Məhkəmə qərarları › İş №8(103)-163/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-163/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-163/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin 50%-nin depozit hesablarına yönəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 8(007)-65/2024 saylı qərardadından borclu X5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. X9 Vitalyeviç ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3035/2023 nömrəli qətnaməsi ilə bağlı verilmiş icra sənədi üzrə icra üsulunu və qaydasını dəyişərək, onunla iddiaçı Tələbkar birgə nikahından olan 11 dekabr 2015-ci il təvəllüdlü X8 və 14 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında tutulan ümumi aliment məbləğinin 50%-nin (aylıq qazancın 1/6 hissəsi) uşaqların depozit hesablarına yönəldilməsi, uşaqların depozit hesabına yönəldilən məbləğin 1/2 hissəsinin (aylıq qazancın 1/12 hissəsi) 11 dekabr 2015- ci il təvəllüdlü X8 depozit hesabına, 1/2 hissəsinin (aylıq qazancın 1/12 hissəsi) isə 14 dekabr 2017-ci il təvəllüdlü X3 depozit hesabına köçürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3035/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilmiş, aliment hissəsində tərəflərin birgə nikahından olan 11 dekabr 2015-ci il təvəllüdlü X8 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün 26 sentyabr 2023-cii il tarixdən başlayaraq, onun hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-3035/2023 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, Tələbkar verilməsi qət edilmişdir. Hesab edir ki, hazırda onun tərəfindən ödənilən aliment məbləği kifayət qədər ciddi məbləğ təşkil edir və bir uşağa görə 2024-cü il üçün müəyyən edilmiş minimumdan (235 manat) 3,5 dəfə çoxdur. O, hesab edir ki, uşaqların gələcəkdə nüfuzlu ali təhsil müəssisəsində oxuması və artacaq digər xərclərinin qarşılanması məqsədilə ödənilən aliment məbləğinin bir hissəsinin toplanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin 50%-i uşaqların depozit hesablarına yönəldilməlidir. Sözügedən məbləğin depozit hesablara yönəldilməsi, uşaqların hazırda olan mənzil şəraitinə, təhsilinə, məişət ehtiyaclarına hər hansı təsir göstərməyəcək.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-65/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclu uşaqların saxlanması üçün ödədiyi alimentin, uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumdan artıq olduğunu və ödənilən alimentin hamısının tələbkar tərəfindən uşaqların saxlanması üçün xərclənmədiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, məhkəmə iclasında uşaqların təhsilinə, əlavə məşğələlərə cəlb edilməsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Borclu ödədiyi alimentin yarısının uşaqların hesabına köçürülməsini xahiş etsə də, bu hal uşaqların tərəflərin birgə yaşadıqları dövrdə və hazırda olan maddi təminatının aşağı düşməsinə səbəb ola bilər.

5. Birinci instansiyası məhkəməsi qərardadını “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələri; Ailə Məcəlləsinin 55.3-cü maddəsi; Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarına; Aərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası “Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli 04/2023 saylı qərardadına istinadla əsaslandırmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Borclu X5 nümayəndəsi-vəkili Vəkil2 həmin qərardaddan elektron məhkəmə sistemi vasitəsilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəf olaraq cavabdeh məhkəmədə iddiaçı ilə (tələbkar) birgə nikah dövründə müxtəlif dövrlərdə apardığı yazışmanı təqdim etmişdir. Bu yazışmalarda müəyyən olunur ki, hal-hazırda cavabdeh tərəfindən ödənilən 1500 manat məbləğində aliment məbləği uşaqların saxlanması üçün kifayət qədər məbləğ təşkil edir və onların əvvəlki dövrdə olan həyat səviyyəsi, o cümlədən əlavə xərclər (rəqs, idman və s.) tam həcmdə ödənilir. Hətta, bütün xərclər ödənildikdən sonra, iddiaçının sərəncamında müəyyən məbləğ də qalır ki, həmin məbləğ uşaqların adına açılmış bank hesablarına depozit şəklində köçürülə bilər. Lakin, Məhkəmə həmin yazışmalara qiymət verərkən, onlara lazımi qiymət verməmiş, iddiaçının “Amma yazışmalarda qeyd olunan xərclər adi günlərdə gündəlik xərclərə aiddir” şifahi arqumentini qəbul edərək, ərizəni təmin etməmişdir. Hesab edir ki, aliment məbləğinin qismən depozitə yönədilməsi üçün iddiaçı tərəfin göstərdiyi kimi “ödənilən aliment məbləği 7000 manat və daha çox olsa idi, ondan ərizənin təmin edilməsi məsələsini müzakirə etmək olardı” arqumenti də əsassızdır. Cavabdeh tamamilə sübut etmişdir ki, 1500 manat məbləğində ödənilən alimentdən də depozit məbləğinə köçürmə həyata keçirə bilər

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-65/2024 saylı 27 mart 2024-cü il tarixli qərardadından borclu X5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

11. 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

12. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

14. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

15. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

16. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

17. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

18. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

19. 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

20. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

21. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 22.13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış ban hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

26. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 04/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadının 41-ci bəndinə görə ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

27. Göründüyü kimi ailə qanunvericiliyinə görə aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

29. Qeyd edilməlidir ki, aliment məbləği, “uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması”, “boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın həyatında baş verə biləcək dəyişikliklərin minimuma endirilməsi” prinsipləri əsas tutularaq müəyyən olunmalıdır. Uşağın saxlanılması, tərbiyəsi və təhsili ilə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulduğundan, tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanı, ödənilən alimentin uşağın qeyd olunan ehtiyaclarını tam qarşıladıqdan sonra artıq vəsaitin qaldığı və həmin vəsaitin uşağa deyil, başqa məqsədlərə sərf olunduğu halda mümkündür. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.

30. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri əsas götürərək qeyd edir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan imkanın tətbiq oluna bilməsi üçün məhkəmə tərəfindən aliment alan valideynin buna münasibəti, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmaması və s. bu kimi hallar nəzərə alınmalıdır.

31. Bu baxımdan qeyd olunan hallarla bağlı sübutetmə vəzifəsi bunu iddia edən, yəni alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini irəli sürən tərəfin üzərinə düşməlidir. Bu zaman ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Tərəf sübuta yetirməlidir ki, uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğundur.

32. İş materiallarından isə göründüyü kimi ərizəçi-borclu tərəfindən aliment qismində ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməməsini, alimentin 50 faiz hissəsinin uşaqlarının adına açılmış bank hesabına köçürüləcəyi zaman uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının mümkün olcağını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

33. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və uşaqların ehtiyaclarını, onlar üçün xərclənən pul vəsaitlərini, təhsilini, uşaqların maraqlarını nəzərə alaraq hesab edir ki, borclu tərəfindən tələbkara ödənilən alimentin məbləğinin 50 faizinin 11 dekabr 2015-ci il təvəllüdlü X8 və 14 dekabr 2017-ci il təvəllüdlü X3 adına (hər birinə bərabər hissədə olmaqla) açılan bank hesablarına köçürülməsi uşaqların yaşayış səviyyəsinin əvvəlki səviyyədə saxlanılmasına mane ola bilər.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu X5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-65/2024 saylı 27 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar