləri görməli olmasını qeyd etdikdən sonra icra tədbirlərinin davam etdirilməsi qənaətinə gələ bilərdi.
16. Lakin, birinci instansiya məhkəməsi bu nüansların heç birinə toxunmadan, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı ümumi fikirlərdən istifadə etməklə, əsaslandırılmamış qərardad qəbul etmişdir ki, bu da qərardadın ləğv olunması üçün əsasdır.
17. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 23 iyun 2022-ci il tarixli qərarından Borclu MTK-nın şikayətinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadından Borclu MTK tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 8(005)- 140/2023 nömrəli qərardadı ləğv edilsin və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icrası mümkün olmayan “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 23 iyun 2022-ci il tarixli qərarından Borclu MTK tərəfindən verilmiş şikayət yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev