Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-164/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nizami Rayon Məhkəməsinin 2(007)-71/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 73625 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-də yerləşən 11 saylı evin 102-ci mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satışa çıxarılmalı və mənzilin satışından əldə edilmiş məbləğdən Borclu kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan 50000 (əlli min) ABŞ dolları əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 18450 (on səkkiz min dörd yüz əlli) ABŞ dolları faiz borcu, 5175 (beş min yüz yetmiş beş) ABŞ dolları cərimə borcu, cəmi 73625 (yetmiş üç min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində borcu icra edildiyi günə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq tutulmalıdır. Cavabdehlər X5, X4, X6 və X7 mənzilə tutma yönəldildikdən sonra bir ay ərzində həmin mənzildən çıxarılmalı, ipoteka predmeti olan mənzilin satışından artıq qalan məbləğ X3 qaytarılmalıdır. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərov Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-71/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclunun digər işi üzrə əşyalar mənzildən çıxarılmış və tələbkar İbrahimli Əlinin saxlancına verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi tələbkar İbrahimli Əlinin saxlancında olan Borclu məxsus əşyaların üzərinə həbs qoyulmalı və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq ediməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu məxsus siyahıya alınmış əmlakların, yəni 1) qonaq otağı – “Samsung” markalı TV, “LG” markalı Art Cool – 1 ədəd kondesioner, 2 ədəd divan, 1 ədəd kreslo, 10 ədəd stul, 1 ədəd stol, 1 ədəd qırmızı rəng – dolab, 2 ədəd – künc dolab, 1 ədəd xalça, 1 ədəd TV stend, 1 ədəd çilçıraq, 3 ədəd çay servisi, 1 ədəd böyük güldan, 23 ədəd suvinir, 2 ədəd suvinir gəmi, boşqab dəstləri, bakallar, 1 ədəd saat divar; 2) giriş – hol – 1 ədəd güldan – dəmir, 1 ədəd oturacaq, 1 ədəd saat, 1 ədəd çilçıraq, 1 ədəd köhnə telefon, 1 ədəd dolab; 3) yataq otağı – 1 ədəd dolab, 1 ədəd termo, 1 ədəd yataq dəsti, 1 ədəd – gitara, 1 ədəd zinger paltar tikən maşın; 4) uşaq otağı – 1 ədəd uşaq mebeli, uşaq ayaqqabıları, oyuncaqlar, 1 ədəd “Sony” fotoaparat, “Daikin” – 1 ədəd – kondesioner; 5) yataq otağı – 1 ədəd yataq dəsti, 2 ədəd dolab – içərdə paltar və ayaqqabı müxtəlif sayda, 45 ədəd qadın eynəyi, 6 ədəd qol saatı; 6) mətbəx – 1 ədəd “Sony” TV, 1 ədəd “Hitachi” – soyuducu, 1 ədəd “Nofrost” soyuducu, 1 ədəd mətbəx stolu, 1 ədəd mətbəx mebeli, 1 ədəd “LG” Art Cool – kondisioner, 1 ədəd tozsoran və aşkar olunan qızılları – 6,7 qr. sep – balaca böcək klon, 5 qr. “Nikolay”, ürək formasında klon, 4 qr. – sepin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(006)-8/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-8/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-8/2024 saylı qərardadı ləğv edilmiş və Nəsimi rayon İcra Şöbəsinin Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxılması təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus siyahıya alınmış əmlakların üzərinə həbs qoyulmuşdur. Borclu qərardaddan şikayət etmiş, Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor və qab-qacaq və mətbəx ləvazimatına tələbin yönəldilməsi qadağandır. Borclu AR Nazirlər Kabinetinin 5 iyun 2002-ci il № 89 Qərarına istinad etmişdir. Məhkəmə tərəfindən sözügedən Qərarın və “İcra Haqqında” Qanunun 49-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. İcra məmuru tərəfindən qeyd olunan halların heç biri göstərilməmiş, verilmiş təqdimat kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə tərəfindən icra işi tələb edilmədən, qeyd olunan hallar ətraflı araşdırılmadan əsaslandırılmamış təqdimatın təmin edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir( maddə 45.7). İşdən görünür ki, borclu icra sənədinin icrası istiqamətində hər hansı hərəkət etməmiş, borcu könüllü ödəməkdən yayınmışdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq, borcluya məxsus əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı borclunun və ailə üzvlərinin hüquqlarının pozulmasının qarşısını almağa, icra tədbirləri nəticəsində onları zəruri ehtiyaclardan məhrum etməməyə yönəlmişdir. Lakin bu halda borclunun vəziyyəti qərarın müvafiq bəndi ilə müəyyən edilmiş qaydanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etmir. Üstəlik də həmin əmlakların üzərinə həbs qoyulmaqla borclunun barəsində olan digər icra sənədinin icrasına yönəldilməsi həmçinin də borclunun borcundan silinmələrin aparılmasına, tələbkarın hüquqlarının bərpasına və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına xidmət edən hal kimi məqsədəmüvafiq hesab edilir. Borclu barəsində olan icra sənədlərində tələbkarlar fərqli olsa da, borclu eyni şəxsdir və onun barəsində olan icra işləri bir icra şöbəsində olmaqla, bir icra sənədi üzrə tələbkarın eyni borclu barəsində digər icra sənədində xəbəri olması qeyri-adi bir hal deyildir. Məhkəmə bir daha müəyyən etmişdir ki, borclu, barəsində olan icra sənədləri üzrə icraatdan xəbərdardır, lakin özü könüllü şəkildə hər hansı tədbir görməmişdir. Hətta, hazırkı təqdimata təkrar baxılması təyin edildikdən sonra keçən müddət ərzində də borclu ona məxsus əmlakın əldə edilməsi üçün hər hansı əməli addım atmamışdır. Hazırkı günədək də borclu ona məxsus əmlaklara sahib çıxmamaqla həmin əmlaklara zəruri ehtiyacı olduğunu nümayiş etdirməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-164/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-164/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver