Məhkəmə qərarları › İş №8(103)-164/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-164/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-164/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair ərizəsi barədə icraat üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 1130 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

2. Tələbkar Əzimov X4 rayon İcra şöbəsinin barəsində şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 1130 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu bu günə kimi borcundan heç bir məbləğ ödəməmişdir. xx.xx.2022-ci il tarixində 13445№e72799/2020-5- 41-010 saylı məktubla Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin imzası ilə “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” tələbkar və borcluya məlumat verilmişdir. İş üzrə heç bir hərəkətin aparılmadığını görərək 06 dekabr 2022-ci il tarixində 73 saylı məktubla Şirvan şəhər İcra şöbəsinə müraciət etmişdir. Lakin, bu günə kimi müraciəti cavabsız qalmışdır. Göründüyü kimi, cavabdeh qurumun bu cür hərəkətsizliyi, öz qanuni öhdəliyini icra etməməsi, təsisçisi olduğu "xxxx" MMC-yə çatası maddi ziyan kimi dəymiş zərərdən məhrum edir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Şirvan rayon İcra şöbəsinin Tələbkar xx.xx.2022ci il tarixli, 73№-li ərizəsinə münasibət bildirməməsi qanunsuz hesab edilməklə icra şöbəsinin üzərinə tələbkarın ərizəsi ilə bağlı münasibət bildirilməsi vəzifəsi qoyulmuşdur.

5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Tələbkar tərəfindən icra şöbəsinə ünvanlanan ərizə ilə bağlı hər hansı münasibətin bildirilməməsi onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd etmişdir ki, icra məmuru tərəfindən borclunun ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışsa belə, bu hal icra məmurunu qeyd olunan məsələ ilə bağlı rəsmi münasibət bildirilməsi, yəni müvafiq qərar qəbul edilməsi vəzifəsindən azad etmir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallardan göründüyü kimi Nəsimi rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, xx.xx.2020-cı il tarixli icra sənədi üzrə Borclu cəmi 1130 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra məmuru məhkəmənin göndərdiyi icra vərəqini bu günə kimi icra etməmiş və bu barədə təşəbbüs belə göstərməmişdir. Bunu icra işi barədə toplanmış materiallara nəzər salanda da görmək olar. Məhkəmə onun şikayətini “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərman ilə əsalandırmış və buna əsasən qərardad qəbul etmişdir. Halbuki, yazdığı şikayətin təsviri hissəsindən də görünür ki, onun şikayəti, Şirvan rayon İcra Şöbəsinin icra işinin icra etməməsi ilə bağlıdır. O, “Vətəndaşların müraciəti haqqında” Qanuna istinad etməyərək müraciətinə cavab verilməsi ilə əlaqədar şikayət etməmişdir. Məhkəmənin iclas vaxtı iş materialları məhkəmənin icra işini tələb etməsinə baxmayaraq icra şöbəsi tərəfindən icra işi məhkəməyə təqdim olunmamışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 8(006)-118/2023 saylı qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

13. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

15. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun

16. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

17. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

18. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

19. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

20. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

22. Həmin Qərarında “İcra haqqında” qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, Tələbkar Şirvan rayon İcra şöbəsi barəsində «icra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında» şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.

24. Belə ki, hazırki işin müəyyən olunmuş hallarından göründüyü kimi şikayətçi tələbkar olduğu icra sənədi üzrə icra şöbəsinin (icra məmurunun) yol verdiyi hərəkətsizliyindən, o cümlədən göndərdiyi ərizənin cavablandırılmadığından, narazı olduğunu bildirir. Mübahisələndirilən qərardaddan isə birinci instansiya məhkəməsinin müvafiq istiqamətdə araşdırma aparması, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verilib-verilməməsinin yoxlandığı görünmür. Məhkəmə Tələbkar tərəfindən icra şöbəsinə ünvanlanan ərizə ilə bağlı hər hansı münasibətin bildirilməməsini onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməklə kifayətlənmişdir.

25. Halbuki şikayətin dəlilləri nəzərə alınmaqla bu zaman araşdırma icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin və ya hərəkətsizliyinin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi, həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılmalı, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilib-verilməməsi, icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi və s. yoxlanılmalıdır.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə lazımi icra hərəkətlərinin aparılıb-aparılmadığını araşdırmalı, hərəkətsizliyə yol verilb-verilmədiyini icra şöbəsinə münasibətdə yox, icra sənədinin icrasını həyata keçirməli olan icra məmuruna münasibətdə qeyd olunan icra sənədi üzrə açılmış icra işini və s. sənədləri tədqiq etməklə yoxlamalıdır.

27. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, hazırki qərardad ləğv edilməli, iş Tələbkar Şirvan rayon İcra şöbəsi barəsində «icra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında» şikayətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını, icra işinin məhkəmə təqdim edilməsini təmin etməklə zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir.

28. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-118/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla şikayətə yenidən baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məhəmməd Rüstəmli Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar